Məhkəmə qərarları › İş №2(003)-3127/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3127/2025

21.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3127/2025 21.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı cavabdeh Laçın rayonu Ə.İsaxanov adına Quşçu kənd tam orta məktəbinin direktoru Elnurə Vəliyevaya qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh Laçın rayonu Ə.İsaxanov adına Quşçu kənd tam orta məktəbinin direktoru Elnurə Vəliyevaya qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Belə ki, iddia ərizəsində göstərilməli olan məlumatlardan biri də iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdığı hallardır. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arsındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Mövcud iddia ərizəsinin məzmunundan aydın görünür ki, iddiaçı ərizəsində cavabdehdən xx.xx.2025-ci il tarixli xitam əmrinin –işə bərpa edilməsi ilə əmr edilməsinində köməklik göstərilməsini xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, göstərilən cavabdehə qarşı hər hansı bir tələb irəli sürülmədiyindən, iddia ərizəsi onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Həmçinin iddiaçı hazırki mübahisənini məhkəmədən kənar həllinə dair heç bir sənəd əlavə etməmişdir. Həmin Qanununun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Qeyd edilən Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Məhkəmə hesab edir ki, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak tələbinə riayət edilməsinə dair müvafiq təsdiqedici sənəd məhkəməyə təqdim edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Laçın rayonu Ə.İsaxanov adına Quşçu kənd tam orta məktəbinin direktoru Elnurə Vəliyevaya qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar