Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-357/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1100 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi daş bazarında birgə işlədikləri və qonşu olduqları üçün tanımışdır. Təxminən 2019-cu ilin noyabr-dekabr aylarında inşa etdiyi fərdi yaşayış evinin damını düzətdirmək qərarına gəlmişdir. Cavabdeh ona evin damını düzəltdirmək üçün Suraxanı rayon İcra Hakimiyyətindən icazə alınmalı və bu icazənin alınması üçün 1100 manat məbləğində pul ödənilməsini və bu işdə ona kömək edə biləcəyini bildirmişdir. Onunla razılaşmaqla ona 1100 manat məbləğində pul vermişdir. Bir neçə vaxtdan sonra anlamışdır ki, cavabdeh onu aldadaraq pulunu mənimsəmişdir. Ondan pulunu tələb etsə də, o, pulu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Bu barədə o, Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin şikayət ərizəsi əsasında araşdırmalar aparılmış və cavabdeh həqiqətəndə ondan 1100 manat məbləğində pulun aldığını etiraf etmişdir. Lakin onun barəsində cinayət işi başlanılmamış, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edilərək, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Buna görədə cavabdehdən 1100 manat məbləğində pulun məhkəmə qaydasında alınıb ona verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin məhkəməyə təqdim etdiyi rədd materialından görünür ki, həmin bölmədə xx.xx.2019-cu il tarixdə izahatı alınmış Cavabdeh İddiaçı onun qonşusu olduğunu bildirmişdir. Təxminən 6 ay qabaq Nizami evinin damının örtüyünün düzülməsi üçün ona icra hakimiyyətindən icazə almaq üçün necə müraciət edəcəyini ona demişdir. O, Nizamiyə demişdir ki, ona kömək məqsədi ilə 1100 manat versin. Azyaşlı oğlu sepsis xəstəliyindən əziyyət çəkdiyi üçün həmin məbləği uşağa xərcləmişdir. Əslində pulu icazə üçün deyil uşağına köməklik etmək üçün almışdır. Həmin pulu ona xx.xx.2019-cu il tarixdə qaytaracaqdır. Göründüyü kimi, cavabdehin iddiaçıdan pul götürməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı pulu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında təqdim edilmiş sübutlar və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edildi ki, iddiaçı cavabdehə fərdi yaşayış evinin damını düzəldirmək üçün icazə alınması məqsədi ilə 1100 manat pul vəsaiti vermiş, lakin razılaşma baş tutmadığından həmin pul vəsaiti iddiaçının tələb etməsinə baxmayaraq qaytarılmamışdır. Cavabdeh göstərilən halı Bakı şəhər Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində verdiyi izahatında iddiaçının 1100 manat məbləğində pul vəsaiti verməsini etiraf etmişdir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehdan 1100 (bir min bir yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-357/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-357/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver