Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3282/2021 25.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh (Maraqlı şəxs qismində cəlb edilməklə) qarşı torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (Maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 4 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* nömrəli, 20.12.2016-cı il tarixli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla üzərində icarə hüquqları qeydiyyat alınmış, Bakı şəhəri Xəzər rayonu inzibati ərazisi, Abşeron rayon donuzkökəltmə sovxozunun ərazisi ünvanında yerləşən 1.6 hektar torpaq sahəsindən Cavabdeh Qəhraman oğlunun çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs tərəfindən vətəndaş X2 99 il müddətinə icarəsinə verilmiş Bakı şəhəri Xəzər rayonun inzibati ərazisində yerləşən (Abşeron rayon donuzkökəltmə sovxozunun ərazisi ünvanında) 1.60 hektar torpaq sahəsi üzərində icarə hüquqlarını 29.11.2016-cı il tarixində 3M-1921 nə ilə qeyd edilmiş notarial qaydada təsdiq edilmiş torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqısı müqaviləsi ilə satın almışdır. Həmin müqavilə əsasında yaranmış hüquqları daşınmaz Əmləkın Dövlət Reyestri Xidmətini 4 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* nömrəli 20.12.20216-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla qeydiyyata alınaraq rəsmiləşmişdir. Torpaq sahəsinə dair 03.12.2016-cı il tarixli plan və ölçü tərtib edilərək verilmişdir. Torpaq sahəsinin hüdudları və ölçüləri naturada müəyyən edilmişdir. Ancaq torpaq sahəsi cavabdeh tərəfindən özbaşına zəbt edilmişdir. Onun tərəfindən torpaq sahəsində özbaşına tiklilər inşa edilmişdir. Nəticə etibarı ilə torpaq sahəsindən qanuni əsaslarla istifadə etməyə maneə yaradılmışdır. Həmin torpaq sahəsinin özbaşına zəbt edilməsi faktı ilə bağlı qaldırılmış cinayət işi ilə üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü çıxarılmışdır. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-255/2021 nömrəli 08 aprel 2021-cu il tarixli qərarı ilə həmin hökm iş üzrə mülki iddianın təmin edilməsi hissəsində dəyişdirilməklə mülki iddiaçılıarm iddia ərizələri baxılmamış saxlanılmışdır. Qeyd olunanlara əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 4 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* nömrəli, 20.12.2016-cı il tarixli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla üzərində icarə hüquqları qeydiyyat alınmış, Bakı şəhəri Xəzər rayonu inzibati ərazisi, Abşeron rayon donuzkökəltmə sovxozunun ərazisi ünvanında yerləşən 1.6 hektar torpaq sahəsindən Cavabdeh Qəhraman oğlunun çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı, cavabdeh və maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən 20.12.2016-cı il tarixli RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1.60 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 136/2018 saylı 01 oktyabr 2018-ci il tarixli hökmün surətindən görünür ki, həmin hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh heç bir hüquqi əsası olmayan 02.04.2004-cü il tarixli Binə kənd təsərrüfatı məhsulları müəssisəsi ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsi və 02.04.2004-cü il tarixli Binə kənd təsərrüfatı məhsulları müəssisəsinə məxsus 2 ədəd tövlələrin və 3 ədəd müəssisəsinin balansında olan köməkçi tikililərin ona təhvil verilməsi barədə saxta sənəd hesab olunan aktı qanunsuz hazırlayaraq, bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Həmin hökmlə həmçinin müəyyən edilmişdir ki, icarə hüququ ilə İddiaçı məxsus mübahisəli torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsində və sahibliyində olması, həmçinin bu torpaq sahəsinin Abşeron İcra Hakimiyyətinin balansında olması və icarə hüququ ilə İddiaçı məxsus olması məhkəmə iclasında öz təsdiqini tapdığından, mülki iddia təmin edilmiş, Cavabdeh Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1.6 ha torpaq sahəsindən çıxarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 1(103)-255/2021 saylı 08.04.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 136/2018 saylı 01 oktyabr 2018-ci il tarixli hökmü “Cavabdeh Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1.6 ha torpaq sahəsindən çıxarılsın” hissəsində dəyişdirilib, mülki mühakimə icraatında baxılmalı olduğundan, baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, iş materiallarına əlavə edilmiş məhkəmə hökmü və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, Cavabdeh Abşeron İcra Hakimiyyətinin balansında olan və icarə hüququ ilə İddiaçı məxsus olan Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1.6 ha torpaq sahəsini zəbt etməklə iddiaçının torpaq sahəsindən istifadəsinə maneə yaradır. Bununla da iddiaçı öz torpaq sahəsindən sərbəst istifadə imkanından məhrum olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdeh torpaq sahəsindən çıxarılmalıdır. İddia tələbinin torpaq sahəsində yerləşən tikilinin sökülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tikilinin mövcud olması və cavabdeh tərəfindən inşa olunması məhkəmə araşdırılması zamanı müəyyən olunmamış, iddiaçı həmin hissədə öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyindən, rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 93-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1.6 ha torpaq sahəsindən çıxarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1.6 ha torpaq sahəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3282/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3282/2021
25.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver