Məhkəmə qərarları › İş №2(003)-2697/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2697/2020

28.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2697/2020 28.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 6, 12 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Dəmiryolçular küçəsi döngə 6-da yerləşən 12 saylı evi cavabdehlər Cavabdeh1 və X2 xx xxxxxxx 2019-cu il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə Bakı şəhəri 7 saylı notariat kontorunda rəsmiləşdirməklə almışdır. Alqı-satqı müqaviləsini Azərbaycan Respubliası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edib adına dövlət reyestrindən xx xxxx 2020-ci il tarixdə ********** nömrəli çıxarış almışdır. Müqavilə notarial qaydada təsdiq olunduqdan sonra həmin mənzil onun istifadəsinə verilmişdir. Cavabdehlər evi ona satdıqdan sonra həmin vaxtdan öz əmlaklarını da götürüb bu evdən köçmüşlər. Hazırda o həmin evin xüsusi mülkiyyətçisidir. Cavabdehlər sözügedən evi ona satdıqdan sonra öhdəlik götürmüşlər ki, satdıqları evdən xx xxxxxx 2019-cu il tarixə qədər qeydiyyatdan çıxacaqlar. Lakin cavabdehlər hələ də onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxmamışlar. Belə olan halda onun mülkiyyət hüquqları məhdudlaşır və o mülkiyyətçi kimi sərbəst şəkildə xüsusi mülkiyyətimdə olan evə dair sərəncam verə bilmir. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlərin məhkəməyə məlum olan axırıncı ünvanına göndərilmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin surətindən görünür ki, Cavabdeh1 və X4 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 6, 12 saylı evi İddiaçı satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 6, 12 saylı evtam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş materillarında olan Bakı şəhəri Xəzər RPİ QvŞV şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 6, 12 saylı evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 6, 12 saylı evi xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsası ilə Cavabdeh1 və X2 alaraq mülkiyyətinə keçirmişdir və hazırda cavabdehlər formal olaraq ona məxsus evdə qeydiyyatda olsalar da, həmin evdə alqı satqı həyata keçirildikdən sonra yaşamamışlar. İddiaçı cavabdehlərin istifadə hüquqlarının itirilməsini tələb etsə də, cavabdehlərin mübahisəli mənzilində istifadə hüququ alqı satqı müqaviləsi bağlandıqdan sonra itirilmişdir və hazırda onların mübahisəli mənzilə istifadə hüququ müəyyən edilmir. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi və ya itirilmiş hesab edilməsi üçün əvvəlcə hüququn olması müəyyən edilməlidir. Cavabdehlərin mənzilə istifadə hüququnun olması müəyyən edilmədiyindən istifadə hüququnun itirilməsi barədə tələb də təmin edilə bilməz. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olması isə mənzilə istifadə hüquqlarının olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Ona görə də cavabdehlərin mənzildən istifadə hüququnun olması müəyyən edilmədiyindən iddiaçının istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməməlidir. Məhkəmədə iddiaçı tərəf cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürməsini yalnız onların həmin mənzildən qeydiyyatdan çıxara bilmədiyi ilə əsaslandırmışdır. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququnun olması müəyyən edilməyən cavabdehlərin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Bu qətnamə Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 6, 12 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar