Məhkəmə qərarları › İş №2(003)-3558/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3558/2024

30.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3558/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, cavabdehlə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha girərək evlənmişlər. Onlar evləndikdən sonra o, cavabdehi özünə məxsus (nikahdan əvvəl aldığı) Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsi 22a saylı evin 27 saylı mənzilinə gəlin köçürtmüşdür. O, xx.xx.2017-ci il tarixdə cavabdehin təkidi ilə həmin evini satıb cavabdehin atası evinə yaxın ünvan 2 ünvanda yerləşən mənzili cavabdehin adına almış (RX seriyalı, ******* saylı Çırariş) və əsaslı təmir etmişdir. Həmin vaxtdan da o, həmin mənzildə qeydiyyatda olmaqla (ailə üzvləri ilə) həmin ünvanda yaşamışlar. Bu hal qonşuların ərizəsi (notariat qaydada təsdiq olunmuş) və Azərbaycan Respublikasının DİNin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışı ilə də tam təsdiqini tapır. Lakin 2024-cü ilin may ayının axırlarında cavabdehlə aralarında yaranmış mübahisədən sonra cavabdeh onu evə buraxmır və onu tutduracağı ilə hədələyərək ondan polis və prokurorluq orqanlarına əsassız şikayətlər etmişdir. Hazırda o, bu yaşında evi ola ola kirayədə yaşamaq məcburiyyətində qalmışdır. O, cavabdehlə bu məsələni Mediasiya vasitəsi ilə həll etməyə çalışsa da cavabdeh mediasyaya da gəlməkdən yayınmışdır. Ona görə də onun məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı həmin ünvanda qeydiyyatdadır. İddiaçının yaşamağa yeri yoxdur. Ev iddiaçının Xətai rayonunda yerləşən evinin satılması yolu ilə alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, cavabdeh Xətai rayonunda yerləşən evi ona satdırmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz əsassızdır. Nikah pozulduqdan sonra da ailə kimi birlikdə yaşamışlar. Məhkum olunmuş və cəzasını çəkmişdir. Hazırda yaşamaq üçün yeri yoxdur. Evi alandan bəri orada yaşamışdır. Hazırda dostunun evində yaşayır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, 2005-ci il tarixdə hiss etmişdir ki, iddiaçının psixoloji problemləri vardır. Sadəcə olaraq anası nikahın pozulmasına etiraz etmişdir. İddiaçı narkotik vasitələrdən istifadə etmişdir. Hazırda məhkumluğu var. Daha sonra isə narkotikin satışına başlamışdır. O, iddiaçıya evə gəlməməsini bildirmişdir. Çünki o, əlində bıçaqla evə gəlmişdi. Bu da uşaqların psixologiyasına mənfi təsir edir. Oğlu 1-ci tip şəkər xəstəsidir. O, 9-cu sinifdə oxuyur. Qızının 18 yaşı vardır. İddiaçı uşaqlarla maraqlanmır. Uşaqların harada təhsil almasından xəbərsizdir. Ev onun və qardaşının iştirakı ilə alınmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək orada göstərmişdir ki, o, İddiaçı ilə xx.xx.2005-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. İddiaçı dəfələrlə həbs olunmuşdur, sonuncu dəfə isə 2021-ci ildə narkotik vasitələrin satışı ilə təqsirləndirilərək barəsində 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 2 il yarımdan sonra cəzadan azad edilmişdir. İddiaçı azadlığa çıxdıqdan sonra mülkiyyətində olan mübahisəli mənzildə heç vaxt yaşamamışdır. Bundan başqa o, həbsdən çıxdıqdan sonra aralarında müxtəlif davalar düşmüş və bu səbəbdən də dəfələrlə DİN 102 Zəng Xidmətinə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı sözügedən mənzildə heç bir şəxsi əşyası yoxdur. İddiaçı onu dəfələrlə şantaj etmiş, öldürməklə hədələmiş və bıçaqla qorxutmuşdur. Övladı 1-ci tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir, iddiaçının davranışları övladının psixologiyasına mənfi təsir edir. Övladı və o əsəb və stress keçirirlər. Hesab edir ki, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı İddiaçı ünvan 4 ünvanında yerləşən və xx.xx.2010-cu il tarixli ********** sayla qeydə alınmış daşınmaz əmlakı 45000 manata alıcı (ipoteka qoyan) X1 mülkiyyətinə vermişdir. -xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X3 ünvan 1 ünvanında yerləşən mənzili 20000 manata alıcı Cavabdeh satmışdır. -ƏMDK DƏDKR PHŞ tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 50,8 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur (qeydiyyat tarixi: xx.xx.2017, qeydiyyat nömrəsi: **********). -Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00506 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 11:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (mediator: B.E.Cəfərov). -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-2555/2018 saylı qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilməklə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixdə bağlanmış və Xəzər rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 anası Cavabdeh himayəsində saxlanmaları, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, iş üzrə iddiaçı ilə cavabdeh 2005ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflər evləndikdən sonra iddiaçıya məxsus olan Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsi 22 a saylı evin 27 saylı mənzilində yaşamışlar. Daha sonra xx.xx.2017-ci il tarixdə həmin ev satılmış və ünvan 1 ünvanında yeni mənzil alaraq oraya köçmüşlər. ünvan 1 ünvanında yerləşən mənzil cavabdehin adına qeydiyyatdan keçmişdir. Daha sonra xx.xx.2018-ci il tarixdə tərəflər arasında rəsmi nikah pozulmuşdur. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehin onu evə buraxmadığını bildirərək özünün həmin mənzilə köçürülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi mənzil tərəflərin birgə nikah dövründə birgə maliyyə vəsaitləri hesabına alındığından cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzildə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçının mənzilə köçürülməsi üçün qanuni maneə yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində əvvəllər yaşadığı mənzildən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin hissəyə köçürülməsindən cavabdehin mülkiyyətində olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123- cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin hallarından görünür ki, tərəflər arasında mənzildən istifadə ilə əlaqədar hüquq münasibətləri 2000-ci il sentyabrın ayının birindən sonra yaranmışdır. Bu səbəbdən mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. -228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. -228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar