Məhkəmə qərarları › İş №2(003)-348/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-348/2024

02.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-348/2024 02.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bakı şəhəri Cavabdeh4 maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1nə, Cavabdeh3nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı "torpaq sahəsinin çıxarışının etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Bakı şəhəri Cavabdeh4 maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1nə, Cavabdeh3nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı "torpaq sahəsinin çıxarışının etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin ona məxsus olan 7 ha torpaq sahəsinə aldığı çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar Ağdam Kooperativinin hüquqi varisi olan Ağdam kəndli fermer təsərrüfatının təsisçiləridirlər. xx.xx.1988-ci ildə mübahisəli ərazidə 2 ha torpaq sahəsi Ağdam Kooperativinə ayrılmışdır. xx.xx.1996-cı ildə isə Ağdam Kooperativi ləğv edilmiş və Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə həmin kooperativin bazasında hüquqi varis olaraq 7 ha torpaq sahəsində Ağdam kəndli fermer təsərrüfatı yaradılmışdır. Təsərrüfat uzun müddət fəaliyyət göstərmiş və nümunəvi təsərrüfatlardan birinə çevrilmişdir. Daha sonra inzibati ərazi və torpaq sahəsi Bakı şəhəri Cavabdeh4nə məxsus olduğu halda Cavabdeh3 həmin ərazini Donuzkökəltmə sovxozunun ərazisi hesab etməklə 99 ilmüddətində Cavabdeh1 MMC-yə icarəyə vermişdir. Halbuki torpaq sahəsinin yerləşdiyi ərazi kooperativin ərazisi olmaqla Bakı Şəhəri Cavabdeh4 sərəncamında olmuş, həmin ərazinin Donuzkökəltmə sovxozuna heç bir aidiyyəti olmamışdır. Çünki sovxoz mövcud olan tarixdə kooperativ mövcud olmuş, öz ahibliyində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. Bir neçə il bundan qabaq Cavabdeh1 MMC tərəfindən qanunsuz olaraq təsərrüfatın ərazisində olan kooperativə məxsus tikili əmlaklar sökülmüşdür. Məcburiyyət qarşısında təsərrüfata məxsus heyvanlar həmin ərazidən köçürülmüş və hazırda başqasına məxsus ərazidə saxlanılır. Cavabdeh3 və X4 Məhsulları MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 306 saylı icarə müqaviləsinə görə Cavabdeh3 tərəfindən Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən, ümumilikdə 203,75 ha torpaq sahəsi şirkətə icarəyə verilmişdir. xx.xx.2006-cı il tarixli, MH 0002369, 0002370, 0002371, 0002372, 0002373, 0002374, 0002375, ******* saylı çıxarışlara əsasən X4 Məhsulları MMC həmin torpaq sahəsinə icarə hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. xx.xx.2002-ci il tarixli, RX 0014183, 0014186, ******* saylı və xx.xx.2012-ci il tarixli, MA 039598, 0395600, 0395601, 0395602, ******* saylı çıxarışlara əsasən "xxxx" MMC-nin həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır. İddia predmeti olan torpaq sahəsi guya Abşeron rayonunun inzibati ərazisində olmaqla Cavabdeh3 və X4 Məhsulları MMC arasında bağlanmış xx.xx.2006-ı il tarixli, 306 saylı icarə müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən, ümumilikdə 203,75 ha torpaq sahəsi X4 Məhsulları MMC-yə icarəyə verilmişdir. Həmin torpaq sahəsi Abşeron rayonunun ərazisində deyil və Cavabdeh3 və X4 Məhsulları MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 306 saylı icarə müqaviləsinə əsasən xx.xx.2006-cı ildən X4 Məhsulları MMC-yə verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh3 deyil, Bakı Şəhəri Cavabdeh4 ərazisində yerləşir. Ona görə də Cavabdeh1 MMC-yə verilmiş çıxarış etibarsızdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-nin ona məxsus 9 ha torpaq sahəsinə dair Cavabdeh3 ilə bağladığı müqavilənin (icarə müqaviləsinin), eləcə də həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatına alınması barədə verilmiş çıxarışın etibarsız hesab olunması və həmin torpaqla bağlı istifadə hüququnun bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə dair yazılı etirazla məhkəməyə müraciət edərək İddiaçı iddia tələblərinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 2015-ci ildə cavabdeh İddiaçı, üçüncü şəxs X1 və Bakı şəhəri Cavabdeh4nə qarşı qanunsuz zəbt edilmiş Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 203,75 ha torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Cavabdeh4nə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı hazırki iddia predmetini təşkil edən 7 ha torpaq sahəsinə hər hansı hüququnun mövcud olub-olmaması araşdırılmış və bu cür hüquq aşkarlanmadığı üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 14 aprel 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 06 mart 2019-cu il tarixli qətnaməsi qərarı ilə məhkəmə aktı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında İddiaçı istifadəsində olan torpaq sahəsinin cavabdeh "xxxx" MMC-nin istifadəsində olan ümumi 203,75 ha torpaq sahəsinə aid olub-olmaması, İddiaçı istifadəsində olan torpaq sahəsinin Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) rayon XDS-nin xx.xx.1988-ci il tarixli, 15/585 saylı sərəncamı ilə Ağdam kooperativinin istifadəsinə ayrılmış 2 ha torpaq sahəsi və Ağdam kəndli (fermer) təsərrüfatının fəaliyyət göstərdiyi Binə qəsəbəsində 7 ha torpaq sahəsinə aid olubolmaması, həmçinin Cavabdeh1 MMC-yə icarəyə verilmiş torpaq sahəsi ilə Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) rayon XDS-nin xx.xx.1988-ci il tarixli, 15/585 saylı sərəncamı ilə Ağdam kooperativinin istifadəsinə ayrılmış 2 ha torpaq sahəsi və Ağdam kəndli (fermer) təsərrüfatının fəaliyyət göstərdiyi Binə qəsəbəsində 7 ha torpaq sahəsinin üst-üstə düşübdüşməməsi barədə suallar qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2016-cı il tarixli, 22869 saylı eksoert rəyində göstərilmişdir ki, cavabdeh İddiaçı istifadəsində olan torpaq sahəsi Cavabdeh1 MMC-yə icarəyə verilmiş Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 203,75 ha torpaq sahəsinə aiddir və ona müvafiq çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsi Əzizbəyov (hazırki Xəzər) rayonunun inzibati ərazisində yerləşsə də, həmin ərazi Cavabdeh3 idarəçiliyində və istifadəsində olmuş, həmin ərazilərə dair bütün səlahiyyətlər Cavabdeh3 tərəfindən ica olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1733/2018 nömrəli, 31 yanvar 2018-ci il tarixli qətnaməsində qeyd edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 20146-cı il tarixli, 22869 saylı ekspert rəyinə istinad edərək həmin rəydə İddiaçı istifadəsində olan torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə verilmiş Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 203,75 ha torpaq sahəsinə aid olduğu və mübahisələndirilən əraziyə dair "xxxx" MMC-yə çıxarış verildiyinin müəyyə edilməsinin, Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) rayon XDS-nin xx.xx.1988-ci il tarixli, 15/585 saylı sərəncamı ilə “Ağdam” kooperativinin istifadəsnə ayrılmış 2 ha torpaq sahəsi və “Ağdam” kəndli (fermer) təsərrüfatının fəaliyyət göstərdiyi Binə qəsəbəsində 7 ha torpaq sahəsinin, eləcə də İddiaçı istifadəsində torpaq sahəsinin olması barədə “Kadastr Layihə Tədqiqat Mərkəzi”nin arxiv və elektron bazasında heç bir məlumatın olmadığının göstərildiyini bildirmişdir. Cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Bakı şəhəri Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-277/2015 nömrəli, 14 aprel 2015-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh3 tərəfindən "xxxx" MMC-yə icarəyə verilmiş Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 203,75 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1733/2018 nömrəli, 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-277/2015 saylı mülki iş üzrə qəbul etdiyi 14 aprel 2015ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1555/19 nömrəli, 06 mart 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan: Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin 27 oktyabr 1988-ci il tarixli, 15/585 nömrəli sərəncanının surətindən görünür ki, “Ağdam” kooperativinə “Bakıelektroavtomat” zavodunun cənub hissəsində 2 hektar torpaq sahəsi verilmişdir. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 28 mart 1996-cı il tarixli, 227 nömrəli sərəncamının surətindən görünür ki, “Ağdam” kooperativi ləğv edilmiş və “Ağdam” kəndli fermer təsərrüfatı Bakı şəhəri, Binə qəsəbəsi ünvanında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli; RX seriyalı, ******* nömrəli; RX seriyalı, ******* nömrəli; RX seriyalı, ******* nömrəli; RX seriyalı, ******* nömrəli; RX seriyalı, ******* nömrəli; RX seriyalı, ******* nömrəli çıxarışlardan görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 19,9604 ha, 6,9139 ha, 17,8227 ha, 1,2583 ha, 1,3266 ha, 61,5533 ha və 24,9936 ha torpaq sahələri Cavabdeh1 MMC-nin xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir. Cavabdeh3 hüququ yüklü edilən şəxs qismində göstərilmişdir. Bundan əvvəl həmin torpaq sahələri “X4 Məhsullarının İstehsalı” MMC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 69,9213 ha torpaq sahəsi Cavabdeh1 MMC-nin adına icarə hüququ əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin rədd edilməlidir. Belə ki, mübahisə edilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla qanuni əsaslarla və normativ-hüquqi aktlarla ona verilmiş səlahiyyətlərə uyğun olaraq Cavabdeh3 tərəfindən icarə hüququ əsasında "xxxx" MMC-yə icarəyə verilmişdir. İddiaçı mübahisə edilən torpaq sahəsinə hər hansı əmlak hüquqlarının mövcud olmaması, həmin torpaq sahəsinin "xxxx" MMC-nin qanuni istifadəsinə verilmiş torpaq sahəsi olması Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-277/2015 nömrəli, 14 aprel 2015-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1733/2018 nömrəli, 31 yanvar 2018-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1555/19 nömrəli, 06 mart 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" MMC-nin ona məxsus 9 ha torpaq sahəsinə dair Cavabdeh3 ilə bağladığı müqavilənin (icarə müqaviləsinin), eləcə də həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatına alınması barədə verilmiş çıxarışın etibarsız hesab olunması barədə tələbi icarə hüququ qanuni əsaslarla yarandığına görə, həmin torpaqla bağlı istifadə hüququnun bərpa olunması barədə tələbi isə iddiaçının həmin torpaq sahəsinə heç bir hüququ olmadığına görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri və işin məhkəmə iclasında tədqiq olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Bakı şəhəri Cavabdeh4 maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1nə, Cavabdeh3nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı "torpaq sahəsinin çıxarışının etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Bakı şəhəri Cavabdeh4 maraqlı şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1nə, Cavabdeh3nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı "torpaq sahəsinin çıxarışının etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar