Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3063/2022 23.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı Cavabdeh qarşı (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) evə köçürülmə tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, övladı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəçilik sovxozunda yerləşən 9x4=36 kv.m-dən ibarət olan bir otağa köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X1 iş müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 08 fevral 2007-ci il tarixində rəsmi qaydada nikaha daxil olmuşlar. Rəsmi nikaha daxil olana qədər onlar cavabdehin yaşadığı Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi, Südçülük Tərəvəçilik sovxozunda olan evində birgə ər-arvad kimi yaşayıb, birgə təsərrüfat aparmışlar. Ər-arvad kimi yaşadıqları müddət ərzində 28 fevral 2004-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdehlə rəsmi ailə qurduğdan sonra bir müddət normal münasibətdə yaşamışlar. Sonradan xasiyyətləri bir-birinə uyğun gəlmədiyinə görə rəsmi olaraq ayrılmışlar. Birgə ərarvad kimi yaşadığı cavabdehin evinə bitişik 9x4=36 kv.m-dən ibarət olan bir otağı öz vəsaiti hesabına tikmiş və oğlu ilə birgə orada yaşamışdır. Lakin cavabdeh onlar evdə olmayan vaxtı özbaşına qanunsuz şəkildə yaşadıqları otağın kilidini dəyişmiş və onlar həmin otağa girişlərinə imkan verməmişdir. Onun və oğlunun bütün əşyaları bugünədək həmin otaqda qalmaqdadır. Dəfələrlə hüquq müfahizə orqanlarına müraciət etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəblə, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin əvvəlki iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o mübahisəli evə gəlin köçmüşdür. Həmin mənzil özbaşına tikili olmaqla onun qaynanasına məxsus olmuşdur. Həmin ev dörd otaqdan ibarət olmuşdur. Həmin evin iki otağında o əri ilə birlikdə yaşamışdır. Sonradan həmin evə bitişik olmaqla 36 kv metr ölçüdə otaq tikmişdir. Həmin 36 kv metrlik otağa köçmək istəyir. 2018-ci ildə evdən çıxıb. Cavabdeh tərəfindən fiziki şiddət göstərildiyinə görə qardaşına zəng vurub, qardaşı da onu gəlib aparmışdır. Hazırda Qala qəsəbəsində kirayədə yaşayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. Onlar 2007-ci ildə rəsmi nikaha daxil olsalar da, bir neçə il əvvəldən faktiki olaraq evlənmişlər. Evləndikdən sonra anasına məxsus evdə yaşamağa başlamışalar. Mübahisəli ev onun anasına məxsusdur. İddiaçı 2018-ci ildə oğlunuda götürərək evi tərk etmişdir. Onun ailəsini dağıtmaq fikri olmayıb. Amma dəfələrlə Əsməri evə qaytarmaq istəsədə o evə qayıtmamışdır. Həmin ünvanda yerləşən bütün tikililəri anası tikdirmişdir. İddiaçı özü evdən çıxıb getmişdir, artıq 2018-ci ildən orada yaşamır. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 izahatında bildirdi ki, iddiaçı onun keçmiş gəlini, cavabdeh isə oğludur. Tərəflər evləndikdən sonra onun evinə köçüb yaşamışlar. Mübahisəli ev ona məxsusdur. Həmin ünvanda yerləşən iddiaçının köçmək istədiyi otağı da o, öz pensiyası ilə tikdirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Məhkəmə iddia tələbinə münasibətdə ilk növbədə qeyd edir ki, iddiaçı, övladı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəçilik sovxozunda yerləşən 9x4=36 kv.m-dən ibarət olan bir otağa köçürülməyini xahiş etmiş, lakin iş materiallarından görünür ki, onların birgə nikahlarından olan övladları X3 xx.xx.2004-cü il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 69.1, 69.1-1 və 73-cü maddələrinə əsasən Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Göründüyü kimi, iddiaçının onunla birlikdə köçürülməsini xahiş etdiyi X3 yetkinlik yaşına çatmış şəxs olmaqla məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək hüququna malikdir, həmçinin iddiaçının onun nümayəndəsi kimi səlahiyyəti rəsmiləşdirilməmişdir. Odur ki, iddiaçının bu cür tələblə çıxış etmək hüququ olmadığından, iddia həmin hissədə təmin edilməməlidir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ünvanında yerləşən fərdi yaşayış evi hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından özbaşına tikili sayılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. İşin məhkəmə iclasında araşdırılan hallarına, tədqiq edilən sənədlərə, o cümlədən tərəflərin izahatlarında öz əksini tapan bu və ya digər hallara əsasən müəyyən olunur ki, tərəflər 2004-cü ildə faktiki olaraq, 2007-ci il tarixdə isə rəsmi nikaha daxil olmuş, evləndikdən sonra cavabdehin anasına məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ünvanında yerləşən fərdi yaşayış evində birlikdə yaşamağa başlamışlar. İddiaçı həmin ünvanda sonradan 36 kv.m.-dən ibarət bir otaqlı tikilinin onun tərəfindən tikildiyini iddia edərək, həmin ünvana köçürülməsini xahiş etsə də, tikilinin onun tərəfindən inşa olunmasına dair öz dəlilini əsaslandıra bilməmiş, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bunun əksinə, müəyyən edilmişdir ki, mübahisəli ünvanda yerləşən torpaq sahəsi cavabdehin anasının istifadəsində olmaqla həmin ünvanda onun tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı 2018-ci ildən həmin mübahisəli Bakı şəhəri, Şüvəlan qəsəbəsi Gülçülük sovxozu ünvanında yerləşən evi tərk edərək, ailəsinə məxsus ünvanda yaşamış, bu müddət ərzində həmin evə geri dönməmiş və məhkəmədə bununla bağlı iddia qaldırmamışdır. İddiaçı yalnız indi, təqribən üç il sonra evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, iddia ərizəsində öz tələbini 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq maddələri ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı iş üzrə tərəflər arasında hüquq münasibətləri 2004-cü ildə yaranmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından özbaşına tikili kimi qiymətləndirilsə belə, mövcud qanunvericilikdə özbaşına tikilidən istifadə hüquqlarının yaranması və xitamı qaydaları tənzimlənmədiyindən hazırkı mübahisəyə qanunun analogiyası qaydasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi tətbiq edilməli və mübahisə mahiyyətcə eyni qaydada həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün tələb olunan təməl şərtlərdən biri yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasıdır. Həmin qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi, nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) mümkündür. Konstitusiya məhkəməsinin qeyd edilən bu qərarındakı hüquqi mövqeyindən belə müəyyən edilir ki, iddiaçının yaşayış sahəsindən istifadə hüququnun təmin edilməsi üçün onun yaşayış sahəsinə ehtiyacının olması tələb olunur. Hazırkı iş üzrə irəli sürülmüş iddia tələbi iddiaçının mübahisəli evə köçürülməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, evə köçürülmə özlüyündə köçürülən şəxsin mübahisəli evdən qanunvericiliklə nəzərdə tutulmuş istifadə hüququnun yaranmasına səbəb olmasa da, mahiyyət etibarı ilə həmin şəxsin mübahisəli evdən faktiki istifadə etməsini ehtiva edir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında isə bu cür istifadənin zəruriliyinin təməl şərti kimi iddiaçının yaşayış sahəsinə ehtiyacının olması və bu ehtiyacın mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətinin olması göstərilmişdir. İşin məhkəmə iclasında araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı həmin fərdi yaşayış evindən öz xoşu ilə, ona heç bir təzyiq olmadan tərk etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, İddiaçı uzun müddətdir, təxminən 4 ildir ki həmn mübahisəli evdən çıxmış, bir müddət qardaşının yanında sonralar isə kirayədə yaşamışdır. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı mübahisəli evə gəlin köçərkən həmin torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi cavabdehin anasına məxsus olmuş, hazırda isə iddiaçı həmin ünvanda yerləşən tikilinin onun tərəfindən tikildiyini bildirsə də, bununla bağlı öz tələbini sübuta yetirə bilməmişdir. Hazırda iddiaçı ilə cavabdeh arasında olan nikah münasibətlərinə son qoyulmuş və onlar ayrı yaşayırlar. İşin digər mübahisə edilməyən halıdır ki, tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və tərəflərin hər hansı birinin tikili üzərində hər hansı hüquqları mövcud deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı illər ərzində mübahisəli tikilidən yaşayış sahəsi kimi istifadə etmiş və könüllü olaraq özünə daimi yaşayış yeri seçərək evi tərk etmişdir. Yalnız indi dörd il sonra o, belə bir iddia vermişdir. Onun mübahisəli yaşayış sahəsi ilə daimi bağlılıq saxlamaq niyyəti olmamışdır. Bundan başqa, 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli tikiliyə köçürülməsi, əvvəlki şərtlərlə yaşaması o zaman mümkün ola bilərdi ki, mübahisəli tikilidən daimi yaşayış sahəsi kimi istifadə etmək imkanı əldə etsin, həmin tikili birgə nikah dövründə əldə edilmiş vəsait əsasında tikilsin, getdiyi yaşayış sahəsində daimi əsaslarla yaşamasın, evi müvəqqəti tərk etməsi və evin onun həyat yoldaşına məxsus olması təsdiq olunsun. Lakin işin araşdırılmış halları ilə göstərilən xüsusatlar təsdiq olunmadığından iddiaçının mübahisəli tikiliyə köçürülməsi mümkünsüzdür. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddiasının hüquqi əsası olmadığına görə onun Cavabdeh qarşı irəli sürdüyü hazırkı iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddiaçı Cavabdeh qarşı (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3063/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3063/2022
23.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver