Məhkəmə qərarları › İş №2(003)-2866/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2866/2021

18.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2866/2021 18.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə 22.01.2019-cu il tarixdə 5 saylı Bakı "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsində 159 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması, nikah bağlananadək daşıdığı soyadı-Abdullayeva saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında 22 yanvar 2019-cu il tarixində 5 saylı Asan xidmət mərkəzində nikah 159№si ilə qeydiyyata alınmışdır. Nikahları qeydiyyata alınandan sonra ona bildirdilərki külli miqdarda borclanmışlar, imkanları, yasamağa evləri olmadığı üçün toy edə bilməmişlər. Valideynləri bu üzdən onlara ayrılmış evin tikinti və təmirinə kömək etmişlər. Valideyinləri yardım etdikdən sonra məlum olmuşdur ki, Cavabdeh1 məqsədi onunla ailə qurmaq deyil, problemlərini həll etmək və ev təmir etməkdir. Aldandığını bilib toy mərasimini ləvğ etmişlər. Cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra bir gündə birgə yaşamamışlar, birgə təsərrüfatları olmmamışdır. Bu səbəbdən də hazırki nikahın saxlanması onun hüquqlarını və maraqlarını pozur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etməklə izahatında bildirdi ki, onların niyyətləri ailə qurmaq olsa da, toy olmayıb, bir yerdə ailə kimi yaşamamışlar. Buna görə də hesab edir ki, nikah etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddiaçının izahatına oxşar izahat verdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini etiraf etməklə, onun təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddiaçının iddiasının əsası kimi istinad etdiyi dəlilləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 5 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 22.01.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 317996 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X3 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22.01.2019cu il tarixdə 159 nömrə ilə qeyd edildmişdir. Nikah bağlandıqdan sonra ərə və arvada Balakişizadə soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Nikah yaşı” adlanan 10-cu, “Nikahın bağlanma şərtləri” adlanan 11-ci, “Nikahın bağlanmasına mane olan hallar” adlanan 12-ci və “Nikaha daxil olan şəxslərin tibbi müayinəsi” adlanan 13-cü maddələrinin (yəni, AM-in 13.3-cü maddəsinin) şərtlərinin pozulması halı müəyyən olunmadı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız saylımasını tələb etmək hüququna malikdir. Digər tərəfdən, qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, məhkəmə qeyd edir ki, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, həmçinin ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb olacaqdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Qanunvericinin qeyd edilən mövqeyi, müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış nikahın hüquqi nəticələrinin tanımaqla bərabər, həmçinin nikaha daxil olarkən şəxslərin iradə ifadəsinin ailə qurmaq istiqamətində olması “prezumpsiyasını” yaradır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.11.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir”. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki mübahisəyə də məhz yuxarıda göstərilən aspektdən, yəni nikaha daxil olan şəxslərin iradə ifadələrinin təfsiri aspektindən yanaşılmalıdır. İddiaçı nikahın qeydə alınsa da, onların xasiyyətlərinin bir birinə uyğun gəlmədiyi səbəbindən faktiki nikah münasibətlərinə girmədiklərinə əsaslandıraraq nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, o cümlədən, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Eyni zamanda, iddiaçı və cavabdeh bu evliliyin öz iradə ifadələri ilə qurulduğunu, ailə qurmaq niyyətlərinin olduğunu bildirmişlər. Tərəflər niyyətlərini bildirməklə ərizə ilə müraciət etmiş, 22.01.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, bir müddət keçdikdən sonra xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pozulmuşdur. Nikahın etibarsızlığını isə faktiki nikah münasibətlərinə girməməklə əsaslandırırlar. Məhkəmə, qeyd edir ki, qanunverici nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir. İşin yuxarıda göstərilən halları təsdiq edir ki, tərəflərin nikahı bağlanarkən iki şəxsin birgə ailədə yaşamaq niyyətləri durmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan əlavə, Cavabdeh1 iddiaçının iddia ərizəsində göstərilənləri etiraf etməsi qanuna ziddir və məhkəmə tərəfindən qəbul edilməməlidir. Belə ki, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, o cümlədən, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 ilə 22.01.2019-cu-ci il tarixdə 5 saylı Bakı "Asan Xidmət" mərkəzi qeydiyyat şöbəsində 159 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar