Məhkəmə qərarları › İş №2(003)-3098/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3098/2024

11.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3098/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2012-ci ildən 2024-cü ilədək olan dövr üzrə istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Ərizədə əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi xahiş edilsə də, tələb olunan məbləğ konkret şəkildə göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar