Məhkəmə qərarları › İş №2(003)-354/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-354/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-354/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun mənzilinin təmirinə görə yaranmış 3000,0 manat məbləğində pul vəsaitinin, 20000,0 manat məbləğində mənəvi zərər və 50,0 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC (VÖEN: **********) arasında Cavabdehin xidmətlərindən istifadəyə dair xx.xx.2021-ci il tarixində müqavilə bağlanılmışdır. Sözügedən Müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh 12 ay ərzində İddiaçının göstəricilərinə və istəklərinə uyğun olan X1 kollec Proqramına müraciət, kollec proqramının tələblərinə uyğun CV forması, kollec proqramının tələblərinə uyğun motivasiya məktubun yazılması, konsultasiyalar və viza prosesində peşəkər dəstək göstərməli idi. İddiaçı tərəfindən Cavabdehə, Müqavilənin 2.1.1-ci bəndinə əsasən yuxarıda göstərilən xidmətlərdən qarşılığında 3(üç) min manat ödənilmişdir. (Qəbz əlavə olunur.) Ödəniş qarşılığında Cavabdeh yuxarıda qeyd olunan xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür. Lakin İddiaçı tərəfindən ödənişin tam həyata keçirilməsinə baxmayaraq Cavabdeh 2021-ci il tarixdən müqavilə üzrə olan öhdəliklərini müxtəlif səbəblərdən yerinə yetirməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin tələblərinə əməl edilməmişdir. Hal-hazırda Müqavilə üzrə yerinə yetirilməmiş öhdəliklərinə görə Cavabdehin 3(üç) min manat məbləğində borcu vardır. İşin faktiki halarından göründüyü kimi, Cavabdeh 3(üç) min manat məbləği qaytarmağı öhdəsinə götürsə də, öhdəliklərini bu günədək icra etməyib. İddiaçı Müqavilənin bağlandığı 3 ilə yaxın bu müddət ərzində nəin ki özünün maddi vəsaitindən məhrum olmuş, həmçinin eyni xidmətləri göstərə biləcək başqa şirkətlər vasitəsilə özünün təhsil və karyerasına sərf edə biləcəyi dəyərli vaxtından da məhrum olmuşdur. Beləcə iddiaçıya maddi zərərlə yanaşı mənəvi zərər də dəymişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh ondan 3000,0 manat məbləğində ödənişi alıb, əvəzində isə ona saxta məktub verərək, onu kolecə müraciət etdiyinə inandırıb. Bunun nəticəsində ona maddi və mənəvi zərər dəyib. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. İş materiallarına əlavə olunmuş sənədlər - "xxxx" MMC (VÖEN: **********) arasında xidmətlərindən istifadəyə dair xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC İddiaçı 3000,0 manat ödəniş qarşılığında təhsillə bağlı xidmətlər göstərməyi öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli ƏXZ/1 seriyalı 700121 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə 3000 manat ödəniş edilmişdir. - “Whatsapp” proqramında yazışmalarının sürətindən görünür ki, iddiaçı xaricdə təhsil almaq üçün "xxxx" MMC-yə müraciət edib və 3000,0 manat ödəniş edib. - X2-in xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Dr. Scott Bishop kolecə qəbul üçün zəruri olan tələblər barədə məlumat vermişdir. - Qəbul məktubunun həqiqiliyinin yoxlanması məqsədi ilə göndərilmiş mail məktubuna gələn cavab məktubundan görünür ki, X2-in xx.xx.2021-ci il tarixli məktubu saxtadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 114,44 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi Məhkəmə, işdə iştirak edən tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İşin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə müqavilə bağlayaraq xidmətlərin göstərilməsi üçün cavabdehə 3000,0 manat ödəniş etmişdir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İşin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan göstərəcəyi xidmətlər üçün müəyyən edilmiş 3000,0 manat məbləğində pul almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında aldığı pulun əvəzində iddiaçıya xidmətin göstərilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan ödəniş almasına dair hüququndan istifadə etmiş, həmin ödənişin əvəzi olaraq xidmət göstərməsinə dair vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir, hətta iddiaçını yalan sübutlarla aldatmışdır. Odur ki, iddiaçı ödədiyi pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə iddianın “mənəvi zərərin ödənilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, mənəvi zərər dedikdə, şəxsin mənəvi iztirab çəkməsi, nüfuzunun zədələnməsi, psixoloji sarsıntıya məruz qalması və digər qeyri-maddi itkilər nəzərdə tutulur, iddiaçı isə mənəvi sarsıntılar keçirmiş, stress və yalana uğramışdır. Hazırki işdə cavabdeh qəsdən yalan məlumat verməklə və ya iddiaçını aldatmaqla ona mənəvi iztirab yaşatmışdır. Əgər cavabdeh bu hərəkətləri etməsəydi, iddiaçı mənəvi zərərə məruz qalmazdı. Bu isə hüquqda "səbəb-nəticə əlaqəsi" prinsipi əsasında qiymətləndirilir. İddiaçı mənəvi zərəri cavabdehin hərəkətləri ucbatından itirilmiş vaxtı və imkanları ilə də əlaqələndirir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının itirilmiş vaxtı və imkanları nəticəsində iddiaçının fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən məqalələrdə həqiqətə uyğun olmayan məlumat verərək, iddiaçının ümüdlərinin puça çıxması nəticəsində iddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, işin hallarını nəzərə alaraq cavabdehin hərəkəti nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi hesabına cavabdedən 20000,0 manat məbləğində mənəvi zərərin tələb edilməsinin baş verməsinə səbəb olmuş hərəkətlərin təhlükəlilik dərəcəsinə, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterinə və ağırlığına uyğun hesab etməsə də, cavabdeh yalan məlumat verməklə və ya aldatma yolu ilə digər şəxsin hüquq və maraqlarına bilərəkdən zərər vurması qanunla qadağan edilən hərəkət sayılır və o, bu zərərin nəticələrini aradan qaldırmalı və vurduğu ziyanı ödəməlidir. Məhkəmə qərar verərkən ədalət, vicdan və dürüstlük prinsiplərini rəhbər tutmalıdır. Əgər cavabdeh bilərəkdən yalan məlumat verir və ya iddiaçını aldatmaqla ona mənəvi əziyyət verirsə, hüquqi ədalət prinsiplərinə əsasən, bu ziyanın kompensasiya olunması zəruridir. Əks halda, hüquq sistemində hüquqi pozuntular cəzasız qala bilər və bu, gələcəkdə oxşar halların artmasına səbəb ola bilər. Bu əsaslarla məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçını aldatmış, ona yalan məlumat vermiş və bunun nəticəsində iddiaçı mənəvi sarsıntıya məruz qalmışdır. Cavabdehin bu hərəkətləri olmasaydı, iddiaçının mənəvi zərər çəkməsi mümkün olmazdı. Məhz bu səbəbdən məhkəmə mənəvi zərərin ödənilməsi tələbinin təmin edilməsini əsaslı və cavabdehin müəyyən edilmiş məbləğdə mənəvi zərəri ödəməsini ağlabatan hesab edir. Məhkəmə həmçinin iddianın 50,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Buna görə də, ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 3000,0 manat məbləğində pul, 20000,0 manat məbləğində mənəvi ziyan və 50,0 manat dövlət rüsumu olmaqla, cəmi 23050,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3000,0 manat məbləğində pul, 20000,0 manat məbləğində mənəvi ziyan və 50,0 manat dövlət rüsumu olmaqla, cəmi 23050,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar