Məhkəmə qərarları › İş №2(003)-354/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-354/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-354/2021 20.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən villanın dəmirdən olan giriş və iki yan qapıları, həmçinin böyük evin giriş qapısı, qonaq otağının qapısı, mühafizə otağının qapısı, texniki otağın qapısının təmiri və keyfiyyətli boya ilə boyadılması, bununla bərabər evin həyətində 3 ədəd oturacaqların, zibil qablarının, ayaqlı lampaların təmiri və boyadılması üçün cavabdehə 3000 manat verməli olduğuna dair cavabdehlə razılığa gəlmişlər. O, cavabdehə əvvəlcə 1000 manat, sonra isə 2000 manat ödəmişdir. Lakin müəyyən etmişdir ki, iş olduqca keyfiyyətsiz görülmüş, onun cavabdehə vermiş olduğu 3000 manat müqabilində iş görülməmişdir. O, dəfələrlə cavabdehdən pulun qaytarılmasını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, cavabdehdən 3000 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə razılaşmasına əsasən öhdəliklərini tam yerinə yetirmişdir. Lakin iddiaçı heç cür qane olmamış, daim onu çağıraraq yeni tapşırıqlar vermiş, eyni işi dəfələrlə gördürmüşdür. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1. maddəsindən görünür ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2021-ci il tarixli 10/52 nömrəli rəyində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən villanın dəmirdən olan giriş və iki yan qapıları, böyük evin giriş qapısı, qonaq otağının qapısı, mühafizə otağının qapısı, texniki otağın qapısının boya ilə boyadılması, bununla bərabər evin həyətində 3 ədəd oturacaqların, 6 ədəd zibil qablarının, 21 ədəd ayaqlı lampaların, bir ədəd bulağın boyadılması işlərinin görüldüyü müəyyən olunur. Həmin villanın dəmirdən olan giriş və iki yan qapıları, böyük evin giriş qapısı, qonaq otağının qapısı, mühafizə otağının qapısı, texniki otağın qapısının boya ilə boyadılması, bununla bərabər evin həyətində 3 ədəd oturacaqların, 6 ədəd zibil qablarının, 21 ədəd ayaqlı lampaların, bir ədəd bulağın boyadılması işlərinin ustanın əmək haqqı birlikdə hansı məbləğdə olduğunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2021-ci il tarixli 10/4053 nömrəli rəyində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən villanın dəmirdən olan giriş və iki yan qapıları içəri hissədən və çöl hissədən, böyük evin giriş qapısı, qonaq otağının qapısı, mühafizə otağının qapısı, texniki otağın qapısı çöl hissədən, həyətdə 3 ədəd oturacaqların, 6 ədəd zibil qablarının, 21 ədəd ayaqlı lampaların boyandığı və naxışlar olan hissələrə zər vurulduğu müəyyən olunmuşdur. Həyətə giriş qapısının bəzi yerlərində paslanma izlərinin olduğu (yuxarı hissədə yerləşən dəmir barmaqlıqlar olan hissədə, künc hissələrdə, profillərin bəzi hissələrində), böyük evin giriş qapısı, qonaq otağının qapısı, mühafizə otağının qapısı və texniki otağın qapısının bəzi yerlərində paslanma izlərinin olduğu, boyanın künc hissələrdə nöqtələr halında qopduğu, bəzi yerlərdə naxışlara vurulmuş zərlərin pozulduğu müəyyən olunmuşdur. İddia tələbindən görünür ki, iddiaçı özünə məxsus villada təmir işlərinin görülməsi üçün cavabdehlə 3000 manat məbləğinə razılığa gəldiyini, lakin görülən işin olduqca keyfiyyətsiz, yəni cavabdehə vermiş olduğu 3000 manat müqabilində iş görülmədiyini əsas gətirərək, həmin pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında xidmətlərin göstərilməsinə dair hər hansı rəsmi müqavilə bağlanmamış, iş üzrə aparılmış ekspertiza nəticəsində mübahisəli ünvanda təmir (boyama, naxış və s.) aparıldığı müəyyən olunmuşdur. İddiaçı 3000 manat müqabilində görülməsinə razılaşdığı işlərin hazırda həmin ünvanda olan səviyyədə deyil, daha yüksək keyfiyyətdə olmalı olduğuna dair cavabdehlə arasında razılaşma bağlandığını iddia etsə də, öz dəlilini sübuta yetirən hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə tədqiq olunan hallara qiymət verərək, cavabdehin razılaşma üzrə təmir işlərini həyata keçirdiyinə dair dəlilini ağlabatan hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 777.1. maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar