Məhkəmə qərarları › İş №2(003)-2940/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2940/2020

27.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2940/2020 27.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, boşdayanmaya görə əmək haqqının tutulması və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, 157/k nömrəli əmrin ləğv edilməsi, xx xxxxxx 2020-ci il tarixli 157/K nömrəli əmrin ləğv edilməsi ilə bərabər, onun Cavabdeh MMC-yə inzibatçı vəzifəsinə bərpa olunmağı və qanunsuz işdən çıxarıldığına görə xx xxxxxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan hər aylıq 1500 manat əmək haqqının Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, "Cavabdeh” MMC tərəfindən əmək qanunvericiliyin tələblərinin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində vurulmuş mənəvi ziyan olaraq 70 000 (yetmiş min) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən qəbul edilmiş 1 İ avqust 2020-ci il tarixli, 157/k nömrəli əmrin ləğv edilməsi, xx xxxxxx 2020-ci il tarixli 157/K nömrəli əmrin ləğv edilməsi ilə bərabər, onun Cavabdeh MMC-yə inzibatçı vəzifəsinə bərpa olunmağı və qanunsuz işdən çıxarıldığına görə xx xxxxxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan hər aylıq 1500 manat əmək haqqının Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, "Cavabdeh” MMC tərəfindən əmək qanunvericiliyin tələblərinin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində vurulmuş mənəvi ziyan olaraq 70 000 (yetmiş min) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi, Cavabdeh MMC tərəfindən “İdeal” mağazasının Əcəmi filialı üzrə fevral 2020-ci il tarixdə təyin edilmiş satış planı üzrə müəyyən edilmiş məbləğdən artıq satış icra edildiyi üçün ona təyin edilən 384 manat pul mükafatının və mart 2020-ci il tarixdə Angelina beauty brendi üzrə müştəri günü keçirilməsi ilə əlaqədar müəyyən edilmiş satış planı üzrə məbləğdən 3 dəfə artıq satış icra olunması ilə əlaqədar ona təyin edilən 70 manat pul mükafatının Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2015-ci il tarixdə onunla “İdeal” (indiki “Cavabdeh" MMC) şirkəti arasında rəsmi əmək müqaviləsi imzalanmış və inzibatçı vəzifəsinə təyin edilmişdir. İşlədiyi 5 il müddətində əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirmişdir. Əmək müqaviləsində iş saatı 8 saat göstərilsə də, o, hər gün səhər saat 09:00-dan axşam saat 11:00 radələrinə qədər işləmişdir. Hər gün işə gələn zaman və işdən gedən zaman bioskana vurduğu barmaq izi bu halı təsdiq edir. Belə ki, 5 ildən artıqdır ki, gecə-gündüzü olmadan Adore Kompanı "MMC”-də əmək funksiyasını icra etmişdir. O, İdeal şirkətinin Əcəmi filialında inzibatçı vəzifəsində çalışsa da, həmçinin oranın fəhləsi də olmuşdur. Mövcud pandemiya şəraitində mart ayından etibarən ödənişsiz məzuniyyətdə olmuşdur. xx xxxxx 2020-ci il tarixdən yenidən işə başlamış və xx xxxx 2020-ci il tarixə qədər əmək müqaviləsi üzrə əmək funksiyasını icra etmişdir. Pandemiya ilə əlaqədar olaraq 22 iyunda mağaza bağlanmışdır. İyun ayında mağazanın açarını anbar işçilərinə təhvil vermişdir. Məlum olmayan səbəblərdən xx xxxxxx 2020-ci il tarixdə ona zəng edərək, “Sizi şirkətin baş direktoru Samir Əliyev gözləyir” deyiblər. Nə olduğunu soruşduqda, onu “ideal” şirkətinə məxsus paketdə başqa bir şəxsə ətir yollamaqda ittiham etmişlər. O, xx xxxxxx 2020-ci il tarixdə baş idarəyə gedərək baş direktor Samir Əliyev ilə görüşmüş və onun izahat yazmağını tələb etmişlər. xx xxxxxx 2020-ci il tarixdə onu baş ofisə çağırmışlar. O, baş ofisə gedərkən məlum olub ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxarıblar. O, hansı əsasla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verilməsini soruşmuşdur. Onlar “sən “ideal” paketində başqa bir şəxsə ətir göndərərək şirkətin nüfuzuna ciddi xələl vurmusan” demişlər. O, onlara kimə ətir göndərdiyini və ətiri haradan aldığını bildirsə də, onlar onu dinləməmişlər və istehza ilə “hər şey aydındır, özünü yorma, çoxlu sübutlarımız var” deyərək psixoloji təzyiq göstərmişlər. Sonra xx xxxxxx 2020-ci il tarixdə ona rəsmi qaydada göndərilmiş məktubda “xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verildiyi göstərilmişdir. O, həkimi Ziba xanım ilə əlaqə saxlayaraq ondan tibbi məsləhətlər alardı. Lakin həkimi ondan verdiyi tibbi məsləhətə görə pul götürmürdü. O, xx xxxxxx 2020-ci il tarixdə uzun müddət tanıdığı və ailəvi dostluq münasibəti olan Asif bəyə zəng edərək ona topdan satışdan həkiminə hədiyyə vermək üçün ətir almasını xahiş etmiş, sonuncu da ətiri alaraq ona gətirmişdir. O, ətiri özündə olan ideal paketinə qoyaraq Asiflə həkimə göndərmişdir. Həkimə zəng edərək hədiyyə olaraq ətir göndərdiyini, lakin həmin ətrin ideal şirkətinə məxsus olmadığını demişdir. Bu halı həkim Ziba xanım da təsdiq edə bilər. O, illərdir ki, ideal şirkətində fəaliyyət göstərdiyi zaman müxtəlif məhsullar almış və həmin məhsullara dair idealın paketini saxlamışdır. Həkimə göndərdiyi ətri də özündə olan idealın paketinə qoymuşdur. Üzərində ideal yazısı olan paketdən istifadə etməyilə hansı qanun pozuntusuna yol verdiyi və şirkətə hansı qaydada maddi ziyan vurmağı isə ona məlum deyil. Yəni onun həkim Ziba xanıma hədiyyə olaraq ətir göndərməyinin onunla Cavabdeh MMC arasında imzalanmış əmək müqaviləsinin tələblərini pozulması ilə heç bir əlaqə yoxdur. Cavabdeh MMC xx xxxxxx 2020-ci il tarixdə, xx xxxxxx 2020-ci il tarixli, 0685 saylı məktub ünvanlayaraq göstərir ki, “Sizinlə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixli, 157/k nömrəli əmrlə xitam verilmişdir”. Qoşma olaraq məktuba əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 157/k nömrəli Əmrdə göstərilir ki, “İddiaçı kommersiya departamentinin pərakəndə satış şöbəsinin inzibatçısı ilə bağlanmış xx xxxx 2015-ci il tarixli 211 nömrəli Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin c və c bəndlərində sadalanan hallar) təqsirli hərəkətlər nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, habelə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi səbəbindən vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin”. Lakin xx xxxxxx 2020-ci il tarixli, 157/k nömrəli Əmrdə onun hansı hal üzrə əmək vəzifələrinin kobud şəkildə pozulmasına yol verdiyini və onunla bağlanmış əmək müqaviləsinin hansı bəndi, hansı vəzifə təlimatı və onun hansı öhdəliklərini lazımı qaydada yerinə yetirmədiyi, hansı təqsirli hərəkəti nəticəsində mülkiyyətçiyə ziyan vurmağı, əmək fəaliyyəti zamanı hansı kobud səhvlərə yol verdiyi, hansı hüquq pozuntusu nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməyi qeyd olunmamış və bununla da əmək müqaviləsinin ləğv edilməsinin əsası qeyri-müəyyən göstərilmişdir. Bununla yanaşı, əmək müqaviləsinə hansı tarixdən xitam verilməsi əmrdə göstərilməmişdir. Bununla da cavabdeh təşkilat AR Əmək Məcəlləsinin bir çox tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Cavabdeh MMC əsassız olaraq onu Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən azad etmişdir. Həmin müqavilə üzrə onun aylıq əmək haqqı 1500 (min beş yüz) manat təşkil etmişdir. Cavabdehin qanunsuz əmri ilə işdən azad olunmağı səbəbindən həmin əmək haqqından da məhrum olmuş və ona maddi ziyan dəymişdir. Cavabdeh MMC-nin bu məzmunlu əmrlə onu işdən çıxartması, qanunvericliyin tələblərini kobud şəkildə pozması həmin əmrin ləğv edilməsi üçün əsasdır. Onun istəyindən asılı olmayaraq, məcbur olaraq işindən olmuş, iş buraxmağa görə də əmək müqaviləsi üzrə nəzərdə tutulmuş əmək haqqını ala bilməmişdir. Nəticə etibarı ilə buraxılmış dövr ərzində hesablanmış əmək haqqı məbləğləri onun xeyrinə ödənilməlidir. Cavabdeh tərəfindən qeyd olunan pozuntunun həyata keçirilməsi təkcə onun əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının deyil, eyni zamanda işlədiyi müddətdə iş yoldaşlarının yanında mənəvi cəhətdən sarsılmağına səbəb olmuşdur. Çünki heç bir hüquqi əsas olmadan işdən çıxarılmağı mənəvi əzab və iztirablar çəkməyi ilə nəticələnmişdir. X7 filialında inzibatçı vəzifəsində fəaliyyət göstərməyi, iş yoldaşları ilə xoş münasibətlərinin olması, və şairəyə hallara baxmayaraq, iş yoldaşlarından bəziləri nə üçün belə olduğunu soruşsalar da, heç onun özünə də bəlli olmadığından cavab verməmişdir. xx xxxxxx 2020-ci il tarixdə baş ofisdə olarkən isə müvafiq əməkdaşların ona qarşı kinayəli baxaraq özünü günahkar kimi hiss etməyi üçün olunan psixolji təzyiq nəticəsində bu günə qədər iztirab çəkir. İllərini şirkətin fəaliyyətinə həsr etmiş bir işçi olaraq ona qarşı olunan bu cür haqsız və əsassız yanaşma onu məhv edir. Odur ki, cavabdeh təşkilat ona vurulmuş mənəvi ziyanı da ödəməlidir. Mənəvi ziyan tərəfindən 70.000 manat müəyyən edilir. Bu səbəbdən də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsaslanaraq xx.xx.2020-ci il tarixdən azad edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli 157/K nömrəli əmrin ləğv edilməsi, xx xxxxxx 2020-ci il tarixli 157/K nömrəli əmrin ləğv edilməsi ilə bərabər, onun işə bərpa olunmağı və qanunsuz, işdən çıxarıldığına görə xx xxxxxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməli, cavabdeh tərəfindən əmək qanunvericiliyin tələblərinin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində vurulmuş mənəvi ziyan olaraq 70 000 (yelmiş min) manat məbləğində ödəniş ona ödənilməlidir. Bundan əlavə satış planı üzrə təyin olunmuş məbləğdən artıq satış icra etdiyi üçün ona təyin edilmiş pul mükafatlarının da cavabdehdən onun xeyrinə tutulmasını istəyir. Qeyd olunanlara əsasən, Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, 157/k nömrəli əmrin ləğv edilməsi, xx xxxxxx 2020-ci il tarixli 157/K nömrəli əmrin ləğv edilməsi ilə bərabər, onun Cavabdeh MMC-yə inzibatçı vəzifəsinə bərpa olunmağı və qanunsuz işdən çıxarıldığına görə xx xxxxxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan hər aylıq 1500 manat əmək haqqının Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, "Cavabdeh” MMC tərəfindən əmək qanunvericiliyin tələblərinin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində vurulmuş mənəvi ziyan olaraq 70 000 (yetmiş min) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi, Cavabdeh MMC tərəfindən “İdeal” mağazasının Əcəmi filialı üzrə fevral 2020-ci il tarixdə təyin edilmiş satış planı üzrə müəyyən edilmiş məbləğdən artıq satış icra edildiyi üçün ona təyin edilən 384 manat pul mükafatının və mart 2020-ci il tarixdə Angelina beauty brendi üzrə müştəri günü keçirilməsi ilə əlaqədar müəyyən edilmiş satış planı üzrə məbləğdən 3 dəfə artıq satış icra olunması ilə əlaqədar ona təyin edilən 70 manat pul mükafatının Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 2015-ci ildə Cavabdeh MMC-yə işə qəbul olunmuşdur. Sonradan onlara məlum olmuşdur ki, iddiaçı MMC-yə məxsus paketlərdən istifadə edərək başqa marka ətri müştəriyə göndərib, bununla Cavabdeh MMC-nin nüfuzuna və gəlirlərinə zərər gətirir. Qanunvericiliyə müvafiq qaydada işçinin əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əvvəllər də belə işlər görməsi, yəni başqa marka ətirlər alaraq İdeala məxsus paketlərdə göndərməsi barədə şaiyələr olmuşdur. Lakin Sevil xanım heç nəyə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Sonuncu dəfə bu hadisə baş verəndə, iddiaçı özü izahat verib imza çəkmişdir. İddiaçıya izahat yazarkən heç bir təzyiq olmamışdır. Əgər təzyiq olmuşdursa, iddiaçı bu barədə polisə müraciət edərdi. Hazırki iddia tamamilə əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 ifadəsində bildirmişdir ki, o, Sevil ilə 12 ildir ki, ailəvi dostluq edir. Sevil ondan işə çıxa bilməyəndə nə xahiş etsə, o, təmənnasız etmişdir. Sevil İdeal ilə bağlı ondan heç nə xahiş etməyib. O, iki dəfə iddiaçının həkiminə ətir aparıb. Ətir İdealın paketində olub. Ətiri aparanda polis onu saxlamış, o, ətrin hədiyyə olduğunu, özü aldığını bildirmişdir. Sevil ona demişdir ki, ətri öz pulu ilə alsın, sonra qaytaracaq. O, ailə işlərində Sevil xanıma çox köməklik edib. Sevil həkimi olan Ziba xanıma İdeal paketində olan ətrin başqa ətir olduğunu bildirmişdir. Ətri o başqa firmadan almışdır. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “xxxx” MMC-də administrator vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 157/K saylı əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ( 72-ci maddənin c və e bəndlərində sadalanan hallar) təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, habelə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi səbəbindən vəzifəsindən azad edilərək, əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmr ilə tanış olmaq və ona əmək kitabçasını təqdim etmək məqsədilə ofisə dəvət olunmuşdur. Lakin İddiaçı əmri ilə tanış olduqda imzalamaqdan imtina etmiş və etik normaları aşaraq özü yazdığı xx.xx.2020-ci il tarixli izahatını yırtıb ləğv etmişdir. İlk olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir, işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 72-ci maddəsinin c və e bəndlərinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı administrator vəzifəsində işlədiyi Cavabdeh MMC-yə məxsus olan paketdə başqa firmaya məxsus ətiri bir neçə dəfə həkiminə göndərmiş, onun bu hərəkəti işəgötürən tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirilərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (72-ci maddənin c və e bəndlərində sadalanan hallar) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsassız olduğunu irəli sürərək, xx xxxxxx 2020-ci il tarixli, 157/k nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli izahatın surətindən görünür ki, o, Əliyev Asifdən xahiş etmişdir ki, ona “malekul” ətir tapsın. Asif ətiri tapmış, o, ətiri klinikaya aparmağı Asifdən xahiş etmişdir. O, məhsulun müştəriyə “İdeal” şirkətinə məxsus paketdə və şirkətin məhsuluymuş kimi çatdırıldığını bilməmiş, qeyd edilən formada məhsulun müştəriyə təqdim edilməsinin müştərini aldatmaq və şirkətin prestijinə, gəlirinə, mənfəətinə zərər vurduğunu qəbul edir. Etdiyi hərəkətin səhv olduğunu bilir. Bunu etməyinə səbəb bir müddətdir maaş almamağı və pula ehtiyacının olması olmuşdur. İddiaçı həmin izahatın onun tərəfindən yazıldığını qəbul etmiş, onu Asif adlı şəxsin polis bölməsindən azad olunması üçün yazdığını bildirsə də, öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun bu dəlilini yalnız məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs təsdiq etmiş, lakin məhkəmə işin tədqiq olunan halları ilə uyğunlaşmayan, iddiaçının maraq və mənafeyinə uyğun verilən şahid ifadəsini inandırıcı saymamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı işlədiyi Cavabdeh MMC-yə məxsus olan paketdə başqa firmaya məxsus ətiri müştəriyə göndərməklə, şirkətin nüfuzuna və gəlirlərinə zərər vurmuş, bunu öz izahatı ilə təsdiq etmiş, əmək vəzifələrini kobud şəkildə pozmuş, bununla da onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Odur ki, Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, 157/k nömrəli əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi üçün əsas yoxdur və iddia tələbi həmin hissədə təmin edilə bilməz. Eyni zamanda, iddia tələbinin işə bərpa olunan günə kimi ödənilməli olan hər aylıq 1500 manat əmək haqqının tutulması hissəsinə dair məhkəmə qeyd edir ki, həmin hissənin təmin edilməsi iddiaçının işə bərpa olunması ilə əlaqədar olduğundan, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. İddiaçı təyin edilmiş satış planı üzrə müəyyən edilmiş məbləğdən artıq satış icra edildiyi üçün iddiaçıya təyin edilən mükafatların ödənilməsini xahiş etmiş, lakin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, öz tələbini həmin hissədə əsaslandıran sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə öz əsasını tapmamışdır. Məhkəmə, həmçinin, iddiaçının ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, o tələbinin cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddia tərəfi cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4cü maddələrində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, boşdayanmaya görə əmək haqqının tutulması və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, boşdayanmaya görə əmək haqqının tutulması və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar