Məhkəmə qərarları › İş №2(003)-3037/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3037/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3037/2021 20.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə əsas borc qismində 2000 manat, özgənin pul vəsaitindən faydalanmağa görə 267 manat və ödənilmiş dövlət rüsumu 30 manat olmaqla cəmi 2297 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 13 fevral 2019-cu il tarixində 2000 manat pul vəsaitini borc olaraq cavabdehə vermişdir. Cavabdeh ona söz verdi ki, borc olaraq götürdüyü pul vəsaitini 29 mart 2019-cu il tarixdə geri qaytaracağını bildirmişdir. Qeyd edilir ki, onun, cavabdehin və 23.07.1967-ci il təvəllüdlü X1 imzası olan iltizamnamədə cavabdeh tərəfindən borcun götürülməsi və müəyyən edilmiş vaxtda qaytarılmasına dair öhdəlik götürmüşdür. Bununla əlaqədar cavabdehə borc olaraq götürülmüş pul məbləğinin geri qaytarılması üçün iddiaçı tərəfindən müxtəlif vaxtlarda müraciət etmişdir. Lakin cavabdeh bunlara məhəl qoymayaraq borc məbləğini qaytarmaqdan boyun qaçırır. Göstərilənlərlə əlaqədar pozulmuş hüquqların bərpa edilməsi və pul vəsaitinin geri qaytarılmasının təmin edilməsi məqsədilə 33-cü Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Buna cavab olaraq bildirilmişdir ki, ərizədə qeyd olunan xüsusatların mülki mübahisə predmeti olaraq məhkəmədə araşdırılmalı olduğu müəyyən edilmiş vı müvafiq olaraq məhkməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdeh ondan 2000 manat pul götürmüş və 29 mart 2019-cu il tarixində qaytarmağı söz versə də hazırki tarixədək geri qaytara bilməmişdir. Buna görə də 29 mart 2019-cu il tarixdən iddia qaldırılan 25 iyun 2021-ci il tarixinədək uçot faiz dərəcəsi hesablandıqda illik (365 gün) 2000 manat x 6,25 %=125 manat, 125 manat/365 gün= 0,30 manat x 819 gecikmə gününə= 267 manat faiz ödənilməlidir. Ona görə də cavabdehdən onun xeyrinə əsas borc qismində 2000 manat, özgənin pul vəsaitindən faydalanmağa görə 267 manat və ödənilmiş dövlət rüsumu 30 manat olmaqla cəmi 2297 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi təqdim edərək, cavabdehdən 2000 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsini xahiş etdi. Eyni zamanda, İddiaçı iddia tələbinin dəqiqləşdirməsi ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 13.02.2019-cu il tarixli əlyazmadan görünür ki, “Cavabdeh İddiaçı Məmmədov Xalıqverdinin iştirakı ilə 2000 manat pul almış,və həmin pulu mart ayında yəni 29 mart 2019-cu il tarixədək ödəyəcə ödəyəcəyini öhdəsiə götürmüşdür. Həmin əlyazma 13.02.2019-cu il tarixdə Cavabdeh, İddiaçı və Xalıqverdi Məmmədov tərəfindən imzalanaraq təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİnin 33-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 100-8930-1219 saylı 24.09.2019cu il tarixli məktubdan görünür ki, ərizədə qeyd edilən xüsusatların mülki mübahisə predmeti olaraq məhkəmələr tərəfindən araşdırılmalı olduğu müəyyən edilmişdir. Göstərilənlərlə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 30,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hımin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. iddiaçı müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə 2000 manat məbləğində borc pul verməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc pul cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh oğlundan 2000,0 manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 2030,0 (iki min otuz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar