Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3064/2020 19.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların vəkili X5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona olan borcu - banka ödədiyi 2600 (iki min altı yüz) manat, banka ödəməli olduğu 2800 (iki min səkkiz yüz) manat və Cavabdeh2 aptekdən aldığı 175 (yüz yetmiş beş) manat pulun və məhkəməyə iddia ərizəsi təqdim etmək üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5605 (beş min altı yüz beş) AZN məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X6 cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində aptek işlədir. Qanunvericiliyə uyğun fəaliyyətlə məşqul olmaqla müxtəlif dərman preparatlarının və bir sıra digər tibbi avadanlıqların satışı ilə məşğul olur. Elə buna görə də, cari ilin mart ayı “Azərbaycan Beynəlxalq Bankı”-nın əməkdaşları fəaliyyət göstərdiyi aptekə yaxınlaşaraq, mövcud pandemiya ilə mübarizə çərçivəsində lazımi profilaktik tədbirlərin qarşısını almaqla əlaqədar olaraq onlara 60 (altmış) ədəd xüsusi istilik ölçmə cihazlarının lazım olduğunu bildirmişlər. Tələb edilən cihazların say çoxluğu və nisbətən bahalı avadanlıq olması üzündən onda olmadığını onların nəzərinə çatdırmışdır. Onlar isə öz növbəsində qapı-qapı düşmək istəmədiklərini, bu işi onun təşkil etməyini ondan xahiş etmişlər. O isə öz növbəsində soraqlaşaraq həmin cihazların ölkəyə Cavabdeh1 (AZE17216523, Şuvalan qəsəbəsi, Nizami küçəsi, ev 98) adlı biri tərəfindən gətirildiyini, sözü gedən istilik ölçmə cihazlarının ondan tapılmasının mümkün olduğunu öyrənmişdir. Onunla ona məxsus olan (055) ***-**-** mobil nömrəsi vasitəsi ilə əlaqə yaradaraq, vəziyyəti izah etmiş və müsbət cavab əldə etmişdir. Avadanlıqların ümumi dəyəri hər biri 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 7500 (yeddi min beş yüz) manat edirdi. 60*125=7500. Bunun 6000 (altı min) manatı cihazların maya dəyəri edirdi. Razılaşmaya əsasən, işin yekununda o, avadanlıqların hər biri üçün 25 (iyirmi beş) manat olmaqla, cəmi 1500 (min beş yüz) manat məbləğində qazanc əldə etməli idi. Bu sadə biznes əlaqəsidir. Buna bankın nümayəndəsi özü də rəvac vermişdi. Yəni hər bir halda bank 7500 (yeddi min beş yüz) manat pul ödəyəcəkdi və həmin məbləğin 1500 (min beş yüz) manat olan hissəsi ona çatmalı idi. Elxan həmin 1500 manat olan məbləği ona ödəmişdir. Daha sonra, xx.xx.2020-ci il tarixində o, sonralar tanıdığı Cavabdeh2 (mobil nömrəsi **********) adlı birgə çalışdığı xanımla birlikdə “Hyundai Akcent” markalı, **-KB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə aptekə gələrək sözügedən avadanlıqları bankın nümayəndəsinə onun iştirakı ilə təhvil vermişdir. Lakin bir müddət sonra aydın olub ki, avadanlıqlar tibbi deyil, texniki xarakterlidir. Hansı ki, həmin avadanlıqlar avtomobil təmiri sexlərində rəngsazlar tərəfindən avtomobildə olan ümumi hərarətin ölçülməsi məqsədi ilə istifadə olunur, ondan istifadə olunması insan sağlamlığı üçün zərərlidir. Sonralar o da məlum olub ki, avadanlıqları banka satarkən heç bir əlavə faktura və ya ödəniş qəbzi təqdim edilməmişdir. Mövcud vəziyyəti Elxanın nəzərinə çatdırmışdır. Elxan isə öz növbəsində banka gedərək hər şeyə aydınlıq gətirəcəyinə söz vermişdir. Sonra məlum olub ki, Elxan banka satdığı cihazların 6 (altı) ədədininin (üzərində olan pulun çatdığı həddə) 750 (yeddi yüz əlli) manat pulunu ödəməklə geriyə götürmüşdür. Qalanını isə, yəni 54 (əlli dörd) ədədini pulunu ödəməklə götürəcəyini söz versə də, buna əməl etməmişdir. O da məlum olub ki, Elxan dəfələrlə banka verdiyi sözə əməl etməmişdir, onları yalan vədlər verməklə aldatmışdır. Bundan bir müddət sonra, xx.xx.2020-ci il tarixində bank ondan 54 (əlli dörd) avadanlıqlara görə ödədiyi pulları geri tələb etməyə başlamışdır. O isə öz növbəsində Elxana narazılığını bildirmişdir. Bundan sonra, dövriyyəyə Jalə adlı bir xanım girmişdir. Jalə Elxanla əlbir işləyən şəxsdir, mobil nömrəsi **********. Həmin məbləğin 3250 (üç min iki yüz əlli) manat olan hissəsini artıq banka ödəmişdir ki, bu da cəmi 26 (iyirmi altı) cihazın pulu edir. Həmin pulu yaxınlıqda yerləşən Lombarddan arvadının qızıl-zinət əşyalarını girov qoymaqla pul götürərək ödəmişdir. Hazırda banka 28 (iyirmi səkkiz) cihazın pulunu borcludur. Bu da 3500 (üç min beş yüz) manat edir. Mövcud iqtisadi durğunluq dövründə həmin pulu vaxtlı-vaxtında ödəyə bilmir. Elxan və əlbir olduğu Jalə və Əfsanənin qanunazidd hərəkətləri üzündən maddi rifahı kəskin aşağı düşmüşdür. Bundan başqa, Elxanın əlbir olduğu xanımlardan biri, Cavabdeh2 aptekdən 175 (yüz yetmiş beş) manat məbləğində pul almışdır ki, hələ də, həmin pulu qaytarmır. Hazırda Elxanın və Əfsanənin ona olan borcu banka ödədiyi 2600 (iki min altı yüz) manat, banka ödəməli olduğu 2800 (iki min səkkiz yüz) manat və Əfsanənin aptekdən aldığı 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 5575 (beş min beş yüz yetmiş beş) manat məbləğindədir. Cavabdeh1 və onun əlbir olduğu Cavabdeh2 AR Cinayət Məcəlləsinin bir sıra normalarının, o cümlədən AR CM-nin 32-ci, 178-ci, 200-cü maddələrinin tələblərini kobud şəkildə pozaraq ona külli miqdarda maddi ziyan vurduqlarına görə Azərbaycan Respublikası Dazili İşlər Nazirliyi Yanında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə barələrində qanunamüvafıq tədbirlər görülməsindən ötrü ərizə ilə müraciət etmişdir. Həmin müraciəti aidiyyatı üzrə Xətai rayon Polis şöbəsinə göndərilmişdir. Xətai rayon Polis şöbəsində aparılmış təhqiqat nəticəsində xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 86, 39.1.2 və 212-ci maddələr rəhbər tutularaq “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Ona görə də hesab edir ki, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona olan borcu banka ödədiyi 2600 (iki min altı yüz) manat, banka ödəməli olduğu 2800 (iki min səkkiz yüz) manat və Cavabdeh2 aptekdən aldığı 175 (yüz yetmiş beş) manat pulun və onun məhkəməyə iddia ərizəsi təqdim etmək üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5605 (beş min altı yüz beş) AZN məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona geri ödənilməsi barəsində qətnamə qət etməlidir. Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona olan borcu - banka ödədiyi 2600 (iki min altı yüz) manat, banka ödəməli olduğu 2800 (iki min səkkiz yüz) manat və Cavabdeh2 aptekdən aldığı 175 (yüz yetmiş beş) manat pulun və məhkəməyə iddia ərizəsi təqdim etmək üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5605 (beş min altı yüz beş) AZN məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə etmişdir ki, hal-hazırda “Beynəlxalq Bank” bütün malları qaytarılmış, malların hamısı onun aptekindədir. Bankdan pul götürüb borcunu qaytarıb. Sifarişlər gələndən sonra Bankın nümayəndəsi, Əfsanə xanım və onun iştirakı ilə cihazlar təhvil verilib. Həmin vaxt Əfsanə xanım cihazları divarda, suda və başqa yerlərdə yoxlayıb təhvil verdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iş yoldaşı Ayan xanım ona zəng edib demişdir ki, işə çıxa bilmir, Elnur müəllim istilik ölçmə cihazı, yəni termometr almaq istəyir. O, bu barədə Elxanla danışmış və Elnur müəllimlə əlaqə saxlayaraq bildirmişdir ki, texniki termometrlər var, insan üçün istilik ölçmə cihazları isə bahadı, ancaq onu da istəsə xarici ölkədən gətizdirmək imkanı olduğunu, texniki termometrlərin 32-34 dərəcə göstərdiyini və divarda, suda fərqli ölçü olduğunu, lakin üstünə 4 qradus gəldikdə düzgün göstərdiyini bildirmiş və termometrin şəkillərini Elnur müəllimin telefonuna göndərmiş və o, digər termometrlərin baha olduğunu, bunları bəyəndiyini və 60 ədəd gətirilməsini xahiş etmişdir. Təxmini 2020ci ilin mart ayının 17-si o, Elxan müəllimin maşını ilə 60 ədəd termometrləri Elnur müəllimin aptekinə gətirərək Elnur müəllimə təhvil vermiş və Elnur müəllim orada olan Beynəlxalq Bankın nümayəndəsinə termometrin işlədilməsi qaydasının izah etməsini ondan xahiş etmiş və o, bir qutudan termometri açaraq divarda, suda və adi əşyanın üstündə neçə qradus göstərdiyini onlara göstərərək, izah etmiş, daha sonra Elnur müəllimə bildirmişdir ki, əgər termometrlərdə çat və ya digər qüsür olsa 14 gün müddətinə dəyişdirə bilər. Daha sonra o, aptekdən çıxaraq Elxan müəllimin maşınına əyləşmiş və Elnur müəllimi gözləmişdir. Bir neçə dəqiqə sonra Elnur müəllim onların maşınına əyləşərək ona 6 min manat termometrlərə görə pul vermişdir. Lakin Elnur müəllimin həmin termometrləri Beynəlxalq bankın nümayəndəsinə neçəyə satması və nə qədər pul almasını bilməmiş və görməmişdir. Üstündən bir neçə gün keçəndən sonra Elnur müəllim zəng edərək, bankın nümayəndəsinin cihazin işlədilməsi ilə bağlı sualı olduğunu və banka getməyini xahiş etmiş o, banka gedərək, Fərid müəllimlə görüşmüş cıhazların işlətmək qaydasını yenidən izah etmiş və bankın nümayəndəsi Fərid müəllim ondan soruşanda ki, bu cihaz insan üçündür ya texnikidir o, cihazların texniki olduğunu və Elnur müəllimin də bu barədə xəbəri olduğunu söyləmişdir. Bu zaman Bank əməkdaşı ona bu məsələni Elnur bəylə həll edəcəyini bildirmişdir. Daha sonra Elnur ona “niyə cihazın texniki olduğunu Banka dedin, qaytaracaqlar” demişdir. Problemin hələ təzə başladığı vaxtda o, sırf Elnur müəllimə köməklik etmək niyyəti ilə iddiaçıya cihazları tez bir zamanda qutuda açılmamış vəziyyətdə qaytardıqları təqdirdə ödənişi geri qaytaracaqlarını bildirmiş, çünki həmin ərəfədə hələ müştəri var idi və həmin cihazı daha bahasına sata bilərdilər, lakin cihazlar həmin ərəfədə geri qaytarılmamışdır. Daha sonra pandemiya dövrü olmuş bütün iş yerləri dayanmış və onların da işləri dayanmışdır. Bir müddət vaxt keçəndən sonra iddiaçı termometrlərin geri götürülməsini və pulların qaytarılmasını ondan tələb etmiş, onu polisə və s yerlərə əsassız olaraq vermişdir. Əslinə qalsa, o, Elnur müəllimə cihazları satmış və texniki olduğunu bildirmişdir, Elnur müəllim banka cihazların insan üçün deyil texniki oduğunu söyləməliydi, o bunu etməmiş, indi pulu ondan tələb etməsi tamamilə əsassızdır. O yalnız cihazların çat və ya sınıq çıxdıqda 14 gün müddətində onları yenisi ilə əvəz edə bilərdi. Ona görə də, məhkəmədən iddianın təmin edilməməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iş üzrə Cavabdeh2 dediklərini təsdiqləyərək, iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o Əfsanə ilə birlikdə əvvəllər birlikdə işləyib, bir gün Əfsanə ondan təmassız istilik ölçən termometr tapmasını xahiş etmiş, o həm insan üçün həm də, texniki termometrlərin tapmasını mümkün olmasını bildirmiş, lakin insan üçün termometrlərin daha baha olduğunu və xaricdən sifariş edərək gətirilməsinin mümkün olmasını söyləmiş, Əfsanə Elnurla danışaraq texnikilərin gətirilməsini xahiş etmiş və o, 60 ədəd texniki termometrləri tapmışdır. Əfsanə ilə birlikdə Elnurun aptekinə getmişlər. Orada o, Əfsanəni maşında gözləmiş, Əfsanə Elnur müəllimə termometrləri satmış və o cümlədən də, orada olan bankın nümayəndəsinə termometrin işləmə qaydasını izah etmişdir. Daha sonra Elnur onun maşınına əyləşərək Əfsanəyə 6000 manat pul vermiş və onlar oradan uzaqlaşmışıar. Üstündən bir neçə vaxt keçəndən sonra Elnur Əfsanəyə yığaraq Bankın nümayəndələrinə termometrin işləməsini yenidən izah etməsini xahiş etmiş, Əfsanə bankın nümayəndəsi ilə danışaraq görüşmüş, termometrin işləmə qaydasını yenidən izah etmiş, onlar termometrlərin texniki ya insan üçün olduğunu Əfsanədən soruşmuş və texniki olduğu cavabı alarkən termometrlərin texniki olmasını Elnurun onlara deməməsini və məsələni Elnurla həll edəcəklərini bildirmişlər. Daha sonra Elnur Əfsanəyə yığıb demişdir ki, niyə texniki olduğunu deyib termometrləri qaytaracaqlar. İlk vaxtlar Əfsanə termometrlərin Elnura kömək etmək niyyəti ilə - tez bir zamanda, hamısının birdəfəlik, bağlı şəkildə qaytarılması şərtilə pulun qaytarılması və termometrləri geri götürüb başqa müştəriyə satmaq imkanının olmasını bildirmiş, lakin termometrlər qaytarılmamış, bir çoxu açıq vəziyyətdə olmuş və üstündən xeyli zaman keçmiş, üstəlik pandemiya düşmüş, müştəri də olmamışdır. Qeyd edilənlərə əsasən iddianın əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X8 iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X6 məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmiş, şikayətçiyə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan əlavə, iş materiallarına whatsapp telefon yazışmalarının çıxarışı və səs yazısı əlavə edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh2 arasında 60 (altmış) ədəd xüsusi istilik ölçmə cihazlarının satılmasına dair şifahi razılaşma olmuş, həmin cihazlar Cavabdeh2 tərəfindən iddiaçıya təqdim edilmiş, iddiaçı da öz növbəsində həmin cihazları Beynəlxalq Bank ASC-yə satmış, daha sonra Bank cihazları iddiaçıya qaytarmış və iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona satılan istilik ölçmə cihazlarının razılaşdırıldığı kimi tibbi deyil, texniki olduğunu, bu səbəbdən müştərisi olan Beynəlxalq Bank ASC ilə aralarında pul münasibətlərinə dair mübahisə yarandığını bildirmiş, həmin istilik cihazlarının dəyərinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək, bildirmişdir ki, istilik cihazları barədə iddiaçı ilə razılaşma zamanı tibbi deyil, texniki olduğu bildirilmiş, cihazların texniki olduğu iddiaçıya məlum olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, tərəflər arasında istilik cihazlarının alqı-satqısına dair yazılı əqd bağlanmamış, cavabdeh tərəf cihazların texniki olduğunun iddiaçıya məlum olduğunu bildirmiş, iddiaçı həmin cihazların tibbi olduğuna dair aldadıldığını sübut edən hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, hər iki tərəfin izahatından görünür ki, cihazlar satılmazdan öncə divarda və suda yoxlanılmış, bu hal isə cihazın texniki olduğunun iddiaçıya məlum olduğuna dəlalət edir. İddiaçının sübut kimi təqdim etdiyi yazışmalarda və səs yazısında cihazın tibbi olmağına dair iddiaçının aldadıldığı müəyyən olunmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, hazırkı iddianın hüquqi əsasını Mülki Məcəllədə yer alan alqı-satqı haqqında müqavilə təşkil edir. Belə ki, işdən görünür ki, burada iki alqısatqı müqaviləsi mövcuddur. Birinci alqı-satqı müqaviləsi İddiaçı ilə Cavabdeh2 arasında və ikinci alqı-satqı müqaviləsi İddiaçı ilə Beynəlxalq Bankın nümayəndəsi arasında. Hər iki müqavilə şifahi razılaşma əsasında bağlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşdən görünür ki, Cavabdeh2 60 ədəd termometri iddiaçıya satmış və bunun müqabilində iddiaçıdan pul götürmüş, bundan əlavə, İddiaçı Beynəlxalq bankın nümayəndəsinə 60 ədəd termometri satmış və bunun müqabilində bankdan pul götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 581-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. İşdən görünür ki, satıcı Cavabdeh2 termometrləri iddiaçıya satmamışdan öncə şəklini telefonla göstərmiş, onların divarda və suda və s.yerlərdə hansı hərarətin göstərilməsini izah etmiş və razılaşdığı nümunəyə uyğun olan termometrləri iddiaçıya satmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 596-cı maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Həmin Məcəllənin 617-ci maddəsinə əsasən satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Pərakəndə alqısatqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. Alıcıya bu Məcəllənin 617.1 və 617.2-ci maddələrində göstərilmiş mala dair məlumatı satış yerində dərhal almaq imkanı verilmədikdə o, satıcıdan pərakəndə alqı-satqı müqaviləsinin bağlanmasından əsassız boyun qaçırılması nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər, müqavilə bağlanmış olduqda isə ağlabatan müddətdə müqavilənin icrasından imtina edə bilər, mal üçün ödədiyi məbləğin geri qaytarılmasını və digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Alıcıya mal haqqında müvafiq informasiya almaq imkanı verməyən satıcı malın alıcıya verilməsindən sonra əmələ gəlmiş qüsurları üçün də məsuliyyət daşıyır, bu şərtlə ki, alıcı həmin qüsurların onda belə informasiyanın olmaması ilə əlaqədar əmələ gəldiyini sübuta yetirsin. İşdən görünür ki, İddiaçı termometrlərin tibbi deyil, texniki olmasını cavabdeh tərəfindən ona məlumat verilməməsini iddia etmiş, lakin cavabdeh tərəf buna etiraz edərək həmin termometrlərin texniki olduğunu iddiaçıya bildirməsini, hətta divarda və suda neçə faiz hərarət göstərdiyini bildirdiyini qeyd etmiş, iddiaçı isə termometrlərin tibbi deyil texniki olması barədə onda məlumatın olmamasına dair məhkəməyə hər hansı əsaslı sübut təqdim edə bilməmişdir. X11 Məhkəməsi «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər». Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, alqı-satqı zamanı cihazların tibbi deyil, texniki olmağı barədə məlumatı olmamağı, cihazların təyinatına dair aldadıldığına dair öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmin hal məhkəmə iclasında müəyyən olunmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092 -ci maddələrinə istinad edərək, həmin tələblərin pozulduğunu iddia etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində əsaslandığı halın və maddələrin tələblərinin pozulduğunu iddia etsə də, öz tələbinin əsaslı olduğunu məhkəmədə sübuta yetirə bilməmiş, bununla da məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3064/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3064/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver