Məhkəmə qərarları › İş №2(003)-3082/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3082/2022

29.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3082/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi1 nümayəndəsi və vəkili Vəkil1, Ərizəçi2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 mirasın qəbulu aktının müəyyən olunması barədə ərizəyə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 mirasın qəbulu aktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və miras əmlak olan 0,1905 ha torpaq sahəsinin tərəflərindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışlar ki, X25 07 may 1976-cı il tarixində vəfat etmişdir. Bu barədə xx.xx.1976-cı il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində 40 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. X25 vəfat edərkən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 1973-cü il tarixli çıxarışa əsasən onun mülkiyyətində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0.1905 ha torpaq sahəsi olmuşdur. X1 Sürət Balaqadaş qızı ilə evli olmuşdur. X4 xx.xx.1992-ci il tarixdə vəfat efmişdir. Bu evlilikdən X15 dörd övladı olmuşdur. Övladlardan biri X21 xx.xx.1939-cu il tarixdə doğulmuşdur, xx.xx.1964-cü il tarixdə Ərizəçi1 ilə evlənmişdir. X21 xx.xx.1994cü il tarixdə vəfat etmişdir. Digər övladı X11 xx.xx.1949-cu ildə doğulmuşdur. xx.xx.1976-cı il tarixdə Ərizəçi2 ilə evlənmişdir. X11 xx.xx.2007 tarixində vəfat etmişdir. Digər övlad X22 olmuşdur. X22 hal-hazırda da həmin torpaq sahəsində yaşayır və faktiki sahiblik edir. X22 vərəsəlik işinin açılması ilə bağlı müvafiq sənədləri onlara verməkdən və vərəsəlik işində iştirak etməkdən qətiyyətlə imtina etmişdir. Digər övlad X26 olmuşdur. X26 ölmüş və onun da sənədlərini əldə etmək mümkün olmamışdır. Məlumat üçün bildirmişdir ki, sözügedən torpaq sahəsi 3 yerə bölünmüşdür. Bir hissədə X22 yaşayır və faktiki sahiblik edir, digər hissədə Ərizəçi1 yaşayır və faktiki sahiblik edir, qalan hissədə isə Ərizəçi2 yaşayır və faktiki sahiblik edir. Göstərilənləri əsas gətirib vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 25 saylı Notariat Ofisinə ərizə ilə müraciət etsələr də notariat ofisi onlara xx.xx.2022-ci il tarixli imtina məktubunu təqdim etmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, miras əmlakın 1/3 hissəsi Ərizəçi1 tərəfindən, digər 1/3 hissəsi isə Ərizəçi2 tərəfindən qəbul edilməsi faktı məhkəmə tərəfindən təsdiq edilməlidir. Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 333 nömrəli cavab məktubuna əsasən, Ərizəçi1 və Ərizəçi2 ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Göründüyü kimi ərizəçilərin miras əmlakda qeydiyyatda olması, yaşaması dolayısı ilə faktiki sahiblik etməsi və miras əmlakı qəbul etməsi Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən də təsdiq edilmişdir. Məhkəmə iclasında Ərizəçi1 nümayəndəsi və vəkili Vəkil1 ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında Ərizəçi2 nümayəndəsi və vəkili Vəkil2 ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Maraqlı şəxs Bakı şəhəri 25 saylı notariat ofisi məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X23 ifadəsində bildirmişdir ki, ərizəçilərin qonşusudur. Ərizəçilər ünvan 1 ünvanına gəlin gəlmişlər və təxminən 1953-cü ildən həmin ünvanda yaşayırlar. Onların ərləri ölmüşdür. Ünvanda olan torpaq sahəsi hazırda faktiki olaraq hasar vasitəsilə 3 yerə bölünmüş və hər kəs öz torpaq sahəsində ev tikərək orada yaşayır. Torpaq sahəsinin üçüncü hissəsində ərizəçilərin qaynı Ağaəli Əzizov yaşayır. Torpaq sahəsi Ağababa Əzizova məxsus olmuşdur. Ərizəçi1 Ağababanın oğlu, Ağaəmi Əzizovun arvadıdır. Ərizəçi2 isə Ağababanın oğlu Nurhüseyn Əzizovun arvadıdır. Ərizəçilərin ərləri ölmüş və onlar hazırda uşaqları ilə birlikdə Ağababa Əzizovdan qalmış torpaq sahəsində yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçilərin qonşusudur. O, Ərizəçi1 oğlu İlhamla birlikdə bir sinifdə oxumuş və yaxşı münasibətləri olmuşdur. Ona görə də bilir ki, onların yaşadıqları evin yerləşdiyi torpaq sahəsi babaları Ağababa Əzizovdan qalmışdır. Hazırda həmin torpaq sahəsi hasarla üç yerə bölünmüş və bir hissəsində Ərizəçi1, ikinci hissədə Ərizəçi2, üçüncü hissədə isə Ağababanın oğlu Ağaəli ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, ərizəçilərin qonşusudur. O, ərizəçiləri qonşu kimi tanıyır və yaxşı münasibətləri vardır. Bildiyinə görə ərizəçilərin yaşadıqları torpaq sahəsi onların qaynataları Ağababa Əzizovdan qalmışdır. Ağababanın uşaqları həmin torpaq sahəsini üç yerə bölərək özlərinə çatası payı ayırmışlar. Ərizəçilərin ərləri Ağababanın oğlanları olmuşdur, hazırda ölmüşlər. Ağababanın sağ qalan oğlu Ağaəlidir, o da hazırda torpaq sahəsinin bir hissəsində yaşayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi tərəfindən 1973-cü ilin sentyabr ayında verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (hazırda ünvan 7-in sahibi Ağababa Əzizovdur. Həmin pasportdan görünür ki, evin yerləşdiyi torpaq sahəsi 1905,4 kv.m, yəni 0.1905 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Bakı şəhəri 25 saylı Notariat ofisinin Ərizəçi1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını təsdiq edən sənəd, həmçinin qohumluq münasibətlərini müəyyən edən sənədlər, miras qoyan şəxsin ölüm haqqında şəhadətnamə, eyni zamanda miras əmlaka dair hüquq müəyyənedici sənədlər təqdim olunmadığından X12 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəçinin müraciətinin təmin edilməsindən imtina edilmiş və mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası, mirasın qəbulu faktının təsdiq etmək üçün məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. İş materiallarında olan Bakı şəhəri 25 saylı Notariat ofisinin Ərizəçi2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını təsdiq edən sənəd, həmçinin qohumluq münasibətlərini müəyyən edən sənədlər, miras qoyan şəxsin ölüm haqqında şəhadətnamə, eyni zamanda miras əmlaka dair hüquq müəyyənedici sənədlər təqdim olunmadığından X12 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəçinin müraciətinin təmin edilməsindən imtina edilmiş və mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası, mirasın qəbulu faktının təsdiq etmək üçün məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 571 nömrəli Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X25 xx.xx.1976-cı ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AЗ seriyalı 017205 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X5 arasında xx.xx.1964-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Əzizova” soyadı verilmişdir. İş materiallarında olan İİ-ЖГ seriyalı 442852 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan İ-ЖГ seriyalı 416046 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 il X16 arasında xx.xx.1976-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Əzizova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 569 nömrəli Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X11 xx.xx.1949-cu ildə bakı şəhərində doğulmuş, atası X25, anası isə X2r. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 570 nömrəli Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 xx.xx.1992-ci ildə Bakı şəhəri Xəzər rayonunda ölmüşdür. İş materiallarında olan Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 333 nömrəli məktubundan görünür ki, vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, Ərizəçi1 və Ərizəçi2 ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. İş materiallarında olan X13 və X6 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, qonşuları Ərizəçi1, Ərizəçi2 və X22 qeydiyyatda olduqları ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində 40 ildən artıq olmaqla faktiki yaşadıqlarını təsdiq etmişlər. İş materiallarında olan X7 və X14 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, qonşuları Ərizəçi1, Ərizəçi2 və X22 qeydiyyatda olduqları ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində 40 ildən artıq olmaqla faktiki yaşadıqlarını təsdiq etmişlər. İş materiallarında olan Buzovna Bələdiyyəsi tərəfindən verilmiş yerli vergilərin və ödənişlərin qəbulu üçün xx.xx.2014-cü il tarixli qəbzin surətindən görünür ki, 2014-cü il dövr üçün Ərizəçi1 Məmmədhaşım qızı tərəfindən əmlak vergisi üzrə 21 manat pul ödənilmişdir. İş materiallarında olan Buzovna Bələdiyyəsinin 007387 nömrəli tədiyyə bildirişin surətindən görünür ki, Ərizəçi1 tərəfindən 2016-cı il üçün əmlak verigisinə görə 4,2 manat pul ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda göstərilmişdir ki, Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndinin 5-ci hissəsinə əsasən vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, ərizəçilər tərəfindən müəyyən edilməsi xahiş olunan miras əmlakın qəbul edilməsi faktı - əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olan faktdan ibarətdir. Ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. İşin araşdırılmış hallarından görünür ki, Ərizəçi1 əri X21 və Ərizəçi2 əri X11 xx.xx.1976cı il tarixdə ölmüş X15 birinci növbədə olan vərəsələrindədir. X29 miras qalmış əmlak Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən Bakı şəhəri Əzizbəyov (hazırda ünvan 7 ünvanında yerləşən 0.1905 ha torpaq sahəsindən ibarətdir. X21, xx.xx.1994-cü il tarixdə, X11 isə xx.xx.1949-cu il tarixdə, yəni miras qoyan X15 ölümündən (mirasın açıldığı) tarixdən sonra ölmüşlər. Onlar miras qalmış əmlakda yaşamışlar və ailə qurduqdan sonra da həmin evdə ailələri ilə birlikdə yaşamağa davam etmişlər. Bununla da müəyyən olunur ki, ərizəçilərin ərləri, yəni mirasın qoyanın qanun üzrə birinci növbədə olan vərəsələri tərəfindən miras qalmış əmlakdan faktiki sahiblik etməklə istifadə etmişlər (miras qalmış torpaq sahəsini öz aralarında hasarla bölməklə onlara düşən hissədə tikili tikmişlər) və hazırda da onların ailələri tərəfindən istifadə olunur. Lakin onlar, sağlıqlarında qanunla müəyyən edilmiş qaydada atalarından qalmış miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamələrin verilməsi üçün notariat orqanına müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, miras qoyanın ölümündən sonra onun qanun üzrə birinci növbəli vərəsələrindən olmuş X21 və X11 miras qalmış əmlakı faktiki qəbul etdiklərindən həmin miras qalmış əmlak (torpaq sahəsi) onların mülkiyyəti sayılır. Eyni zamanda iş üzrə ərizəçilər onların vərəsələri olmaqla ərizəçilərin də həmin əmlaka hüquqları yaranmışdır. Yalnız bu hüquqların həyata keçirilməsi üçün (vərəsəlik qaydada şəhadətnamənin verilməsi üçün) ərizəçilərə miras əmlakın faktiki qəbul olunması faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Belə ki, mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim edilmədiyindən notariat ofisi tərəfindən ərizəçilərə miras əmlakla bağlı vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşin araşdırılmış hallarından, iş materiallarından və şahid ifadələrindən müəyyən olunur ki, ərizəçilərin ərlərinə, sonuncuların ataları Ağababa Əzizovdan miras qalmış ünvan 6 ünvanında yerləşən 0.1905 ha torpaq sahəsi hazırda da ərizəçilərin sahibliyində və istifadələrindədir. Yəni ərizəçilər miras qalmış həmin əmlakı faktiki olaraq, ərlərinin ölümündən sonra, ərlərinə məxsus əmlak kimi qəbul etmişlər. Bundan başqa həmin əmlaka sahiblənməklə öz aralarında, digər vərəsə olan X22 ilə birlikdə hasarla faktiki olaraq bölmüşlər. Bununla da iş üzrə vərəsələr arasında miras əmlakla bağlı mübahisənin olmadığı da müəyyən edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xahiş olunan faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan və ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə qeyd edilən mirasın qəbul edilməsi iş materialları ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə təmin edilərək Ərizəçi1 və Ərizəçi2 tərəfindən X29 miras qalmış ünvan 6 ünvanında yerləşən 0.1905 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi1 və Ərizəçi2 tərəfindən X29 miras qalmış ünvan 6 ünvanında yerləşən 0.1905 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar