Məhkəmə qərarları › İş №2(003)-2961/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2961/2021

16.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2961/2021 16.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12.08.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahdan 27.11.2013-cü il təvəllüdlü X3 və 18.04.2017-ci il təvəllüdlü X5 adlı övladlar doğulmuşdur. Əvvəllər ailə münasibətləri çox gözəl idi. Sakit və firavan həyat yaşayırdılar. Lakin vaxt keçdikcə münasibətlər dəyişməyə başladı. Cavabdehlə aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuşdur. Onlar bir xeyli müddətdir ki, ayrı yaşayırlar. Nikahı formal xarakter daşıyır. Cavabdehlə yenidən bir araya gəlib ailə kimi yaşamağı mümkünsüzdür. Bu səbəbdən o, hazırda ərizə ilə digər məhkəməyə müraciət etmişdir. Hazırda məlum iddia tələbinə dair mülki iş Nəsimi rayon məhkəməsinin icraatında olmaqla hazırlıq iclası təyin edilmişdir. Onun hazırda gedəsi yeri olmadığı üçün məcbur olaraq azyaşlı övladları ilə birlikdə cavabdehin adına alınmış mənzildə yaşamaq məcburiyyətindədir. Qeyd edir ki, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi , Aliminium zavodunun yaxınlığındakı ərazidə 300 kv.m torpaq sahəsi Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsinin 04.11.2005-ci il, 043 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün Cavabdeh adına ayrılmışdır. Onlar birlikdə həmin torpaq sahəsində yaşamaq üçün fərdi yaşayış evi tikmiş və uzun illər həmin evdə yaşamışlar. Çünki balaca övladı fevril qıcolma xəstəliyi ilə doğulub və Nəsimi rayonunda poliklinikada qeydiyyatdadır. Hər ay onu mütamadi olaraq həkim nəzarətindən keçirdir. Bu hala görə sonradan şəhərdən uzaq olduğu üçün məcbur qalıb şəhərin mərkəzinə tərəf köçmüşdür. Cavabdehlə mütamadi olaraq aralarında mübahisə düşən zaman cavabdeh ona məxsus evlər üzərində heç bir haqqı olmadığını dilə gətirir və onu təhqir edir. Lakin hesab edir ki, onun mübahisə predmeti olan ev üzərində haqqı var, o evin tikilməsində, təmir olunmasında, həyətyanı sahənin abadlaşdırılmasında onun əməyi böyükdür. Buna onun yaxınlıqda yaşayan qonşuları da şahiddir. Zərurət olarsa onlar bu halı təsdiq edə bilərlər. Bu səbəbdən düşünür ki, azyaşlı övladları ilə birlikdə gəlin köçdüyü və cavabdehlə birlikdə yaşadığı evə köçürülməlidir. Övladlarının və özünün pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan ev özbaşına tikili olduğundan evə köçürülmə ilə bağlı münasibətləri bilavasitə nizama salan norma mövcud olmadığından analoji normalar tətbiq edilməlidir. Hesab edir ki, cavabdehin razılığı ilə mübahisəli yaşayış sahəsində ailə üzvü kimi yaşayıb ümumi təsərrüfat apardığından, ona məxsus cehiz əşyalarının hazırda bu evdə olduğundan, uzun müddət o evdə yaşadığından mübahisəli yaşayış sahəsinə istifadə hüququ əldə etmişdir və azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. onu övladları 11.2013-cü il təvvəllüdlü X3 və 18.04.2017-ci il təvvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qızı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Buzovna qəsəbəsi, Alüminium zavodunun yanındakı ərazidə 300 m3 torpaq sahəsini onun valideynləri onun adına almışdır. Həmin torpaq sahəsində tikilmiş evə əvvəldən valideynlərinin köməkliyi ilə başa gəlib və iddiaçı hazır evə köçmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" Mənzil Tikinti Kooperativinin 13.11.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən də, ünvan 2 ünvanında tikilən 117C saylı yaşayış binasının 9-cu mərtəbəsində 171 saylı mənzilində ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır və həmin mənzil ona məxsusdur. Ailə tərkibi Cavabdeh (özü), İddiaçı (arvadı), uşaqları X3 və X1 ibarətdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Qarayev X4 Gözəl Raqub qızı ilə 12.08.2013-cü il tarixdə Ucar RİHB-nın Qazıqumlaq kənd inzibati ərazi dairəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 31 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada Qarayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 27.11.2013-cü ildə və X5 18.04.2017-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərişıq ASC tərəfindən verilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, ünvan 1 ünvanında elektrik enerjisindən istifadə zamanı yaranmış borc Cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarında olan Azəriqaz İB tərəfindən verilmiş abonent saldosundan görünür ki, ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı Cavabdeh adınadır. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin vətəndaş Cavabdeh Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında 043 saylı, 0411.2005-ci il tarixli sərəncamından görünür ki, Buzovna qəsəbəsi, Alüminium zavodunun yanındakı ərazidə 300 m3 torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün vətəndaş Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(006)-1370/2021 saylı qətnamənin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 12.08.2013-cü il tarixdə Ucar RİHB-nın Qazıqumlaq kənd inzibati ərazi dairəsində bağlanmış 31 nömrəli akt qeydi nikahın pozulması, birgə nikahdan doğulmuş 27.11.2013-cü il təvəllüdlü X3 və 18.04.2017-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, Cavabdeh İddiaçı xeyrinə 27.11.2013-cü il təvəllüdlü X3 və 18.04.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30.11.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-cimaddəsinə əsasən,mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 04.11.2005-ci il tarixli sərəncamına əsasən Buzovna qəsəbəsi, Alüminium zavodunun yanındakı ərazidə 300 m3 torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh və İddiaçı 12.08.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahdan 27.11.2013-cü il təvəllüdlü X3 və 18.04.2017-ci il təvəllüdlü X5 adlı övladlar doğulmuşdur. İddiaçı 7 il həmin ünvanda yaşamışdır. Daha sonra cavabdehlə münasibətləri pisləşmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(006)-1370/2021 saylı tərəflər arasındakı nikah pozulmuşdur. İddiaçı mübahisəli fərdi yaşayış evini (özbaşına tikili) tərk edərək atasının tikdirdiyi (özbaşına tikili) 1 otaqlı evdə məskunlaşmış və hazırda iddiaçı mübahisəli fərdi yaşayış evində yaşamır. Mübahisəli mənzil Bəhruzun atası tərəfindən tikilib, Bəhruz yenidən ailə qurmuş, özü, ailəsi və qardaşın ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. Qeyd edilənlər nəzərə alınmaqla hazırki işlə bağlı ilk növbədə qeyd edilməlidir ki, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlmədiyindən, o, həmin evə köçürülməsini tələb etməkdə haqlı deyildir. Çünki, Azərbaycan Respublikasının qanunvericiliyi evə hər hansı bir hüququ olmayan şəxs tərəfindən həmin evə köçürülməsinə dair tələblə çıxış etmək hüququnu nəzərdə tutmur. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30.11.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən, həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, həmin evin inşa edildiyi torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə sərəncamla ayrılmış torpaq sahəsi üzərində inşa edilmişdir və sonuncunun həmin tikiliyə dair torpaq sahəsinin ona ayrılmasından irəli gələn mülkiyyətə gözlənti hüquqları mövcud olmuşdur. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Lakin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Belə olan halda həmin evin rəsmi olaraq dövlət reyestrində qeydiyyata alındığı halda belə mülkiyyətçinin razılığı tələb olunmalı olması birbaşa qanunvericilikdə əksini tapmışdır. Hazırki işin halları baxımından isə mülkiyyət kimi qeydiyyata alınmayan evdə iddiaçının yaşaması yuxarıda qeyd edilən normaya istinad edilməklə həmin əmlaka köçürülməsi üçün əsas kimi qəbul edilə bilməz. Eyni zamanda işin məhkəmə zamanı müəyyən edilmiş hallarından da aydın olur ki, iddiaçı həmin evi tərk edərkən ona qarşı hər hansı zor tətəbiq edilməmişdir. Məhkəmə iclasındaiddiaçı tərəf mübahisəlievin, o cümlədən evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət reyestrində qeydə alınması, həmin evin və torpaq sahəsinin onun sahibliyində olması barədə sübutu məhkəməyə təqdim edə bilmədilər. Həmçinin tərəflər mübahisəli evin tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində lazımi icazə əsasında inşa edilməsi barədə müvafiq sənədləri məhkəməyə təqdim edə bilmədilər. Məhkəmə iclasında tərəflərin izahatı və iş materialları ilə müəyyən edildi ki, mübahisəli ev özbaşına tkilidir və uzun illərdir yaşayış sahəsi kimi istifadə olunur. Digər tərəfdən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). (MM-in 146.1-ci maddəsi) Lakin işin mübahisələndirmiyən hallarından müəyyən olunur ki, iddiaçı artıq bir neçə ildir mənzildə yaşamır və həmin mənzildə cavabdehlə birgə təsərrüfat aparmır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30.11.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən, həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Bunundan əlavə məhkəmə qeyd edir ki, həmin mənzilin tikintisini birgə nikah dövründə birgə vəsait hesabına başa çatdırmasını qeyd etsə də, bu hala dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən iddiaçının həmin mənzilə hüquqları yaranmış olsaydı belə, aralarında olan ailə münasibətlərinə xitam verildiyi vaxtdan həmin hüquqlarda itirilmiş olur. O cümlədən, şəxsin həmin evə münasibətdə hüququnun müvəqqəti saxlanıla bilməsini qanunverici başqa yaşayış sahəsi ilə təminatının olmaması ilə əsaslandırmışdır ki, hazırki halda isə iddiaçının digər əmlaka payının tanınması, həmin mənzildə hazırda yaşamaqla yaşayış sahəsi ilə təminatlı olması işdə olan sənədlər və tərəflərin izahatlarıilə təsdiqini tapır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlar, iddiaçının həmin fərdi yaşayış evindən uzun müddət çıxmasını, həmin fərdi yaşayış sahəsinin onun gəlin köçdüyü vaxtdan əvvəl tikildiyini, fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin cavabdehə ayrıldığını, iddiaçının hal-hazırda yaşayış sahəsinin olmasını, mübahisəli fərdi yaşayaış sahəsində cavabdehlə birgə təsərrüfat aparmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması”na dair tələbi təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar