Məhkəmə qərarları › İş №2(003)-3489/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3489/2021

26.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3489/2021 26.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh X11, onun nümayəndəsi və vəkili X19, Cavabdeh X3, Cavabdeh X4, Cavabdeh X8 iştirakı ilə İddiaçı cavabdehlər X15, X5, X6, X10 və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququnun tanınması barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X15, X5, X6, X10 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlakın torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin onun və digər bacı qardaşları olan X20, X12, X13, X18 və Cavabdeh2 arasında bölünməsi və vərəsəliyinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, ev 37, döngə 4 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən mənzil X2 adınadır. X7 1986-cı il tarixində vəfat etmişdir. X2 övladları olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Əsgərova Cavad yuxarıda sözügedən ünvanda yerləşən mənzildə qeydiyyatdadırlar. Qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin və mənzilin X2 adına olmasını təsdiq edən müvafiq sənədlər, o cümlədən çıxarışlar qardaşı X9r və ondan həmin sənədləri verməsini istəsə də qardaşı həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə də, həmin sənədləri hazırki ərizəyə əlavə etmək mümkün olmamışdır. Əlavə olaraq bildirmək istəmişdir ki, anası X28 11.12.2019-cu il tarixində vəfat etmişdir. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ev və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən mirası qəbul edilməsi və vərəsəlik hüququnun tanınması üçün Bakı Şəhəri 31 Saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Qeyd olunan müraciətinə cavab olaraq Bakı Şəhəri 31 Saylı Notariat Ofisinin xüsusi notariusu X21 notariat hərəkətinin aparmaqdan imtina edilməsi barədə 30 iyul 2021-ci il tarixli, 482 nömrəli qərar çıxarmışdır. Həmin qərara əsasən vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddət buraxıldığı, vərəsələr arasında mübahisə mövcud olduğu və bəzi hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığı üçün vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, ev 37, döngə 4 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən mənzil hazırda qardaşı X17 faktiki istifadəsindədir və daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlər də ondadır. Qardaşından vərəsəlik payını istədikdə imtina edir və onu MTN-ə müraciət edəcəyi ilə hədələyir, barəsində nalayiq sözlər deyir. Qardaşı bütün bunları edərkən səbəbini onun xristian dinini qəbul etməsində görür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh X20 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, miras əmlak əvvəllər yayasız vəziyyətdə olmuşdur. O, əmlakı söküb yenidən inşa etdirmişdir. Belə ki, atalarından miras qalmış əmlak 1 mərtəbəli olmuşdur. O, isə həmin evin yerində 2 mərtəbəli ev tikdirmişdir. İddiaçı həmin evdə 30 ildir ki, yaşamışdır. Belə ki, o, 1991-ci ildə ailə qurmaqla ata evini tərk etmişdir. Məhkəmə iclasında cavabdeh X11 vəkili və nümayəndəsi X27 iddia tələbini etiraf etməyərək, Cavad Əsgərovun izahatına oxşar izahat verdi. Məhkəmə iclasında cavabdeh X12 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X13 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X18 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Bakı şəhəri 31 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsi olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X23, anası X24r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 05.02.1986-cı il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 11.12.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan ünvan 2 ünvanlanmış notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərardan görünür ki, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmin qərarda imtinaya səbəb kimi vərəsəliyin qəbuluna dair qanunla müəyyən edilmiş müddətin buraxılması, vərəsələr arasında mübahisənin mövcudluğu, mərhumun ölən günə kimi harada qeydiyyatda olması və kimlərlə yaşaması barədə yaşayış yerindən arayış, hüquqmüəyyənedici sənədlərinin əsillərini təqdim olunmaması göstərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunun surətindən görünür ki, ünvan 3 ünvanının qeydiyyatdan keçməsi, torpaq sahəsinin ayrılması haqqında məlumat və X16 adına həmin ünvana dair texniki pasport aşkar edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Əvvəla qeyd edilməlidir ki, iddiaçı mərhum valideynindən ünvan 3 miras qalmasını və həmin mirasdan digər vərəsələrlə miras payının müəyyən edilməsini xahiş etsə də, işin araşdırılmış hallarından göründüyü kimi, mərhum X16 öldüyü günədək hər hansı bir daşınmaz əmlakın onun mülkiyyətində olmasına dair hər hansı bir sənəd mövcud olmamışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən miras kütləyə (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsində təsbit edilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən müddəalara əsasən, hətta sözügedən ev miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları ilə qeydiyata alınmış olsaydı belə iddiaçı miras qoyanın vərəsəsi kimi mirasın açıldığı onlara bəlli olduğu andan yenə qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməli idilər. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Bu hallarda işin tərəflərin izahtları və işin faktiki halları ilə də təsdiqini tapmır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər X15, X5, X6, X10 və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququnun tanınması barədə iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar