Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2802/2022 08.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı evdən çıxarılma tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0550 ha torpaq sahəsindən və həmin sahədə yerləşən fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqı Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında, 0.0550 ha torpaq sahəsində yerləşən, sahəsi 53.10 kv.m olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2919/2018 N-li 31 avqust 2018-cı il tarixli icra sənədinin icrası nəticəsində tələbkar "xxxx" X1 ASC-nin (hazırkı "xxxx" ASC) mülkiyyətinə keçmiş, 06 may 2022-ci il tarixli AN-İ seriyalı ******* N-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə o, həmin fərdi yaşayış evini 27300 manata "xxxx" ASC-dən almışdır. Qeyd olunan bütün faktlara və adı çəkilən fərdi yaşayış evinin qanuni mülkiyyətçisi olmasına baxmayaraq cavabdehlər ona məxsus fərdi yaşayış evində qanunsuz yaşamaqla mülkiyyətində olan əmala daxil olmasına, ondan istifadə etməsinə maneəçilik törədirlər. Evdən çıxmaları ilə bağlı dəfələrlə cavabdehlərə müraciət etsə də, nəticəsi olmamışdır. Odur ki, pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mülkiyyət hüququ fərdin ayrılmaz hüquqlarından biri olub istər milli, istərsə də beynəlxalq qanunvericilikdə qorunması xüsusi önəm daşıyır. İşə baxılması zamanı Cavabdeh6 iş üzrə cavabdeh qismində cəlb olunmuşdur. Bundan sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və Cavabdeh6 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0550 ha torpaq sahəsindən və həmin sahədə yerləşən fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Cavabdeh3 aid hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmuna oxşar izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən 10 nömrəli ev əvvəllər onun mülkiyyətində olmuşdur. Oğlu, Cavabdeh1 "xxxx" ASC-dən kredit götürmüş və həmin zaman o. Həmin evi bank qarşısında girov qoyumuşdur. Krediti ödəyə bilməmişlər və bank məhkəməyə müraciət etmişdir. Sonda isə həmin ev açıq hərracdan satılmışdır. Hazırda isə çöldə qalmışlar və yaşamaq üçün başqa evlər olmadığından evi tərk etmək istəmirlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, "xxxx" ASC-dən kredit götürmüş və atasına məxsus Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən 10 nömrəli ev kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İlk vaxtlar vaxtı-vaxtında ödənişlər etmiş, lakin sonradan anasının səhəti pisləşmişdir. Bununla bağlı maddi imkanı pisləşmiş və ödənişlər edə bilməmişdir. Əvvəllər bankla razılıq əldə etməyə çalışmış, lakin bank razılaşmamışdır. Daha sonra isə ev hərraca çıxarılaraq satılmışdır. Hazırda ailəsi ilə birlikdə yaşamağa başqa yerləri olmadığından həmin evi tərk etmək istəmirlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, qardaşı Cavabdeh1 bankdan kredit götürmüş və yaşadıqları evi ipoteka ilə yüklü etmişlər. Qardaşı əvvəllər vaxtı-vaxtında ödənişlər etmiş, lakin sonrada anasının xəstəliyi ilə əlaqədar ödənişlər edə bilməmişdir. Hazırda onun da həmin torpaq sahəsində evi var və o, arvadı Cavabdeh6 ilə birlikdə həmin evdə yaşayır. Ona görə də iddianı qəbul etmir. İş üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2919/18 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, "xxxx" İKB ASC-nin xeyrinə 2014-cü 11 noyabr tarixli kredit müqaviləsi üzrə cəmi 16980,62 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutulmalı, tutma Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonn, Şağan qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 2 otaqlı, 53,1 kv.m ümumi, 29,7 kv.m yaşayış, 23,4 kv.m yardımçı sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinə yönəldilməli, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 2 otaqlı, 53,1 kv.m ümumi, 29,7 kv.m yaşayış, 23,4 kv.m yardımçı sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi ilkin şatış qiyməti 40000 manat olmaqla açıq hərracdan satılmalı, satışdan əldə olunan pul vəsaiti "xxxx" İKB ASC-nə olan borcun qaytarılmasına yönəldilməli, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 2 otaqlı, 53,1 kv.m ümumi, 29,7 kv.m yaşayış, 23,4 kv.m yardımçı sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmalıdırlar. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı "xxxx" ASC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 53,1 kv.m olan fərdi yaşayış evini və 0.055 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə alıcı İddiaçı ümumilikdə 27300 manata satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. Daşınmaz əmlak ümumi sahəsi 53,10 kv.m fərdi yaşayış evindən və 0.0550 ha torpaq sahəsindən ibarətdir. İşin hallarından müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 əvvəllər kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə "xxxx" ASC (Nikoyl İKB ASC) qarşısında yüklü edilmiş, məhkəmə icra sənədinə əsasən həmin daşınmaz əmlak açıq hərracda satılmış və alıcı "xxxx" ASC-nin özü olmuş, daha sonra həmin daşınmaz əmlakı bankdan iddiaçı almışdır. Hal-hazırda cavabdehlər həmin daşınmaz əmlakda yaşamaqla istifadə edirlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 203.1-ci maddəsin əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı mübahisə predmeti olan ünvan 1 daşınmaz əmlakı qanuni əsaslarla əldə etmiş və onun mülkiyyət hüququ müvafiq çıxarış verilməklə Dövlət reyestrində qeydə alınmışdır. İş üzrə cavabdehlər isə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinin tələblərini pozaraq hələdə həmin daşınmaz əmlakı tərk etməmişlər və qanuni əsasla əldə edilmiş əmlak onun mülkiyyətçisinə təhvil verilməmişdir. Mülkiyyətçinin razılığı olmadan cavabdehlərin hazırda həmin daşınmaz əmlakda yaşamaqla istifadə etmələri qanuni hesab edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən cavabdehlər həmin evə dair hüquqlarını itirmişlər. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0550 ha torpaq sahəsindən və həmin sahədə yerləşən fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsi və ev boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.0550 ha torpaq sahəsindən və həmin sahədə yerləşən fərdi yaşayış evindən çıxarılsınlar, torpaq sahəsi və ev boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2802/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2802/2022
08.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver