Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2934/2023 12.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti olmaqla Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, onunla Cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, “baş mühasib” vəzifəsinə işə götürülmüşdür. Bir müddət sonra Cavabdeh MMC öz fəaliyyətini dayandırmışdır. Həmin vaxtı ona şirkətin işini bərpa edəcəyini bildirdiklərindən, dərhal əmək müqaviləsinə xitam verilməsini tələb etməmişdir. Lakin, bu günə kimi mərkəzləşdirilmiş elektron informasiya sistemində onun Cavabdeh MMC-də işlədiyinə dair əmək müqaviləsi bildirişi mövcuddur. Belə olan halda aydın olur ki, Cavabdeh MMC öz fəaliyyətini dayandırsa da, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini təmin etməmişdir. O, ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini xahiş etmişdir. Müfəttişliyin cavab məktubunda ona bildirildi ki, müraciətdə qeyd etdiyi məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməlidir. Bundan sonra o, pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edib, onunla Cavabdeh MMC arasında başlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini xahiş etmişdir. Lakin Cavabdeh MMC fəaliyyətini dayandırdığına görə məktubunun Cavabdeh MMC-yə çatdırılması mümkün olmamışdır. Elektron informasiya sistemində onun hal-hazırda Cavabdeh MMC-də işlədiyi, yəni əmək müqaviləsinin qüvvədə olması görünür. Onun əsas iş yeri Bakı Turizm Agentliyi olmuşdur. Cavabdeh MMC isə onun əlavə iş yeri olmuşdur. Cəmiyyətin fəaliyyəti 2016-cı il tarixində dayandırılmışdır. Həmin şirkətdə 2 təsisçi olmuşdur. İmza səlahiyyətləri direktor Əhmədov Əfsunun olmuşdur. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Xidmətinin nümayəndəsi T.S.Məlikli izahatında göstərdi ki, elektron sistemə vətəndaşın əmək müqaviləsinin bağlanması və xitam verilməsi bildirişinin daxil edilməsi onun işlədiyi qurumun səlahiyyətində olmasa belə, məhkəmə qərarlarının icrası zamanı müvafiq bildirişi sistemə daxil edə bilirlər. Əlavə olaraq iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, o, əvvəllər cavabdeh cəmiyyətin qanuni təmsilçisi (direktor) kimi fəaliyyət göstərmişdir. Həmin şirkətin qanuni təmsilçisi olduğunu iddiaçının onu şahid kimi dəvət etməsindən sonra öyrənmişdir. “mygov.az” portalında onun əmək müqaviləsinə 2017-ci il tarixində xitam verilməsi qeyd edilmişdir. Lakin, o, Vergilər Nazirliyinin saytında hələ də həmin şirkətin qanuni təmsilçisi kimi görünür. Şirkət fəaliyyətini 2016-cı ildə dayandırmışdır. İddiaçı ilə o, 2017-ci il tarixində işdən çıxmışdır. İmza səlahiyyəti onda deyil, şirkətin təsisçisində olmuşdur. Onun direktor kimi geniş səlahiyyətləri olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrindən verilən arayışdan görünür ki, Cavabdeh MMC öz fəaliyyətini xx.xx.2016-cı il tarixdə dayandırmışdır. - Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdən Cavabdeh MMC-də “baş mühasib” vəzifəsində əlavə iş yeri kimi çalışmaqla aylıq əmək haqqı 200 manat təşkil edir. - İddiaçı tərəfindən cavabdeh cəmiyyətə ünvanlanmış ərizədən görünür ki, o, aralarında bağlanmış əmək müqaviləsinə xitam verməklə, əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini xahiş etmişdir. - X3 Xidmətinin Bakı şəhər İdarəsindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - 14 iyul 2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh MMC xx.xx.2023-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasia sessiyası üçün mediasiya xərcini ödəmişdir. (Mediator: Q.Q.Şaliyev). Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.6-cı maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə-Əmək Məcəlləsi) 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək münasibətləri sahəsində işçinin əsas hüquqlarındandır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilə bilər. Göründüyü kimi, iddianın qaldırılmasına səbəb şirkətin fəaliyyətinin dayandırılmasına baxmayaraq onunla olan əmək müqaviləsinə xitam verilməməsi, bununla da iddiaçının başqa yerdə işə qəbul oluna bilməməsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə hesab edir ki, hazırda işəgötürən öz fəaliyyətini dayandırdığından, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməklə, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməklə bu barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə yerləşdirilməsi hüququ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2934/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2934/2023
12.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver