Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3062/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı X8 və onun vəkili Vəkil iştirakı ilə İddiaçı X8 cavabdehlər Cavabdeh1 Əli (Ələkbər) oğluna, Cavabdeh2 və Həsənova (Babayeva) Zülfiyyə Hacıbala qızına qarşı evə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X17 cavabdehlər Cavabdeh1 Əli (Ələkbər) oğluna, Cavabdeh2 və Həsənova (Babayeva) Zülfiyyə Hacıbaba qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi döngə 2, 16 nömrəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 13 dekabr 2000-ci il tarixdə Həsənova (nikahdan sonra Xalıqova) Mehriban Yavər qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurub evlənmişlər. X2 onunla nikaha daxil olanadək Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi döngə 2, 16 nömrəli evdə qeydiyyatda olmaqla yaşamışdır. Onlar ailə qurduqları gündən iki ayını onun validenlərinə məxsus evdə yaşamışlar. Mənzil şəraitləri darısqal olduğuna görə X2 ona təklif etmişdir ki, onun anası ilə yaşadığı evin ona məxsus 3 otağı boşdur, otaqları təmir edib orada yaşasınlar. Öncə o, razılaşmasada sonra görmüş ki, yaşadığı ev darısqaldır, onunla razılaşmalı olmuşdur. X1 özünə məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi döngə 2, 16 nömrəli evin həyətində tikmiş evin bir başında özü və qızı (yəni X2 ilə yaşamış) digər başında isə hazırkı cavabdehlər Cavabdeh1 və ailəsi yaşamışlar. Həmin evin yerləşdiyi həyət qapısı bir olmuşdur. Onlar Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi döngə 2, 16 nömrəli evdə 21 il birgə yaşamışlar, istifadələrində olan 3 otaqdan əlavə bir otaqda tikmişlər. Həmin evdə təmir bərpa işlərini görmüşlər. Yaşadıqları evə gedib gəlmək üçün həyətin ümumi qapısından birgə istifadə etmişlər. Arvadının sağlığı dövründə onlara heç bir maneə olmamışdır. Arvadı, X9 uzun sürən Xəstəlikdən sonra 23 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. O, arvadının yeganə vərəsəsidir. Onun hüzür mərasimini verdikdən bir müddət sonra qaynı Cavabdeh1 həyət qapısını bağlayaraq onu 21 il yaşadığı evə buraxmır. Bütün əşyaları, pal-paltarı həmin 21 il yaşadığı evində qalmışdır. Dəfələrlə evinə getmək istəsə qaynı Cavabdeh1 həyət qapısını bağlayaraq onu 21 il yaşadığı evə buraxmayaraq nalayiq söyüşlərlə təhqir edərək öldürməklə hədələmişdir. Bunun qarşısının alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəisinə yazdığı ərizələrinə verdiyi 18 iyul 2022-ci il tarixli cavab məktubunda yazılmışdır ki, məsələsi ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiqdir. Mərhum X2nın vəfat etdiyi günədək yaşadığı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov Küçəsi döngə 2, 16 nömrəli evin mülkiyyət kimi ilkin olaraq qeydiyyata alınması və bu günə olan hüquqi vəziyyəti barədə” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə verdikləri sorğularına 27 may 2022-ci il tarixli **********47 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri .Xəzər rayonu Şüvəlan qəsə bəsi Y.Qasımov Küçəsi döngə 2, 16 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Göründüyü kimi mübahisəli fərdi yaşayış evinin mülkiyyət kimi qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Mərhum X1 tərəfindən inşa edilmiş hazırki mübahisəli fərdi yaşayış evi üzərində Cavabdeh1la mərhum arvadı X13 eyni statusa malikdir. Mərhum arvadım X5 ölümündən sonra onun yeganə vərəsəsi odur, həmin hüquqlar ona məxsusdur. Həmçinin işin hallarını nəzərə alaraq mübahisəli evdən onun mənzil hüququnun yaranıb-yaranmaması məsələsi qanunun analogiyası üzrə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin, 123-cü maddəsinin müddəalarına uyğun araşdırılmalıdır. Belə ki, o, 13 dekabr 2000-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olaraq və ailə həyatı qurandan sonra onunla birlikdə mübahisəli evdə yaşamışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsində isə təsbit olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli torpaq sahəsi və onun üzərində tikilmiş evin hüquqi vəziyyəti haqqında səlahiyyətli orqanlara müraciət etmiş, verilən cavaba görə DƏDRX-də mülkiyyət kimi qeydə alınmadığı bildirilmişdir. Məhkəmə iclasında iddiaçı X17 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, o, Mehriban Həsənova ilə ailə qurduqdan sonra təxminən 2001-ci ildən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi döngə 2, 16 nömrəli fərdi yaşayış evində yaşamışdır. Arvadı ilə birlikdə həmin evdə 3 il yaşamışlar. Həmin ev 3 otaqlı olmuş və yaşadıqları müddətdə həmin evdə arvadı ilə birlikdə əlavə anbar və pilləkən tikmişlər. 3 ildən sonra isə Suraxanı rayonunda və bağda qalmışlar. 3 il qaldıqdan sonra həmin evdə daimi yaşamamışlar, gəlib-getmişlər. Arvadı öldükdən sonra isə cavabdeh olan Cavabdeh2 onu həmin evə buraxmamışdır. Hazırda həmin evdə ona məxsus əşyalar var və o, həmin əşyalardan istifadə edə bilmir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil oğlu iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iş üzrə Cavabdeh1 Əli (Ələkbər) oğlu iddia tələbini etiraf etməyək onun təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçının həmin evdə yaşamasına etiraz edir. Belə ki, iddiaçı heç vaxt həmin evdə yaşamamışdır. İddiaçının Suraxanı rayonunda yerləşən özünə məxsus evi vardır. Evə dair sənədlərdən yalnız atasının adına ev dəftəri olmuşdur. 54 ildir həmin evdə yaşayır. Mehriban bacısı Firəngizin qızı olmuş və onlar həmin evdə yaşamışlar. Ev bir tikilidən ibarət olmuşdur. Lakin onun arvadı ilə Firəngiz arasında mübahisələrin olmaması səbəbindən evi dik vasitəsilə iki yerə ayırmışdır. Evin bir hissəsində o, ailəsi ilə birlikdə yaşamış, digər hissəsində isə bacısı Firəngiz, qızı Mehribanla birlikdə yaşamışlar. Mehriban evləndikdən sonra az müddətdə 2 ilə yaxın iddiaçı ilə birlikdə orada qısa müddət yaşamışlar, lakin sonradan evi tərk etmişlər. İddiaçının həmin evə dair heç bir hüququ yoxdur. Həmçinin izahatında bildirmişdir ki, iddiaçı həmin evdə yaşadığı müddətdə kiçik ölçülü anbar düzətmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iş üzrə cavabdeh Həsənova (Babayeva) Zülfiyyə Hacıbala qızı iddia tələbini etiraf etməyək onun təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, o, Cavabdeh1 arvadıdır. Mübahisə predmeti olan ev bir tikilidən ibarətdir, sadəcə ortadan dik vasitəsilə iki hissəyə bölünmüşdür. Bir hissəsində onlar, digər hissəsində isə ərinin bacısı Firəngiz, qızı Mehribanla yaşamışdır. İddiaçı həmin evdə, Mehribanla evləndikdən sonra 2001-ci ildə 1-2 il ərzində müvəqqəti qalmışdır. Daha sonra isə iddiaçı Mehriban ilə birlikdə Suraxanı rayonunda yaşamışlar. Sonra isə Şüvəlan qəsəbəsində “Dres” ərazisində yaşamışlar. İddiaçı spirtli içki aludəçisidir və Mehriban işləmiş, ailəsinin tələbatlarını ödəməmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, o, cavabdehlərlə qapı qonşudur və 1974-cü ildən qonşuluqda yaşayır. Mehriban Əlinin bacısı qızıdır. Mehriban orada anası ilə birlikdə yaşmış, lakin ailə qurduqdan sonra həmin evdə anasının yanında bir müddət yaşamışdır. Daha sonra Mehriban həmin evə aradabir gəlib-getmişdir. İddiaçı, həmin evdə daimi olaraq yaşamamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X18 bildirmişdir ki, iş üzrə hər iki tərəfi tanıyır və cavabdehlərlə qonşuluqda yaşayır. 1964-cü ildən mübahisə predmeti olan evin qonşuluğunda yaşayır. Bəhramın cavabdehlərin yaşadığı evdə qaldığını görməmişdir. Ancaq arvadı ilə gəlib-getdiyini görmüşdür. Həmçinin bildirmişdir ki, iddiaçı həmin evdə hər hansı bir tikilinin tikməsini və Bəhram həmin evdə daimi yaşamasını görməmişdir. Uzun illərdir ki, Mehriban və əri burada yaşamırlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 bildirmişdir ki, iş üzrə hər iki tərəfi tanıyır və cavabdehlərlə qonşuluqda yaşayır, həmçinin cavabdehlərlə qohumdurlar. Mehriban ailə qurana kimi həmin evdə yaşamış, evləndikdən sonra həmin evdə bir müddət yaşamışdır. Daha sonra Mehribanın həmin evə gəlib-getdiyini görmüşdür. Həmçinin bildirmişdir ki, Əlinin atası onun atası ilə əmioğlu olmuşlar, iddiaçını isə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahın yanında qəssab kimi tanıyır. Mehribanı tanımış, Firəngiz Mehribanın anası olmuşdur. İş materiallarında olan Vİİ-ЖГ 415886 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında 3.12.2000-ci il tarixdə nikah qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Xalıqova” soyadı verilmişdir. İş materiallarında olan İİİ-AM 431299 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1966-cı ildə doğulmuş, anası X4. İş materiallarında olan AZ-İİ 234000 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, sonuncunun mülk bölgüsü ilə bağlı yazılmış ərizəsi ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiq olduğu bildirilmişdir. İş materiallarda olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sonuncunun müraciətinə cavab olaraq Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi döngə 2, 16 nömrəli fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilmədiyi bildirilmişdir. İş materiallarında olan Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Vəkil ünvanlanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun müraciətinə cavab olaraq X9 ev təsərrüfatı kitabına əsasən ünvan 2 ünvanda qeydiyyatda olması, lakin yaşayıb-yaşamaması haqqında nümayəndəlikdə heç bir məlumatın olmadığı bildirilmişdir. İş materiallarında olan Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Vəkil ünvanlanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun müraciətinə cavab olaraq ünvan 2 ünvanda Cavabdeh1 (xx.xx.1968-ci il təvəllüdlü), Cavabdeh2 (xx.xx.1993-cü il təvəllüdlü) və Cavabdeh3 Hacıbala qızının (xx.xx.1973-cü il təvəllüdlü) şəxslərin qeydiyyatda olması, lakin yaşayıbyaşamamaları haqqında nümayəndəlikdə heç bir məlumatın olmadığı bildirilmişdir. İşin araşdırılmış hallarında müəyyən olunur ki, mübahisə predmetinə daxil olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi döngə 2-də yerləşən 16 nömrəli ev Dövlət reyestrində qeydiyyata alınmamışdır. İddia tələbinin əsası kimi məhkəmədə qeyd etmişdir ki, iddiaçının arvadı Mehriban Həsənovanın anasının yaşadağı həmin evdə 2000-ci ildən sonra yaşamağa başlamış, həmin evdə anvar və pilləkan tikmiş, bununla da onun həmin evə istifadə hüquqları yaranmışdır. Həmçinin mərhum arvadının yeganə vərəsəsi olmaqla, həmin əmlakla bağlı vərəsəlik qaydasında mərhum arvadı Mehriban Həsənovanın əldə etdiyi əmlak hüquqları hazırda iddiaçıya məxsusdur. İddia tələbinə cavabdehlər Cavabdeh1 Əli (Ələkbər) oğlunun və Həsənova (Babayeva) Zülfiyyə Hacıbala qızının etirazı ondan ibarətdir ki, iddiaçı mübahisə predmeti olan evdə qısa müddətdə yaşasa da, onun həmin evə dair heç bir hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. İşin araşdırılmış hallarından görünür ki, tərəflərin arasındakı mübahisə özbaşına tikinti obyekti ilə bağlıdır. Həmin tikili iddiaçının yaşamağa başladığı vaxtadək mövcud olmuş və yaşayış sahəsi kimi istifadə olunmuş, hazırda da yaşayış sahəsi kimi istifadə olunur. Həmin tikili hal-hazırda cavabdehlərin sahibliyindədir (istifadəsindədir). X3 qızı Mehriban Həsənova ilə ailə qurduqdan sonra 2001-ci ildən orada yaşamağa başlamışdır. Həmçinin iş üzrə müəyyən edilmiş hallardan və iddiaçının məhkəmə iclasında verdiyi izahatından da görünür ki, iddiaçı, mübahisə predmeti olan evdə 2001-ci ildə sonra qısa müddət ərzində ( deməsinə görə 3 il ) arvadı Mehriban Həsənova ilə birlikdə yaşamışdır. Evin tərk etmələri isə könüllü olmuşdur. Belə ki, evin tərk etməsinə səbəbin məcburi hal kimi olması iş üzrə müəyyən edilməmiş və bu halı iddiaçı özü də mübahisələndirməmişdir. Bununla da müəyyən olunur ki, iddiaçının mübahisə predmeti olan evdə təxminən 2004-cü ildən 2021-ci ilin dekabr ayınadək, yəni 17 il ərzində (arvadı Həsənova Mehribanın ölüm tarixinədək) yaşamaması (bu barədə onun tələbinin olmaması) onun həmin evdən başqa yaşayış yerinin olması ilə əlaqəli olmuşdur. Bununla da, iddiaçı təxminən 2004-cü ildən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüş, həmin evdə yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqəsini kəsmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu müddəa hazırkı işdə tətbiq edilə bilməz. Həmçinin, iddiaçının həmin tikilini tərk etdikdən sonra yenidən orada yaşamaq niyyətinin olması, yəni həmin evdə yenidən yaşamaq istəyinin olması və bu barədə cəhdlərin etməsi (hətta arvadı ilə birlikdə belə bir cəhd edilməmişdir), onun həmin evdə yenidən yaşaya bilməməsi qarşı tərəfdən törədilən maneələrin olması barədə hallar müəyyən edilməmiş, iddiaçı, özü də bu hallara əsaslanmaqla iddia irəli sürməmiş və işin araşdırılması zamanı da bu barədə mübahisələndirməmişdir. Belə ki, iddiaçının özünün bildirdiyindən görünür ki, o, yalnız arvadı Mehriban Həsənovanın ölümündən sonra, yəni 2021-ci ilin dekabr ayından sonra həmin evdə yaşamaq istəmiş, lakin cavabdehlər ona icazə verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan ev özbaşına tikili olması nəzərə alınmaqla iddiaçının həmin evdə qısa müddətdə yaşaması onun həmin tikiliyə hər hansı bir hüququnun yaranmasını özündə ehtiva etmir. Belə ki, həmin halda tikiliyə mülkiyyət hüququ yarana biləcək şəxsin (razılığı olmadan) hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamdan məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin evdə qaldığı müddətdə əlavə tikinti işlərinin aparılmasında iştirakı etməsi, onun həmin evdə hər hansısa əşyalarının olması (olduğu halda, lakin bu hal müəyyən edilmir) isə həmin evdən istifadə etmək hüququnun yaranması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslardan ibarət deyil. Bundan başqa mübahisə predmeti olan evə (tikiliyə) vərəsəlik qaydasında hüquqların yaranmasına dair iddia tələbinin əsasına məhkəmə qiymət verərək qeyd edir ki, mübahisə predmeti olan evin və ya həmin evin yerləşdiyi torpaq sahəsinin iddiaçının arvadı Mehriban Həsənovanın anasına məxsus olması vərəsəlik qaydasında Mehriban Həsənovaya keçməsi işin araşdırılmış halları ilə müəyyən edilməmişdir. Belə ki, həmin ev mülkiyyət hüququ ilə qeydiyyata alınmamış və şəxsin ölümünədək onun mülkiyyətində olmayan əmlakın miras əmlak kütləsinə daxil edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, mübahisə predmetinə daxil olan tikiliyə və həmin tikilinin yerləşdiyi torpaq sahəsinə iddiaçının qanuni əsaslarla hər hansı bir hüququnun olması müəyyən edilmədiyindən, onun mübahisə predmeti olan tikiliyə köçürülmə tələbi əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, həmin tikili ilə bağlı tələb irəli sürülməsi üçün iddiaçının sübyektiv hüququ da yoxdur. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququnun mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni özbaşına tikiliyə köçürülməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdehlər kimi qoyduğu hüquqi mükəlləfiyyətlilərdən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Yuxarıda qeyd olunmuş qanunvericilik müddəalarının mənasından göründüyü kimi iddiaçının tikiliyə köçürülməsini tələb etmək hüququ mövcud deyildir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, ümumiyyətlə, mənzilə köçürülməyə dair iddia yalnız belə köçürülməni tələb edən şəxsin mənzilə dair hər hansı qanunla qorunan hüququnun (mülkiyyət, istifadə və s.) mövcudluğundan asılıdır. Belə hüququn mövcudluğu müəyyən edilmədən köçürülməyə dair iddia tələbinin təmin edilməsi o mənaya gələcəkdir ki, iddiaçının tələbinin qanuni əsası olmadığı halda həmin tələb təmin edilir. Halbuki, yalnız iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası mövcud olarsa iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun müəyyənləşdirilməsi halında irəli sürülən tələbin təmin edilməsi mümkündür. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Beləliklə, yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmetinə daxil tikiliyə münasibətdə iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi də qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X17 cavabdehlər Cavabdeh1 Əli (Ələkbər) oğluna, Cavabdeh2 və Həsənova (Babayeva) Zülfiyyə Hacıbaba qızına qarşı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi döngə 2, 16 nömrəli fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3062/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3062/2022
24.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver