Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3402/2020 10.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nihahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx xxxxxxxx 2019-cu il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlamışlar. Lakin toyları olmamış, ər evinə gəlin köçməmişdir. Aralarında yaranan müəyyən narazılıqlara görə ailə qurmaqdan imtina etmiş və evlilikləri baş tutmamışdır. Cavabdehlə hazırda ailə qurmaq niyəti yoxdur. Bir-birlərinə qarşı əmlak tələbləri yoxdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, tərəflərin niyyətləri ailə qurmaq olsa da, toy olmayıb, bir yerdə ailə kimi yaşamamışlar. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddiaçının iddiasının əsası kimi istinad etdiyi dəlilləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T seriyalı 022707 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 148 nömrə ilə qeyd edildmişdir. Nikah bağlandıqdan sonra ərə arvada Məmməd-zadə soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli etirazında qeyd edilmişdir ki, onlar xx xxxxxxxx 2019-cu ildə rəsmi nikaha daxil olmuşlar. Ailə qurmaq niyyətiləri olmuş, heç bir səbəb olmadan iddiaçı toya razılıq verməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını tələb etmişdir.Belə olan halda aramızda xx.xx.2019-cu il tarixdə bağlanmış nikah məhkəmə qaydasında pozulmallı, ləğv edilməməli, etibarsız sayılmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Nikah yaşı” adlanan 10-cu, “Nikahın bağlanma şərtləri” adlanan 11-ci, “Nikahın bağlanmasına mane olan hallar” adlanan 12-ci və “Nikaha daxil olan şəxslərin tibbi müayinəsi” adlanan 13-cü maddələrinin (yəni, AM-in 13.3-cü maddəsinin) şərtlərinin pozulması halı müəyyən olunmadı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız saylımasını tələb etmək hüququna malikdir. Digər tərəfdən, qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, məhkəmə qeyd edir ki, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, həmçinin ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb olacaqdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Qanunvericinin qeyd edilən mövqeyi, müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış nikahın hüquqi nəticələrinin tanımaqla bərabər, həmçinin nikaha daxil olarkən şəxslərin iradə ifadəsinin ailə qurmaq istiqamətində olması “prezumpsiyasını” yaradır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir”. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki mübahisəyə də məhz yuxarıda göstərilən aspektdən, yəni nikaha daxil olan şəxslərin iradə ifadələrinin təfsiri aspektindən yanaşılmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarından və işin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər könüllü razılıq əsasında xx.xx.2019-cu il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və nikahlarını 148 saylı akt qeydi ilə rəsmiləşdirilmişlər. İddiaçı isə nikahın qeydə alındığı vaxtdan bir il keçdikdən sonra onların ailə qurmaq niyyətinin olmamasına əsaslandıraraq nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, o cümlədən, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Belə ki, nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyəti olmuşdur. Çünki tərəflər niyyətlərini bildirməklə ərizə ilə müraciət etmiş, xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Məhkəmə, qeyd edir ki, qanunverici nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir. Lakin hazırkı mülki işə baxılması zamanı isə bu hal təsdiq olunmamışdır. Çünki işin yuxarıda göstərilən halları təsdiq edir ki, tərəflərin nikahı bağlanarkən iki şəxsin birgə ailədə yaşamaq niyyətləri durmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan əlavə, cavabdehin iddiaçının iddia ərizəsində göstərilənləri etiraf etməsi qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiasının əsası kimi istinad edilən halların cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olduğundan, cavabdehin göstərilən halları etiraf etməsi də həmçinin qəbul edilməməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidr. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Hüsenqulu oğlu arasında Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə iddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3402/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3402/2020
10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver