Məhkəmə qərarları › İş №2(003)-3180/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3180/2021

24.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3180/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eibar qızı və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eibar qızı və Cavabdeh3 xüsusi milkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanından istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzil onun xüsusi mülkiyyətindədir. Bu barədə ona 19.08.1998-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Lakin bir müddət əvvəl onun qohumları olan Cavabdeh1, Cavabdeh2 Eibar qızı və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına düşmüşlər. Həmin gündən hazırkı günə qədər onlar bir gündə olsun bu mənzildə yaşamamışlar. Həmin şəxslərin yaşadıqları evin ünvanı ona məlum deyildir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə iclasında bildirmişdir ki, Viktoriya onun qızıdır, Kamilla və Leyla onun nəvləridir. Cavabdehlər mübahisəli mənzildə 2016-cı ildən yaşamırlar. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eibar qızı və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını, işə əlavə edilmiş sənədləri araşdıraraq və işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 167349 nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 428 nömrəli reyestr kitabının 22209 nömrəli vərəqində 19.08.1998-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 05.07.2018-ci il tarixli 2(103)- 6875/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X9, X3, X4, X8, X5 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qeydiyyat ünvanlarında düzəliş edilməklə “ünvanlarının” ünvan 2ilməsi”, “Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ona məxsus ünvan 3 ünvanında yerləşən mənzilə olan istifadə hüquqularının itirilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1027/2018 nömrəli iş üzrə 04.04.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 05.07.2018-ci il tarixli 2(103)- 6875/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1027/2018 nömrəli iş üzrə 04.04.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə araşdırması gedişində müəyyən olunmuşdur ki, ünvan 1 İddiaçı mükiyyətindədir. Mülki iş üzrə cavabdehlər Cavabdeh1 iddiaçının qızı, Cavabdeh2 Eibar qızı və Cavabdeh3 isə nəvələridir. Hazırda İddiaçı cavabdehlərin həmin mənzildə yaşamadıqları üçün onların istifadə hüququna xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir...və bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər... uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1027/2018 nömrəli iş üzrə 04.04.2018-ci il tarixli qətnaməsi müəyyən edilmişdir ki, iddiaçı o zaman məhkəməyə müraciət edərkən cavabdehlərin mənzilində qeydiyyatda olmalarını bilməmişdir, hazırki iddianın əsası isə cavabdehlər iddiaçıya məxsus mənzildə uzun müddət yaşamırlar. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 05.07.2018-ci il tarixli 2(103)-6875/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdelərin iddiaçıya məxsus mənzilə istifadə hüququ məhkəmə qətnaməsi ilə tanınmışdır. Onlar istifadə hüququnun itirilməsi yalnız müvafiq kompensasiya təklif edilməklə, yaxud evdən istifadə ehtiyacının olmaması sübut olunmalıdır. İddiaçı isə hazırki iş üzrə belə tələb irəli sürməmişdir. Bundan əlavə, cavabdehlərin başqa yerdə yaşaması səbəbindən iddiaçıya məxsus evdən istifadə hüqununun əsaslarının aradan qalxdığı və bu əsasla evdən istifadə hüququna xitam verilməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eibar qızı və Cavabdeh3 qarşı xüsusi milkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanından cavabadehlərin istifadə hüquqlarının itirilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Eibar qızı və Cavabdeh3 qarşı xüsusi milkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanından cavabadehlərin istifadə hüquqlarının itirilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar