Məhkəmə qərarları › İş №2(003)-3336/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3336/2023

08.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3336/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Əzizbəyov Rayon 563 saylı aptekə qarşı əmək müqaviləsinə sistem üzərindən xitam verilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Əzizbəyov Rayon 563 saylı aptekə qarşı əmək müqaviləsinə sistem üzərindən xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı informasiya sistemində deaktiv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən məhkəmə müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını, və ya müəyyən hüquqlarının tanınmasının məhkəmədən xahiş etdiyi tələblər başa düşülür. İddiaçı, bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı informasiya sistemində deaktiv edilməsi barədə qeyri-müəyyən tələblə məhkəməyə müraciət etməklə cavabdeh tərəfindən hansı hərəkətlərin yerinə yetirilməsinin tələb olunması anlaşılan deyil. Bununla da iddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı, cavabdehlə bağlanmış əmək müqaviləsinə kağız üzərində ləğv edilməsini əsaslanmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə predmetinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə müvafiq qaydada bu barədə işəgötürən tərəfindən məlumatın göndərilməsinin tələb edilməsindən ibarət olması hesab edildikdə isə bununla bağlı iddiaçı tərəfindən cavabdehdən (işəgötürəndən) tələb edilməsi və onun tələbinin yerinə yetirilməsindən imtina edilməsi barədə hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsinə ümumiyyətlə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi, mülki prosessual qanunvericiliklə ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən və cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Əzizbəyov Rayon 563 saylı aptekə qarşı əmək müqaviləsinə sistem üzərindən xitam verilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar