Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2891/2020 08.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, özünün uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahədə inşa olunmuş özbaşına tikili olan 5 otaqlı evə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili X2 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahədə inşa olunmuş özbaşına tikili olan 4 otaqlı evə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildə Cavabdeh1 ilə nikaha daxil olaraq Xəzər rayonu, Zirə qəsəbəsi, Natavan küçəsi, döngə 2, ev 2 ünvanına gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. 2010-2011-ci illərdə Cavabdeh1 ilə birgə nikah dövründə 2007-ci ildə hasara alınmış Zirə qəsəbəsi, Yeni sahədə torpaq sahəsi üzərində ev inşa etməyə başlamışlar. 2018-ci ildə isə 5 otaqlı evi tikib başa çatdırmış və Cavabdeh1 ilə ora köçüb yaşamağa başlamışlar. Bundan sonra bir müddət normal yaşasalar da 24.01,2020-ci il tarixdən münasibətləri pozulmuş, boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdikdən sonra Cavabdeh1 və anası Cavabdeh2 onu evdən məcbur çıxarmışdır. Hal-hazırda cavabdehlər onun Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahədə inşa olunmuş 5 otaqlı evdə uşaqları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 ilə yaşamağına imkan vermirlər. Qapının açarı və kilidini dəyişib onu və uşaqlarını ora buraxmırlar. Halbuki, həmin ev onunla Cavabdeh1 birgə nikah dövründə birgə vəsait hesabına tikilib. Onlar həmin evdə uzun müddət birgə təsərrüfat aparıb yaşamışlar. Cehiz əşyaları və birgə nikah vaxtı aldığı əşyalar həmin evdədir. Mübahisəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Qeyd edilməlidir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da. həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Qeyd olunanlara əsasən, uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahədə inşa olunmuş özbaşına tikili olan 4 otaqlı evə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, o, iddiaçı ilə 2006-cı ildə ailə qurmuşdur. Ailə qurduqdan sonra iddiaçı mübahisəli evin 3 otağına gəlin köçüb, cehizlərinin bir hissəsi də hələ oradadır. İddiaçı özü çıxıb getmişdir. Uşaqlar arada gəlib-gedir, orada qalırlar. İddiaçı istədiyi vaxt gəlib evə köçə bilər. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı onun keçmiş gəlinidir. Oğlu iddiaçı ilə 2006-cı ildə ailə qurmuşdur. Ailə qurduqdan sonra iddiaçı mübahisəli evin 3 otağına gəlin köçüb, cehizlərinin bir hissəsi də hələ oradadır. İddiaçı çıxıb getmişdir. Uşaqlar atasının yanındadır. Tərəflər boşanmışlar, hazırda bir evdə yaşamaqları mümkün deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Eyni zamanda, iddiaçı tərəfin məhkəmə iclasında verdiyi şifahi vəsatəti əsasında xx xxxxxx 2020-ci il tarixdə tərəflərin iştirakı ilə məhkəmə tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahə ünvanına keçirilən yerli baxış zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsində 4 otaqlı ev yerləşir. Evin üç otağı orta təmirli, 1 otağı isə tamamilə təmirsizdir. Cavabdeh tərəfin izahatı ilə də təsdiq olundu ki, evin 1 otağına iddiaçının cehizləri yığılmışdır. Bundan əlavə, evdə mətbəx və sanitar qovşağı vardır. Evin yarımtikili eyvanı mövcuddur. İşin araşdırılan halları ilə təsdiq olunur ki, İddiaçı Cavabdeh1 ilə 2006-cı ildə birgə nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından iki uşağı dünyaya gəlmiş, ailə qurarkən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahədə ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və həmin evdə birgə təsərrüfat aparmış, lakin sonradan ailə münasibətlərinin kəskinləşməsi nəticəsində onların münasibətləri pozulmuş və iddiaçı həmin evi tərk etməli olmuşdur. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahə ünvanında yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Bununla yanaşı, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, mövcud vəziyyətdə cavabdeh tərəfin iddiaçının mübahisə predmeti olan özbaşına tikilidə yaşamasına etiraz etmək, onun həmin tikilidə yaşamasına mane olmağa və ya onu həmin tikilidən çıxarmağa subyektiv hüququ yoxdur. Belə ki, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdeh tərəf isə həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçının əvvəllər həmin tikilidə yaşadığından və tikilini yaşamağa yararlı vəziyyətə gətirmək üçün əmək (vəsait) sərf etdiyindən cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə (tikilidə yaşamasına mane olma və etiraz etmə) qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı azyaşlı uşaqları xx xxxx 2007-ci il təvəllüdlü X4 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahə ünvanında yerləşən, Cavabdeh1 yaşadığı 4 otaqlı fərdi yaşayış evinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı azyaşlı uşaqları xx xxxx 2007-ci il təvəllüdlü X4 və xx xxxxxx 2011-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahə ünvanında yerləşən, Cavabdeh1 yaşadığı 4 otaqlı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2891/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2891/2020
08.12.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver