Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3052/2023 04.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi X1, İlkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı bağ sahəsindən çıxarılma və həmin sahədə inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı torpaq sahəsində yaxşılaşdırma xərcinin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehna qarşı bağ sahəsindən çıxarılma və həmin sahədə inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2814 saylı bağ sahəsindən (yeni qaydalarla: ünvan 2 çıxarılması, həmin sahədə cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbbaycan Respublikanın ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, bu döyüş əməliyyatlarında xəsarət almış və 1 qrup gözdən əlil olmuşdur. Bununla bağlı 10 mart 2004-cü ildə müvafiq orqanlardan 083211 nömrəli əlillik vəsiqəsi almış və 8 may 2015-ci ildə Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin üzvü olmuşdur. Həmin vaxtdan müharibə əlili statusu almaqla, əlilliyə görə əmək pensiyası almışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 739 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən ona Mərdəkan qəsəbəsində 2814 nömrəli bağ sahəsi ayrılmışdır. 2000-ci ildə ona torpaq verildiyini öyrəndikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinə torpaq sahəsinin ünvanını öyrənmək üçün getdiyində icra hakimiyyəti ilə arasında torpaq sahəsinin ona verilməsinə dair müqavilə imzalanmışdır. Bundan sonra torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 739 nömrəli sərəncamı ilə istifadəsinə verilmiş Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən, sahəsi 0,11 ha olan 2814 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5469/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ona ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, göstərilən məhkəmə mübahisəsindən əvvəl Xəzər RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsus torpaq sahəsini zəbt etmiş şəxsin müəyən olunaraq torpaq sahəsindən çıxarılmasına ona köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsini zəbt edən şəxs Cavabdehdir. X4 RPİ-nin 1-ci PŞ-nə verdiyi izahatında göstərmişdir ki, guya həmin torpaq sahəsini 2000-ci ildə Qarabağ döyüşçüləri qazisi olan Zaur adlı şəxsdən 1000 ABŞ dolları pula hər hansı bir sənəd olmadan almışdır. Zaur adlı şəxs hal-hazırda Almaniya Respublikasında yaşayır. Göründüyü kimi cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsini boşaltmaqdan imtina edir. Cavabdeh İddiaçı qarşı torpaq sahəsində yaxşılaşdırma xərcinin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2814 saylı bağ sahə (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən torpaq sahəsində yaxşılaşdırma xərcinin əvəzi olan 10000 manat pul vəsaitinin İddiaçı oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 20 ildən artıqdır ki, sözügedən sahədə hasar çəmiş, darvaza qoymuş, müəyyən yardımçı tikililər tikmiş, həmin ərazidə yaxşılaşdırma işləri aparmışdır. Dəfələrlə cavabdeh tərəflə mübahisənin həlli barədə danışıqlar aparmış və müəyyən məbləğlə bağlı razılığa gəlsək də sonradan həmin məbləğin ödənilməsindən boyun qaçırmışdır. Cavabdeh danışıqlar zamanı hasarın, tikililərin sökülməsinə razılıq verməmişdir. Torpaq sahəsində tikinti-abadlıq işlərinə görə ümumilikdə 10000 manata yaxın xərc çəkmişdir. Hazırki vəziyyətdə ilkin iddiaçı həmin sahədə cavabdeh tərəfindən inşa edilmiş tikdiklərin onun vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, o sözügedən sahədə hasar çəkmiş, darvaza qoymuş, müəyyən yardımçı tikililər tikmiş, həmin ərazidə yaxşılaşdırma işləri aparmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İzahatında həmçinin bildirdi ki, 2019-cu ilədək boş torpaq sahəsi olmuş və hər hansı bir tikinti olmamışdır. 2020-ci ildə isə artıq görmüşdür ki, ona məxsus torpaq sahəsində tikinti işləri aparılır. Bundan sonra polis orqanlarına müraciət etmişdir. Araşdırma zamanı torpaq sahəsində tikinti işlərinin Cavabdeh tərəfindən aparılır, onun tərəfindən torpaq sahəsi zəbt olunmuşdur. Qarşılıqlı iddianı isə qəbul etmir. Halallıq üçün darvazaya və hasara görə 5000 manat pul verməyə razıdır. Torpaq sahəsində Cavabdeh tərəfindən tikililər inşa olunan zaman icra hakimiyyətinin nümayəndəsi tərəfindən həmin torpaq sahəsinin sahibi olması barədə ona xəbərdarlıq edilmiş, lakin o, tikinti işlərini davam etdirmişdir. İddiaçı nümayəndəsi X2 ilkin iddia müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ilkin iddia tələbini qismən etiraf edərək, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, 2000-ci ildən torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir, həmin torpaq sahəsini hasara almış, yarımtikili tikmiş, 50 maşın torpaq tökmüş, ağaclar əkmişdir. Torpaq sahəsini Zaur adlı şəxsdən almışdır. Torpaq sahəsinə dair hər hansı bir sənədi yoxdur. Torpaq sahəsinin iddiaçıya aid olduğunu mübahisələndirmir, bununla bağlı etirazı yoxdur. Lakin torpaq sahəsində çəkdiyi xərclərlə bağlı ona kompensasiya verilməsini tələb edir. Çəkilmiş xərclərə görə 10000 manat ona qaytarılacağı təqdirdə torpaq sahəsinin qaytarmasına etirazı yoxdur. Tikililər tikəndə torpaq sahəsi iddiaçıya məxsus olmadığından ondan razılıq almamışdır. Həmçinin bildirmişdir ki, 2019-cu ildə bilmişdir ki, torpaq sahəsi İddiaçı məxsusdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5469/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddia tələbi təmin edilərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 739 nömrəli sərəncamı ilə istifadəsinə verilmiş Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən, sahəsi 0.11 ha olan 2814 nörməli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. -Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Musa Məmmədov tərəfindən İddiaçı Firdun oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, o, Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində İddiaçı iddia etdiyi 12 sot torpaq sahəsini 2000-ci ildə Qarabağ döyüşləri qazisi olan Zaur adlı şəxsdən 1000 ABŞ dolları pula hər hansı bir sənəd olmadan almışdır. Zaur adlı şəxs hal-hazırda Almanya Respublikasında yaşayır, 2000-ci ildə aldığı torpaq sahəsini zibillikdən təmizləmiş, torpaq sahəsini daş hasara alaraq torpaq sahəsində olan köməkçi tikililərin və su hovuzunun inşasına başlamış, 2020-ci ilin yay aylarında həmin torpaq sahəsində Mirzə adlı şəxsin tikinti işlərini aparmasını görüb, Mirzə və Amil adlı şəxslərə 2500 manat pul verməsini, Mirzə və Alim həmin torpaq sahəsinin iddiasından əl çəksələrdə, sonradan Alim və Mirzə 1-ci əlil olan İddiaçı taparaq onun yanına göndərmişlər. Sabir Rəşidoviç izahatında, Mərdəkan qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi təxminən 20 il müddət olar ki, onun istifadəsində olduğunu bildirmiş və həmin torpaq sahəsində 1 mərtəbəli ev tikdiyini bildirmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 739 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı Mərdəkan qəsəbəsində 2814 nömrəli bağ sahəsi ayrılmışdır. - A№867845 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 0.11 ha sahəsi olan ünvan 3 ünvan: Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 19-cu Mərdəkan küçəsi, 22) İddiaçı mülkiyyətindədir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 0.11 ha sahəsi olan ünvan 3 ünvan: Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 19-cu Mərdəkan küçəsi, 22) xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 739 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən ilkin iddia tələbi üzrə İddiaçı verilmişdir. Hazırda həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmaqla müvafiq çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Torpaq sahəsi faktiki olaraq ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə Cavabdeh istifadəsindədir və o həmin torpaq sahəsini hasara almaqla, darvaza qoymaqla üzərində tikili inşa etmişdir. Mübahisə predmetinə daxil olan torpaq sahəsinin İddiaçı məxsus olması halı işin mübahisələndirilməyən halından ibarətdir. İşin mübahisələndirilən halı isə həmin torpaq sahəsi uzun müddət Cavabdeh istifadəsində olmaqla həmin torpaq sahəsində yaxşılaşdırılmaya dair çəkilmiş xərclərin ona ödənilməsindən ibarətdir ki, həmin hal da qarşılıqlı iddia tələbinin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə nəticəyə gəlmək üçün qeyd edir ki, iş üzrə ilk növbədə mübahisə predmeti olan torpaq sahəsinin Cavabdeh istifadəsində olması və həmin torpaq sahəsində onun tərəfindən tikinti işlərinin aparılması hallarına qiymət verilmədir. İşin müəyyən edilmiş hallarından görünür ki, c mübahisə predmeti olan torpaq sahəsini hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan sahiblənmişdir. Belə ki, məhkəmə iclasında həmin torpaq sahəsinin başqa şəxsdən aldığını bildirsə də, torpaq sahəsinin əvvəl başqa şəxsə məxsus olması, həmçinin həmin şəxsdən qanuni əsaslarla alması barədə hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsini qanuni əsaslar olmadan o zəbt etməklə sahiblənmişdir. Bu hal isə onun vicdanlı sahib kimi qəbul edilməsini mümkünsüz edir. Torpaq sahəsində onun tərəfindən inşa edilmiş tikinti isə özbaşına tikinti olmaqla həmin tikintiyə hər hansı bir mülkiyyət hüququ əldə etməmişdir. Eyni zamanda torpaq sahəsi qanunsuz olaraq zəbt edildiyindən həmin torpaq sahəsində tikinti işlərinin onun tərəfindən aparılması da əsassız olmuşdur. İş materiallarını (mübahisə predmetinə daxil olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri), həmçinin mübahisə predmeti olan torpaq sahəsinin İddiaçı məxsus olması halı Cavabdeh tərəfindən mübahisələndirilməməsini, həmin torpaq sahəsinin qanuni əsaslar olmadan Cavabdeh tərəfindən zəbt etməklə sahiblənməsini, eyni zamanda torpaq sahəsində tikinti işlərinin Cavabdeh tərəfindən aparılmasının əsassız olmasını nəzərə alaraq məhkəmə hesab edir ilkin iddia tələbi əsaslıdır, qarşılıqlı iddia tələbi isə əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı məhkəmə iclasında halallıq üçün darvazaya və hasara görə 5000 manat pul verməyə razı olmasının bildirməsini onun tərəfindən qarşılıqlı iddia tələbinin qismən etiraf edilməsi, qarşılıqlı iddianın əsaslı olmasının sübutetmə yükündən qismən azad olunması kimi qəbul edilməsi və ya hesab edilməsi iş üzrə müəyyən edilmiş hallara və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2814 saylı bağ sahəsindən (yeni qaydalarla: ünvan 2 Cavabdeh çıxarılmalı, həmin sahədə Cavabdeh tərəfindən inşa edilmiş tikililər onun vəsaiti hesabına sökülməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2814 saylı bağ sahəsindən (yeni qaydalarla: ünvan 2 Cavabdeh çıxarılsın və həmin sahədə Cavabdeh tərəfindən inşa edilmiş tikililər onun vəsaiti hesabına sökülsün. Cavabdeh İddiaçı qarşı torpaq sahəsində yaxşılaşdırma xərcinin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3052/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3052/2023
04.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver