Məhkəmə qərarları › İş №2(003)-3322/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3322/2021

02.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3322/2021 02.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə İddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES qəsəbəsi, Dəniz döngəsi küçəsi, 44 saylı evə istifadə hüquqlarına xitam verilməsi və mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən keçirilmiş hərracda X8 məxsus ünvan 1 ünvanında yerləşən 0.0589 ha torpaq sahəsi və 202 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi satılmadığına görə 08 dekabr 2016-cı il tarixdə "xxxx" MMC tərəfindən əldə edilmiş və hazırda mülkiyyət hüququna dair çıxarışla rəsmiləşdirilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-3498/2018 saylı iş üzrə 28.11.2018-ci il tarixli qətnaməsi ilə X10, X1 Zümrüd Bəşir qızı tərəfindən ünvan 1 ünvanında yerləşən 0.0589 ha torpaq sahəsi və 202 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi qət edilmiş, cavabdeh X2 qeyd edilən qərardan verdiyi apellyasiya şikayəti təmin edilməmiş və bu qərardaddan kassasiya şikayəti verilməmişdir. Qeyd olunanlara əsasən, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES qəsəbəsi, Dəniz döngəsi küçəsi, 44 saylı evə istifadə hüquqlarına xitam verilməsi və mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3498/2018 saylı 28 noyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X10, X1 Zümrüd Bəşir qızı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES qəsəbəsi, Dəniz döngəsi küçəsi, 44 saylı evin boşaldılaraq əmlakın mülkiyyətçisi "xxxx" BOKT MMC-yə təhvil verilməsi qərara alınmışdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, mübahisə predmeti olan ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən açıq hərracda satılmış, "xxxx" BOKT ASC tərəfindən alınaraq sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırki iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Şimal DRES qəsəbəsi, Dəniz döngəsi küçəsi, 44 saylı evdən istifadə hüquqları barədə onlarla həmin mənzilin sahibi arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, cavabdehin həmin mənzildən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi, mübahisəli ev kreditin qaytarılması üçün ipoteka qoyulduğu, iddiaçının mülkiyyətində olub cavabdehlə mülkiyyətçi arasında istifadə hüququ ilə bağlı yazılı razılaşma olmadığı üçün məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evə istifadə hüquqları mövcud deyil. Cavabdehin mübahisəli evdən istifadə hüquqlarının mövcud olmamasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqları mövcud olmadığı halda həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsindən də söhbət gedə bilməz və bunun üçün qanuni əsaslar mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”- nun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES qəsəbəsi, Dəniz döngəsi küçəsi, 44 saylı saylı ev Cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES qəsəbəsi, Dəniz döngəsi küçəsi, 44 saylı ev Cavabdeh tərəfindən boşaldılaraq, mülkiyyətçi "xxxx" BOKT ASC-yə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar