Məhkəmə qərarları › İş №2(003)-2711/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2711/2024

22.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2711/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 sentyabr 2008-ci il təvəllüdlü X5 və 04 iyul 2010-cu il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən, hazırda əmlaklarının olduğu fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qaynıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1682/2020 saylı, xx.xx.2020-ci il qətnaməsi ilə birgə nikahdan doğulmuş 16 sentyabr 2008-ci il təvəllüdlü X5 və 04 iyul 2010-cu il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılması, cavabdeh X3 İddiaçı xeyrinə, 16 sentyabr 2008-ci il təvəllüdlü X5 və 04 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 18 may 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Uşaqların atası və faktiki nikahda olduğu X10 mübahisəli fərdi yaşayış evini 2002-ci ildə tikmişdir. O da gəlin kimi 23 dekabr 2006-cı il tarixdə həmin evə gəlmişdir. Bunu sübut edən video disk də mövcuddur. Birlikdə yaşadıqları dövrdə həmin evdə əlavə otaqlar və mətbəx tikmişlər. Uşaqların atası və faktiki nikahda olduğu X10 uzun sürən xəstəlikdən sonra xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2022-ci ilin oktyabr ayından uşaqlarla birlikdə dava-dalaşdan sonra zorla həmin evi tərk etməli olmuş və daha sonra cavabdeh - qaynı Cavabdeh onu evə buraxmamışdır. Hazırkı tarixədək onun bütün cehiz əmlakları həmin ünvandadır. Cehiz əşyaları, ona məxsus əmlaklar cavabdehin səhlənkarlığı ucbatından və baxımsızlıqdan korlanmaq üzrədir. Hazırda onun və uşaqlarının yaşamaq üçün başqa yaşayış yerləri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbinin dəlillərini müdafiə edərək əlavə olaraq bildirdi ki, 23 dekabr 2006-cı il tarixdə X10 ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin tarixdən etibarən də Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən, hazırda əmlaklarının olduğu fərdi yaşayış evinə köçmüşdür. V.İbrahimovla olan qeyri-rəsmi nikahlarından iki uşaqları doğulmuşdur. V.İbrahimovla yaşadıqları dövrdə, yəni 2015-ci ildə evdə öz hesablarına artırmalar edərək, əlavə iki otaq və sanuzel tikmişlər. Belə ki, evə köçəndə onlara aid bir otaq olmuşdur. Evlər ayrı-ayrı bir daşın altında yerləşir. Hazırda cehiz əşyaları, eləcə də ona məxsus digər əşyalar da həmin evdədir. 2020-ci il tarixdə V.İbrahimovla aralarında olan söz-söhbətdən sonra məcburi şəkildə evdən çıxmışdır. Lakin 2022-ci ilə qədər ara-sıra evə gedib gəlmişdir. Hazırda cavabdeh - qaynı Cavabdeh onu və uşaqları evə buraxmır. Onların isə Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən evdən başqa yaşamaq üçün evləri yoxdur. Göstərilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə təqdim etdiyi etirazın dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçının köçmək istədiyi evin yerləşdiyi torpaq sahəsi atasına məxsus olmuşdur. Lakin bu barədə rəsmi sənədləri mövcud deyil. Bununla belə torpaq sahəsində 1999-cu ildən başlayaraq bir neçə ilə atası tərəfindən mübahisəli ev inşa edilmişdir. İddiaçı 2006-cı ildən mərhum qardaşı V.İbrahimovla qeyri-rəsmi nikaha daxil olaraq həmin evdə yaşamışdır. Lakin sonradan aralarında söz-söhbət düşdüyündən onlar həyətdən çıxıb başqa yerdə qaldılar. Təxminən 2016-cı ildə mərhum qardaşı ilə iddiaçı həmin evdə bir otaq tikmişlər. Qardaşı otaq artıranda o da usta kimi kömək etmişdir. İddiaçı 2020-ci ilə kimi qeyd olunan evdə ara-bir yaşamış, 2022-ci ilin sonundan bu günə qədər isə mübahisəli evdə yaşamamışdır. Hazırda iddiaçının yaşamaq üçün başqa yeri vardır. Qeyd olunanlara əsasən eləcə də mübahisəli evin qardaşı tərəfindən deyil atası tikildiyini də nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəfindən çağırılmış şahid X7 ifadəsində bildirmişdir ki, iddiaçı həmin Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən evə 2006-cı ildə gəlin köçmüşdür. Əvvəl iddiaçı ilə mərhum yoldaşı V.İbrahimov həmin evdə 1 otaqda qalırdılar. Uşaqları dünyaya gəldikdən sonra Vahid və Həcərin birgə yaşadıqları dövrdə onlar yenə otaq artdırdılar. Ev Vahid tərəfindən tikilib və tikilməsinə qonşular da kömək edib, hətta işığın çəkilməsinə qonşu Elxan da köməklik etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəfindən çağırılmış şahid X4 ifadəsində bildirmişdir ki, iddiaçı mübahisəli evə 2006-cı ildə gəlin köçmüşdür. 17 il həmin evdə yaşamışdır. Ev Vahidin olmuşdur. Həmin ev Vahidin özü tərəfindən tikilmişdir. Onlara gəlibgetdikdə cavabdehi orada görməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh tərəfindən çağırılmış şahid X8 ifadəsində bildirmişdir ki, o, cavabdehin bacısıdır, 2011-ci ilə qədər mübahisəli evdə yaşamış, ailə həyatı qurduqdan sonra evdən çıxmışdır. Ev atası tərəfindən tikilmişdir. Vahidin hər hansı köməkliyi olmamışdır. Vahid ailəli olduqda isə 1 otaq və hamam otağı artırmışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh tərəfindən çağırılmış şahid X9 ifadəsində bildirmişdir ki, cavabdehin anası ilə qohumdur. Daha sonra qızını cavabdehə ərə vermişdır, yəni onun həmin ailə ilə həmişə gediş-gəlişi olmuşdur. Bu səbəbdən də evdə baş verən məsələlərdən xəbəri olmuşdur. Mübahisəli evlə bağlı onu qeyd edir ki, ev cavabdehin atası tərəfindən tikilmişdir. Hətta evin tikilməsində o da usta kimi köməklik etmişdir. Vahid özü sonradan 1 otaq artırmışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə X17 oglu xx.xx.2006-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 16 sentyabr 2008-ci il təvəllüdlü X5 və 04 iyul 2010-cu il təvəllüdlü X6 doğulmuşdur. Xəzər rayon Məhkəməsinin 2(003)-1682/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşaqlar iddiaçının himayəsində saxlanılmış və hər uşağa görə 125,0 manat olmaqla, cəmi 250,0 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin 2(003)-800/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin 2(003)-1682/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh X3 İddiaçı xeyrinə 16 sentyabr 2008-ci il təvəllüdlü X2 və 04 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 190,0 manat olmaqla, cəmi 380,0 (üç yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİ 363720 nömrəli 21 sentyabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 oglu 07 avqust 2023-cü il tarixdə “Beyin odemi” səbəbindən ölmüşdür. Məhkəmə tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən ünvana keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvanda yerləşən mübahisəli ev 1 qonaq otağı, 2 yataq otağı, mətbəx və sanuzeldən ibarət olmaqla 3 otaqdan ibarətdir. Həmçinin iddiaçıya məxsus əşyalar evin bir otağındadır. Evin vizual görünüşündən müəyyən edilir ki, evə əlavə otaqlar artırılmışdır. Yerli baxış zamanı 2 otaq, dəhliz və sanuzelin iddiaçının faktiki nikahda olduğu dövrdə iddiaçı və mərhum Vahidin vəsaiti hesabına inşa edildiyi həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq edilmişdir. Beləliklə işin faktiki hallarından müəyyən edildiyi kimi iddiaçı ilə X17 oglu xx.xx.2006-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən evə köçmüşdür. Həmin nikahdan 16 sentyabr 2008-ci il təvəllüdlü X5 və 04 iyul 2010-cu il təvəllüdlü X6 doğulmuşdur. Həmçinin işin faktiki hallarından görünür ki, mübahisəli ev iddiaçının gəlin köçdüyü vaxta qədər tikili olmaqla yaşayışa yararlı olmuşdur. Bununla yanaşı işin mübahisəsiz hallarından görünür ki, iddiaçı X17 oglu ilə qeyrirəsmi nikaha daxil olaraq mübahisəli evə gəldikdən sonra evdə müəyyən artırmalar edilmiş və həmin artırmalar iddiaçının və mərhumun vəsaiti hesabına həyata keçirilmişdir. Bu hal məhkəmə iclasında iddiaçı və cavabdeh tərəfindən dindirilmiş şahid ifadələri, eləcə də cavabdehin izahatı ilə də təsdiq edilmişdir. Göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən fərdi yaşayış evi özbaşına tikili olmuş, iddiaçı həmin evə gəlin köçmüş, cehiz əşyaları eləcə də ona aid olan əmlaklar həmin evdədir. Eyni zamanda iddiaçı faktiki nikahda olduğu V.İbrahimovla birlikdə həmin tikilidə müəyyən artırmalar etmişlər. İddiaçı 2020-2022-ci illər aralığında həmin evə ara-sıra gedib gəlmiş, lakin hazırda cavabdeh iddiaçıya və azyaşlı uşaqlarına həmin evdə yaşamağa maneə törədir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə qeyd edir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, İddiaçı V.İbrahimovla faktiki nikaha daxil olmaqla həmin evdə yaşamış, bu müddət ərzində iddiaçı V.İbrahimovla birlikdə evdə artırmalar etmişlər. Həmin ev faktiki olaraq mövcuddur və hazırda yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının və azyaşlı uşaqları istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının və azyaşlı uşaqlarının həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının və azyaşlı uşaqlarının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan halda iddiaçının və azyaşlı uşaqlarının da həmin evdə yaşamasını təmin etmək məqsədi ilə İddiaçı, 16 sentyabr 2008-ci il təvəllüdlü X5 və 04 iyul 2010-cu il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən tikiliyə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilərək İddiaçı, 16 sentyabr 2008-ci il təvəllüdlü X5 və 04 iyul 2010-cu il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən, fərdi yaşayış evinə köçürülməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı, övladları - 16 sentyabr 2008-ci il təvəllüdlü X5 və 04 iyul 2010-cu il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şimal Qress qəsəbəsi, Dənizkənarı 76 ərazisində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar