Məhkəmə qərarları › İş №2(003)-3116/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3116/2021

06.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3116/2021 06.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Namizəd Kərimovun iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Xəzər rayonu, V.Seryoqin küçəsi ev 8b mənzil 35-dən istifadə hüququnun olmamasının müəyyən edilməsi və onun əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsind yerləşən 8b saylı evin 35 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Mənzildə o, arvadı X1, oğlu X6, keçmiş gəlini və nəvəsi X8 yaşayırlar. Cavabdeh keçmiş gəlinidir. Cavabdeh, oğlu X7 ilə ailə qurmuş və ona məxsus mübahisəli mənzilə gəlin köçmüşdür. Oğlu Zaur 22 sentyabr 2012-ci il tarixdə ölmüşdür. Həmin vaxtdan hal-hazıradək cavabdeh ona məxsus mənzildə yaşamaqda davam edir. Cavabdeh sonradan, yəni 04 avqust 2009-cu il tarixdə həmin mənzilə pasport qeydiyyatına düşmüşdür. Hesab edir ki, cavabdehin onun mənzilinə qeydiyyata düşməsi heç bir hüquqi nəticə yaratmır. Belə ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ barədə onunla mənzilin sahibi kimi onun arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanmadığından və cavabdehin həmin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, ona məxsus mənzildən istifadə hüququ əmələ gəlməmişdir. Bundan başqa, cavabdehin mənzilimdə qeydiyyatda qalması onun artıq kommunal xərclər ödəməsinə səbəb olur. Bu səbəbdən hesab edir ki, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsində yerləşən 8b saylı evin 35 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilməlidir. Həmçinin, cavabdeh mənzilindən istifadə hüququ olmadığıhalda həmin mənzildə yaşamaqla onun tam şəkildə mülkiyyət hüquqlarından istifadəni məhdudlaşdırır və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüququn həyata keçirilməsinə cavabdeh tərəfindən maneçilik törədilir. Bu səbəbdən hesab edir ki, cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsində yerləşən 8b saylı evin 35 saylı mənzilindən çıxarılmalıdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsində yerləşən 8b saylı evin 35 saylı mənzilindənistifadə hüququ olmayan hesab edilməklə cavabdehin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizənin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, cavabdeh X9 15.06.2008-ci il tarixdə iddiaçının oğlu mərhum X7 ilə ailə həyatı qurmuş və əri ilə birlikdə iddiaçının mənzilində yaşamışdır. 04 avqust 2009-cu ildə həmin mənzilə pasport qeydiyyatına düşmüşdür. Onların birgə nikahından 11 yaşlı qızı vardır. İddiaçının oğlu Zaur Rzayev 22 sentyabr 2012-ci ildə vəfat etdikdən sonra cavabdeh azyaşlı qızı ilə həmin mənzildə yaşayır. Yaşayış yeri üzrə qeydiyyata alınması haqqında qanunda göstərilmişdir ki, Yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin veridiyi ərizə ilə ona məxsus yaşyış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə veririlir. Cavabdeh ərinin yaşadığı mənzilə pasport qeydiyyatına düşmüşdür, pasport qeydiyyatına alınarkən mənzilin mülkiyyətçisi (iddiaçı) tərəfindən razılıq ərizəsi verilmişdir. Cavabdeh Nuru Rzayeva 01.10.2009-cu il tarixədək mənzildə yaşamışdır, ona görə də o, azyaşlı qızı ilə həmin mənzildə yaşamaq hüququna malikdir, həmin hüquq ailə münasibətlərinə xitam verildikdən sonra da saxlanılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 06.05.1994-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsində yerləşən 8b saylı evin 35 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsində yerləşən 8b saylı evin 35 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22.09.2012-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, qanunveriliciliyin tələblərinə əsasən Cavabdeh isə mülkiyyətçinin ailə üzvü olmamaqla, həmin mübahisəli mənzildə 2019-cu ilin may ayından yaşasa da, həmin mənzilə münasibətdə hər hansı bir hüquq əldə etməmişdir. Eyni zamanda mülkiyyətçinin mülkiyyət hüquqlarının sərbəst surətdə həyata keçirilməsinə maneçilik törədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında da heç bir razılaşma olmadığından, iddiaçının iradəsinin əleyhinə cavabdeh mübahisəli mənzildə saxlanıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryoqin küçəsində yerləşən 8b saylı evin 35 saylı mənzilindən istifadə hüququ olmayan hesab edilməklə çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar