Məhkəmə qərarları › İş №2(003)-2943/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2943/2022

23.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2943/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 ilə birlikdə cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 03 mart 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları vardır: xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3334 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Həmçinin Xəzər Rayon Məhkəməsinin 2(003)-1928 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aliment təyin olunmuşdur. Onlar ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşayırdılar. Lakin cavabdehlə münasibətləri pisləşdikdən və boşandıqdan sonra cavabdeh nə onu, nə də övladlarını həmin evə buraxmır, onlara orada yaşamağa imkan vermir. Hal-hazırda iki övladı ilə birlikdə valideynlərinin yanında yaşayırlar. Qardaşı və valideynləri onlara baxmır. Məhkəmə qaydasında aliment təyin olunsa da, cavabdeh alimenti vaxtı vaxtında ödəmir və borcu yığılır, bu da ona və övladlarına çətinlik yaradır Ailə üzvləri çox olduğuna görə qardaşı və ailəsi də onlarla, yəni atasıgillə yaşayır. Buna görə də evdə sıxlıq yaşanır. Bundan da o narahat olur. İşləmədiyinə görə kirayəyə də çıxmağa imkanı yoxdur. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli ev nikahdan əvvəl cavabdeh tərəfindən tikilmişdir. Evləndikdən sonra həmin evdə birlikdə yaşamışlar. Əvvəl əsəbi olub evdən getmişdir. İndi isə ailəsi ilə birlikdə yaşamaq onlara çətindir. Cehizləri hazırda mübahisəli evdədir. Təxminən 2 il yarımdır evdən çıxıb. Cavabdeh tərəflə mübahisəli olsalar da, lazım gələrsə gedib orada yaşaya bilər. İş üzrə Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, mübahisəli ev ona məxsusdur. Ev 2004-2005-ci ildə tikilib. Evin sənədləri yoxdur. Evi özü tikib, 12 sot torpaqda 5 otaqlı evdir. O, 2006-cı ildən anası ilə həmin evdə yaşayır. O, iddiaçı ilə həmin evdə 13 il yaşayıb. Onlar 2006-cı ildə ailə qurub. İddiaçı 2 il 5 ay olar evdən çıxıb gedib. İddiaçı evdən getdikdən sonra boşanma ilə bağlı müraciət edib, daha sonra boşanmışlar. Boşandıqdan sonra isə iddiaçı alimentin tutulması və artırılması barədə tələblər irəli sürüb. Cehiz əşyaları evdədir. O, dəfələrlə cehizlərin çıxarılması üçün iddiaçıya müraciət etsə də, iddiaçı cehizlərini aparmamışdır. O, İddiaçı qarşı cehiz əşyalarının çıxarılması barədə iddia qaldıran kimi iddiaçı hazırkı ərizə ilə müraciət etmişdir. İddiaçının mübahisəli evə ehtiyacı yoxdur, orada yaşamaq niyyəti də yoxdur. Əvvəlki məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X1 iddia tələbini qəbul etmədi və bildirdi ki cavabdeh onun qardaşıdır. Mübahisəli ev onun qardaşı və anası tərəfindən tikilmişdir. İddiaçını illərdir ata evində yaşayır, evə ehtiyacı yoxdur. İş üzrə Cavabdeh və Maraqlı şəxs məhkəməyə etiraz ərizəsi göndərmişlər. Ərizədə bildirilir ki, iddiaçı və cavabdeh 2006-cı il tarixdə qeyri-rəsmi nikaha daxil olmuş, sonradan 2009-cu ildə rəsmi olaraq nikaha daxil olmuşlar. Yaşadıqları torpaq sahəsində olan fərdi yaşayış evi 2004-cü ildə öz hesablarına tikdirmişlər. İddiaçı və cavabdehin münasibətləri pozulduğundan, iddiaçı 2 il 5 ay olar ki uşaqları da götürüb evdən çıxıb öz valideynlərinin yanına getmiş və bu günə kimi geri qayıtmamışdır. Aralarındakı nikah Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. O, məhkəmə qətnaməsinə əsasən vaxtı-vaxtında uşaqların alimentini ödəyir. O, iddiaçının əmlakları yaşadığı evdə yer tutduğundan məhkəmə qaydasında çıxarılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-3334/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Əzizbəyov (Xəzər) rayon qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə aliment tutulması qərara alınmış. Məhkəmənin 2(003)-3036/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, ev 20-də qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evi hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. İşin məhkəmə iclasında araşdırılan hallarına, tədqiq edilən sənədlərə, o cümlədən tərəflərin izahatlarında öz əksini tapan bu və ya digər hallara əsasən müəyyən olunur ki, mübahisəli yaşayış evi 2004-cü ildə cavabdeh tərəfindən tikilmişdir. İddiaçı ilə Cavabdeh 2006-cı ildə faktiki olaraq, 2009-cu ilin mart ayında rəsmi olaraq nikah münasibətlərinə daxil olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində birlikdə yaşamağa başlamışlar. Həmin fərdi yaşayış evinin tərəflərin nikaha daxil olmasından əvvəl cavabdehin vəsaitləri hesabına onun tərəfindən inşa edilməsi mübahisələndirilmir. İddiaçı 2019-cu ildən həmin mübahisəli Bakı şəhəri, Şüvəlan qəsəbəsi Gülçülük sovxozu ünvanında yerləşən evi tərk edərək, ailəsinə məxsus ünvanda yaşamış, bu müddət ərzində həmin evə geri dönməmiş və məhkəmədə bununla bağlı iddia qaldırmamışdır. Lakin onların faktiki olaraq ayrı yaşadıqları vaxtda iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə aliment tutulması, bundan sonra, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların nikahının pozulması qərara alınmışdır. İddiaçı daha sonra alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı yalnız indi, təqribən üç il sonra evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından özbaşına tikili kimi qiymətləndirilsə belə, mövcud qanunvericilikdə özbaşına tikilidən istifadə hüquqlarının yaranması və xitamı qaydaları tənzimlənmədiyindən hazırkı mübahisəyə qanunun analogiyası qaydasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi tətbiq edilməli və mübahisə mahiyyətcə eyni qaydada həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün tələb olunan təməl şərtlərdən biri yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasıdır. Həmin qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) mümkündür. Konstitusiya məhkəməsinin qeyd edilən bu qərarındakı hüquqi mövqeyindən belə müəyyən edilir ki, iddiaçının yaşayış sahəsindən istifadə hüququnun təmin edilməsi üçün onun yaşayış sahəsinə ehtiyacının olması tələb olunur. Hazırkı iş üzrə irəli sürülmüş iddia tələbi iddiaçının mübahisəli evə köçürülməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, evə köçürülmə özlüyündə köçürülən şəxsin mübahisəli evdən qanunvericiliklə nəzərdə tutulmuş istifadə hüququnun yaranmasına səbəb olmasa da, mahiyyət etibarı ilə həmin şəxsin mübahisəli evdən faktiki istifadə etməsini ehtiva edir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında isə bu cür istifadənin zəruriliyinin təməl şərti kimi iddiaçının yaşayış sahəsinə ehtiyacının olması və bu ehtiyacın mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətinin olması, həmçinin keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi göstərilmişdir. İşin məhkəmə iclasında araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı həmin fərdi yaşayış evindən uzun müddətdir könüllü surətdə çıxmışdır və hazırki yaşayış sahəsinə ehtiyacının olması təsdiqini tapmamaqla daimi yaşayış yerinə malikdir. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı 2006-cı ildə evə köçərkən ev mövcud olmuş, iddiaçının yaşadığı müddətdə heç bir tikinti işləri aparılmamışdır. Evin Cavabdeh məxsus olması işin araşdırılmış halları baxmından mübahisələndirilmir. Hazırda iddiaçı ilə Cavabdeh arasında olan faktiki nikah münasibətlərinə son qoyulmuş və onlar ayrı yaşayırlar. İşin digər mübahisə edilməyən halıdır ki, tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və tərəflərin hər hansı birinin tikili üzərində hər hansı hüquqları mövcud deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı 13 il müddət ərzində mübahisəli tikilidən yaşayış sahəsi kimi istifadə etmiş və könüllü olaraq özünə daimi yaşayış yeri seçərək evi tərk etmişdir. Yalnız indi üç ilə yaxın müddət sonra o, belə bir iddia vermişdir. İddiaçı özünə yeni daimi yaşayış yeri olaraq atasına məxsus olan evi seçmişdir. Onun atasının evində yaşaması da işin araşdırılmış halları baxımından mübahisəsizdir. Onun mübahisəli yaşayış sahəsi ilə daimi bağlılıq saxlamaq niyyəti olmamış, öz hərəkət və iddiaları ilə evi müvəqqəti tərk etmədiyi aşkar olaraq müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli tikiliyə köçürülməsi, əvvəlki şərtlərlə yaşaması o zaman mümkün ola bilərdi ki, onun daimi yaşayış yeri olmasın, mübahisəli tikilidən daimi yaşayış sahəsi kimi istifadə etmək imkanı əldə etsin, həmin tikili birgə nikah dövründə əldə edilmiş vəsait əsasında tikilsin, getdiyi yaşayış sahəsində daimi əsaslarla yaşamasın, evi müvəqqəti tərk etməsin. Lakin işin araşdırılmış halları ilə göstərilən xüsusatlar təsdiq olunmadığından iddiaçının mübahisəli tikiliyə köçürülməsi mümkünsüzdür. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddiasının hüquqi əsası olmadığına görə onun Cavabdeh qarşı irəli sürdüyü hazırkı iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar