Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3298/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Hətəmxan oğluna və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu, 93K saylı evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 90.7 kvm sahəsi olan mənzil onun tam mülkiyyətimdədir. Belə ki, bununla bağlı AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ona müvafiq çıxarış da təqdim olunmuşdur. Bildirmişdir ki, sözügedən yaşayış sahəsi 06.09.2019-cu il tarixdə alqı-satqı yolu ilə əldə olunmuşdur. Daha sonra isə oğlu xaricdə təhsil almaq məqsədi ilə ölkə xaricinə getdiyindən evi bağışlama yolu ilə onun adına keçirmişdir. Lakin cavabdehlər ev satılmasına baxmayaraq bugünki günə kimi evdən çıxmaqdan imtina edirlər. Belə ki, qoşma vasitəsi ilə iddia ərizəsinə əlavə etdiyim arayışdan da göründüyü kimi cavabdehlər həmin mənzildə qeydiyyatda deyillər. Lakin uzun müddətdir mənzilləri cavabdehlər tərəfindən sözün əsl mənasında zəbt edilməkdədir. Cavabdehlər isə hər dəfə müxtəlif bəhanələrlə evdən çıxmaqdan imtina edirlər. Halbuki cavabdehlərin hazırki əməlləri nəticəsində o, mülkiyyətindən istifadə edə bilmir. Hesab etmişdir ki, cavabdehlərin yaşayış sahəsindən çıxarılması və mənzilinin yenidən onun mülkiyyətinə qaytarılması təmin olunmalıdır. Əks halda onun hüquqları pozulmağa davam edəcəkdir. Yuxarıda qeyd etdiyi xüsusatlardan açıq-aşkar görünür ki, ünvan 1 ünvanındakı mənzil onun tam mülkiyyətindədir. Lakin ilk başda oğlu tərəfindən alqı-satqı yolu ilə əldə etdikləri mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Buna görə də hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 Hətəmxan oğlunun və X2 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması və evin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra iddiaçı tərəf Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi. Donuzkökəltmə Sovxozu, 93K saylı evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, cavabdeh satdığı mənzili iddiaçıya təhvil vermir. Belə ki, ona hər dəfə müraciət edəndə, möhlət verilməsini istəyir. Hazırda isə hələ də, mənzil ona təhvil verilməmiş, onun mülkiyyət hüquqları cavabdeh tərəfindən kobud surətdə pozulmuşdur. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini etiraf etməyəərk izahatında bildirmişdir ki, Şirvan Abbasov onun oğludur. X1 faizə borc pul götürmüşdür. Sonralar borcu ödəyə bilmədiyindən sözügedən evi girov qoşulmuşdur. Hazırda da öyrənmişlər ki, evi öz adlarına rəsmiləşdirmişlər. O evdə özü və arvadı Cavabdeh2 yaşayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Məhkəmə iclasında tədqiq olunmuş X5 əvəzinə X6 ilə X8 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə X5 əvəzinə X6 ilə X8 arasında 06.09.2019-cu il tarixdə ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 90.7 kv.m-dən ibarət olan fərdi yaşayış evinin 65.000 manata satılmasına dair bağlanmışdır. Məhkəmə iclasında tədqiq olunmuş X8 ilə İddiaçı arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, həmin müqavilə X8 ilə İddiaçı arasında 17.06.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 90.7 kv.m-dən ibarət olan fərdi yaşayış evinin bağılanmasına dair bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. X5 əvəzinə X6 ilə X8 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 11-ci bəndindən görünür ki, Satıcı evi yardımçı vasitələri ilə birlikdə Alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 06.03.2020-ci il tarixinədək müddətində onun faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 570.1-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda həmin evdə yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızıdır. Satılan mənzil iddiaçıya (alıcıya) təhvil verməmişdir. Həmçinin alqı-satqı müqaviləsi ləğv edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğısatqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. X5 əvəzinə X6 ilə X8 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 8-ci bəndindən görünür ki, satıcı alıcı alıcıya üçünçü şəxslərin hüquqlarından azad ev verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmədə cavabdeh tərəfin mübahisəli evi satmaq deyil, evi borc əvəzi girov qoymaq niyyəti ilə alqı-satqı müqaviləsi bağlandığı barədə dəlliləri sübuta yetirilmədi və bu barədə məhkəməyə mötəbər sübut təqdim edilmədi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu 93K evdən çıxarılmalı və həmin ev boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu 93K saylı evdən çıxarılsınlar və həmin ev onlar tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3298/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3298/2021
05.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver