Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-305/2021 08.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə, çıxarışın etibarsız hesab edilməsi və pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı – onun, oğulları X2 və X3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə Cavabdeh1 ilə rəsmi nikaha girərək evlənmişlər. Birgə nikahdan iki övladları vardır. 14.07.2012-ci il təvəllüdlü X2 və 09.02.2016-ci il təvəllüdlü X3 anadan olmuşdur. Qeyd etmişdir ki, onlar evləndikdən sonra bir müddət kirayə qalmışlar. Daha sonra 2011-ci ildə kirayə pulunu ödəyə bilmədikləri üçün atasına məxsus ünvan 2 ünvanında yerləşən mənzilə köçmüşlər. Nişanlı olduqları müddətdə Cavabdeh1 adına Xəzər rayonu Binə atçılıqda yerləşən ünvanda torpaq sahəsi alınmışdır. 2009-cu il tarixində həmin torpaq sahəsində tikinti işləri başlanmış və 2010-cu ildə toyları olmuşdur. Həmin müddət ərzində də bu torpaq sahəsində tikinti davam etmiş və 2012-ci ildə tam olaraq təmir bitmişdir. Fərdi-yaşayış evinin heç bir sənədi yoxdur. 2011-ci ildə ona məxsus olan 5000 dəyərində sarı-ağ rəngli qızılları satılaraq evin tikilməsində və təmirində kömək məqsədilə istifadə olunmuşdur. 2012-ci ilin avqust ayında onlar cehiz əşyaları ilə Binə atçılıqda yerləşən tikdikləri fərdiyaşayış evinə köçmüşlər. Təxminən 3-4 il həmin ünvanda yaşamışlar. Nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və 13.02.2020-ci il tarixdə Nizami Rayon Məhkəməsində 2(007)-152/2020 qətnaməsinə əsasən nikahları pozulmuşdur. Buna görə də o, Cavabdeh1 qarşı Xəzər rayonu Binə atçılıqda yerləşən ünvanda fərdi-yaşayış evinə övladları 14.07.2012-ci il təvəllüdlü X2 və 09.02.2016-ci il təvəllüdlü X3 ilə birgə qeyd olunan evə köçürülməsi məhkəmə tərəfindən təmin edilməlidir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları X2 və X3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Binə atçılıq deyilən ərazidə, 537-ci sahədə inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi, həmin evin tikintisinə İddiaçı tərəfindən sərf edilmiş 10.000 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh2 Əliheydər qızının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları X2 və X3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Binə atçılıq deyilən ərazidə, 537-ci sahədə inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi, həmin evin tikintisinə İddiaçı tərəfindən sərf edilmiş 10.000 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh2 Əliheydər qızının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə uyğun məzmunlu izahat verməklə iddia təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X4 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı ilə 2010-cu ildə rəsmi nikaha daxil olduqdan sonra, Cavabdeh1 atasının İmişli şəhəri Q.Qarayev küçəsi ev 13 ünvanında yerləşən mənzilinə köçmüşlər. Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1995-ci il tarixli 096 saylı sərəncamı ilə ona Bakı şəhəri Buzovna qəsəbəsi, 537-ci sahədə 0,02 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 2007 və 2008-ci illərdə atasının vəsaiti hesabına iddiaçının köçmək istədiy ev inşa olunmuşdur. Həmin evə onlar 2013-cü ildə köçmüşlər və 2016-cı ilə qədər həmin ünvanda yaşamışlar. Lakin iddiaçı həmin evi bəyənmədiyi üçün, şəhərdən uzaq olduğundan, onun istəyini nəzərə alaraq 2016-cı ildən Bakı şəhərində müxtəlif yerlərdə kirayədə qalmışlar. İddiaçının hazırda köçmək istədiyi mübahisəli evin, torpaq sahəsini daşınmaz əmlakın dövlət reyesterində 2019-cu il tarixdə qeydiyyata alınmaqla mülkiyyətinə keçmişdir. Hazırda isə qeyd olunan torpaq sahəsi Cavabdeh2 Əliheydər qızının adına ********** qeydiyyat nömrəsi ilə 13.10.2020-ci il tarixdə mülkiyyətinə keçmişdir və mübahisəli evin mülkiyyətinə keçirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmişdir. Buna əsasən o gözlənti hüququ əsasında mübahisəli mənzilin mülkiyyətçisi hesab olunur. Buna görə hazırda İddiaçı Cavabdeh2 Əliheydər qızının mülkiyyətinə olan torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinə köçürülməsi barədə iddiası əsassızdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, o, iddiaçının atasıdır. Qızı ailə qurduqdan sonra əvvəl İmişlidə, sonra Bakıda müxtəlif yerlərdə kirayədə qalmışlar. Mübahisəli ev birgə nikah dövründə tikilmişdir. Evin tikilməsində qızına məxsus qızıllar satılaraq sərf olunub. 2012-ci il tarixdə evin bir otağı hazır olmuş, 2013-cü il tarixdə həmin otağa köçmüşlər. Satılan qızılların puluna döşəmə taxtaları, dəmir barmaqlıq və divar kağızları alınmışdır. Arvadı kreditə 5000 manat pul götürmüş, həmçinin özüdə müxtəlif vaxtlarda qızına 5000 manatadək pul vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, o, iddiaçının anasıdır. Mübahisəli ev toydan sonra inşa edilmişdir. 3 il müddətədək kirayədə yaşamışlar. O və əri onlara köməklik etmişlər. Qızıllar uşaq doğulmamışdan qabaq satılmışdır. Həmin pula dəmir barmaqlıq alınmışdır. Məhkəmə cavabdehin tərəfin izahatlarını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi sahə 537 Cavabdeh2 adına 13.10.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 15.04.1999-cu il tarixli Apşeron rayon İcra Hakimiyyətinin sərəncamından çıxarışdan görünür ki, Cavabdeh1 Buzovna tərəvəzçilik-südçülük sovxozunda 0.02 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17.05.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, 180-ci Buzovna küçəsi, 91 saylı fərdi yaşayış evi(537-ci sahədə inşa edilmiş) 05.05.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı 25.11.2020-cu il tarixdə nikahlarını bağlamışlar, birgə nikahlarından 14.07.2012-ci il tarixdə X2 və 09.02.2016-cı il tarixdə X3 doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah qeydi pozulmuşdur. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, mübahisəli ev Cavabdeh2 mülkiyyətindədir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 2 uşaqları doğulmuşdur. Ailə qurduqdan bir müddət sonra kirayədə yaşamış, 2013-cü ildə isə iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli evə köçmüşlər. Daha sonra ailə münasibətləri baş tutmadığından onlar arasında olan nikah pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 537-ci sahə mülkiyyət hüququ 05.05.2021-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda uşaqları ilə birlikdə Cavabdeh2 məxsus həmin evə köçürülməsini xahiş edir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı nikaha girdikdən sonra mübahisəli yaşayış sahəsinə köçərək orada yaşamışdır. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ 05.05.2021-ci il tarixdə Cavabdeh2 adına qeydə alınmışdır. İddiaçının həmin yaşayış sahəsindən köçməsi ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2 münasibətdə onun ailə üzvü deyildir. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 məxsus yaşayış sahəsinə mənzilə köçürülməsi ilə bağlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddia tələbinin evin tikilməsinə sərf olunan 10000 manat pulun qaytarılması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia təmin edilməməlidir. Belə ki, həmin hala dair mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən ifadə vermiş şahid ifadələrini isə məhkəmə iddianın təmin edilməsi üçün əsas hesab etmir. Şahidlər İfadələrində müəyyən müddət daxilində qızları olan iddiaçıya pul məbləğrini verməsini qeyd etsələrdə bunu təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının özünə məxsus qızıl-zinət əşyalarını 5000 manata sataraq həmin evin təmirinə xərcləməsini bildirməsi də işin araşdırılmış halları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 mübahisəli evə dair 05.05.2021-ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Əvvəla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan bağ sahəsi Cavabdeh2 məxsusdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Hazırki halda həmin mülkiyyət hüququnun rəsmiləşdirilməsiməsinə dair çıxarışın etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək də mümkün deyildir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə, çıxarışın etibarsız hesab edilməsi və pul tələbi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-305/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-305/2021
08.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver