Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3384/2021 02.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Bakqazmaş”yataqxanasında yerləşən evə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh ilə 14 sentyabr 1994-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, birgə nikahdan iki övladları doğulmuşdur. Digər İddiaçı2 oğludur və onlar birlikdə kirayədə qalırlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3244/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikahın pozulması qət edilmişdir. Onlar ailə qurarkən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “BAKQAZMAŞ” yataqxanasında yerləşərək, burada birgə təsərrüfat aparmışlar. Qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “BAKQAZMAŞ” yataqxanasını sökərək yerində daha yeni binanı inşa etmiş və onlara ev verilmişdir. Buna baxmayaraq cavabdeh onları həmin evdə yaşamalarına mane olur, orada yaşamağa qoymur. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur və oğlu ilə birlikdə kirayədə qalırlar, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Daha sonra iddiaçılar iddia tələbini dəqiqləşdirərək onların cavabdehin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Bakqazmaş” zavodunun (yeni tikilmiş) yataqxanasında yerləşən evin 2-ci giriş 4-cü mərtəbəsində yerləşən 69 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iddiaçılar iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək izahatında bildirdi ki, İddiaçı1 və İddiaçı2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Bakqazmaş” zavodunun (yeni tikilmiş) yataqxanasında yerləşən evin 2-ci giriş 4-cü mərtəbəsində yerləşən 69 saylı mənzilə köçürülmələrinə etiraz etmir. Məhkəmə işdə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 21.04.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 380639 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında olan nikah qeydi 21.04.2021-ci il tarixdə pozulmuşdur. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsindən iddiaçılara qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçıların həmin mənzilə köçürülməsi üçün qanuni maneə yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da cavabdehlə eyni şərtlər daxilində həmin mənzildən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçıların həmin mənzilə köçürülməsindən onun imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Eyni zamanda, iddia tələbi digər tərəfdən ona görə təmin edilməlidir ki, iddia tələbi həm də cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Bakqazmaş” zavodunun (yeni tikilmiş) yataqxanasında yerləşən evin 2-ci giriş 4-cü mərtəbəsində yerləşən 69 saylı mənzilə köçürülsünlər. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3384/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3384/2021
02.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver