Məhkəmə qərarları › İş №2(003)-3005/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3005/2021

29.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3005/2021 29.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması barədə əmrin ləğv edilməsi və «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə çilingər vəzifəsinə bərpa edilməsi, dəymiş maddi və 50000 manat mənəvi zərərin cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti arasında 21.05.2018-ci il tarixli 860 nömrəli əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin çilingəri vəzifəsində çalışmışdır. Bülettendə olduğu vaxtda əmək müqaviləsinin müddəti bitməsini əsas gətirərək, əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi iki il yarım müddət ərzində cəmi iki dəfə məzuniyyətə çıxarılmışdır. Məzuniyyətə çıxarılmadığı qalan müddət məzuniyyət ödənişləri ödənilməmişdir. 2018-ci ildə metroloqla bağlı imtahan verərək, əlavə olaraq, metroloq vəzifəsini icra etmişdir. Çilingər işinin vəzifə maaşı 500-600 manat, metroloq isə 750 manat və daha yüksək təşkil edir. Lakin aradakı 150 manat maaş fərqi ödənilməmişdir. Məzuniyyət dövründə olduğu hada əsassız olaraq töhmət verildiyi üçün güclü stres keçirmişdir və bunun nəticəsində səhətində ciddi problemləryaranmış 20.08.2020-ci ildə baş əməliyyatı olunmuşdur. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı məhkəmyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun işdən çıxarılması barədə əmrin ləğv edilməsi və «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə çilingər vəzifəsinə bərpa edilməsi, dəymiş maddi və 50000 manat mənəvi zərərin cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin işdən çıxarıldıqdan sonra məhkəməyə 10 ay sonra müraciət etməsinə səbəb cavabdeh tərəfindən ona qarşı Sumqayıt məhkəməsində baxılan iş ilə əlaqədar olduğunu və buna görə də imkanın olmadığını bildirdi. İddiaçı nümayəndəsi və vəkili X3 iddiaçının tələbinə uyğun izahat verərək bildirdi ki, cavabdeh iddiaçı ilə Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələblərini pozmaqla əmək müqaviuləsinə xitqam vermişdir. Belə ki, iddiaçı məzuniyyət vaxtı bitikdən sonra xəstələndiyindən işə çıxa bilməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, bildirdi ki, İddiaçı ilə bağlanmış 21.05.2018-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqavilə müddətinin qurtarması ilə 27.08.2020-ci il tarixdə işə götürən tərəfindən xitam verilmişdir. Həmçinin iddiaçı ilə əmək müqaviləsini xitam verildiyi tarixdə ona işdən azad edilmə əmri, əmək kitabçası təhvil verilməklə son haqq-hesabıda ödənilmişdir. Buna görə də, iddia müddətinin axımı məhz 27.08.2020-ci il tarixdən, yəni iddiaçıya işdən azad edilmə əmri. əmək kitabçasının və son haqq-hesab verildiyi gündən başlamışdır. Lakin göründüyü kimi qeyd edilən tarixdən hesabladıqda da iddiaçı 1 ay ərzində belə bir tələblə məhkəməyə müraqciət etməli olduğu halda bunu etməmiş və qanunvericiliklə müəyyən edilmiş iddia müddəti buraxılmışdır. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, 21.05.2018-ci il tarixli 832 nömrəli əmrə əsasən İddiaçı «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə çilingər vəzifəsinə qəbul edilmiş 27.08.2020-ci il tarixdə 171/K nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Milli Onkologiya Mərkəzinin 03.03.2021-ci il tarixli arayışından görünür ki, alın nahiyəsində epidermoid kistasından cərahi əməliyyat olunmuşdur. Əməliyyatlar 14.07.2017-ci il tarixdə, 27.09.2017-ci il tarixdə və 20.08.2020-ci il tarixdə aparılmışdır. İş materiallarında olan Sumqayıt şəhər 3 nömrəli şəhəri poliklinikasının 25.08.2020-ci il tarixli (seriya SN 00006) 724801 nömrəli Əmək qabiliyyətinin olmaması barədə arayışdan görünür ki, alın nahiyəsində epidermoid kistasından cərahi əməliyyat olunması ilə əlaqədar İddiaçı 12.09.2020-ci il tarixədən işə başlamalıdır. İş materiallarında olan «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinin 27.08.2020-ci il tarixli 171 K nömrəli əmrindən görünür ki, İddiaçı 27.08.2020-ci il tarixdə işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı ARDNŞ “SOCAR”-ın baş ofisinə ünvanlamış olduğu 27.11.2020-ci il tarixli (daxil olma 10.12.2020) görünür ki, İddiaçı işdən azad olunmasının əsassız olduğunu bilmiş və onun işə bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.” Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.” Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin (bundan sonra Müqavilənin) 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmişdir. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından görünüdüyü kimi «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış olan əmək müqaviləsinə əsasən sonuncu çilingər vəzifəsinə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış müqavilədən və məhkəmə iclasında tərəflərin vermiş olduğu izahatlardan aydın olur ki, İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Sumqayıt şəhər 3 nömrəli şəhəri poliklinikasının 25.08.2020-ci il tarixli (seriya SN 00006) 724801 nömrəli Əmək qabiliyyətinin olmaması barədə arayışına əsasən alın nahiyəsində epidermoid kistasından cərahi əməliyyat olunması ilə əlaqədar işdən azad olunmuş və İddiaçı 12.09.2020-ci il tarixədən işə başlamalıdır. Eyni zamanda məhkəm müəyyən etdi ki, 27.08.2020-ci il tarixli 171/K nömrəli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ilə bağlanmış olan əmək müqaviləsinə müqavilə üzrə müddətin bitməsi ilə əlaqədar tərəflər arasında bağlanmış olan əmək müqaviləsinə xitam verilmişdir. Lakin «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddənin məzmunundan göründüyü kimi «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərəflər arasında bağlanmış olan əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilməsini istisna edən hal mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı xəstəliyi ilə əlaqədar olaraq, 12.09.2020-ci il tarixədək işdən azad edilmişdir. Lakin işəgötürən tərəfindən işçinin hüququ pozulmuş və əmək müqaviləsi üzrə müddətin keçməsi ilə bağlı əmək müqaviləsinə xitam verilmişdir. Lakin mülki işin materiallarından da göründüyü kimi iddiaçı hazırkı iddia ilə 29.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş və mülki iş üzrə cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti məhkəmə təqdim etmiş olduğu ərizədə iddia müddüətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Həmin Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncam, qərarın). əmək kitabçasının, aqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə pozulduğu gündür. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki işin materiallarında göründüyü kimi iddiaçı hüququnun pozulmuş olduğunu (27.11.2020-ci il tarixdən ARDNŞ “SOCAR”-ın baş ofisinə ünvanlamış olduğu ərizə) bildirdi. Həmçinin İddiaçı vermiş olduğu izahatından onunla bağlanmış əmək müqaviləsini xitam verilidiyindən məlumatlı olduğu lakin məhkəməyə müraciət etmək imkanının olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən fərdi əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş olan müddət iddiaçı tərəfindən ötürülmüşdür. Bu səbəbdən də, məhkəmə hesab edir ki, İddiaçı «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə qarşı onun işdən çıxarılması barədə əmrin ləğv edilməsi və «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə çilingər vəzifəsinə bərpa edilməsi, dəymiş maddi və 50000 manat mənəvi zərərin cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməsi barədə iddiası qanunvericilklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə qarşı onun işdən çıxarılması barədə əmrin ləğv edilməsi və «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinə çilingər vəzifəsinə bərpa edilməsi, dəymiş maddi və 50000 manat mənəvi zərərin cavabdeh «Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar