Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3587/2021 27.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X10, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı evə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda Qoşa Qala restoranının yaxınlığında yerləşən 2 otaqdan ibarət özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 atası X6 ilə 1989-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 27 dekabr 1991-ci il təvəllüdlü bacım X9 və o, doğulmuşdur. X1 2021-ci ilin aprel ayınadək atası ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahə köhnə sürücülük məktəbinin arxasında yerləşən 2 otaq və 2 zaldan ibarət evdə yaşamışdır. O, isə Buzovna-Mərdəkan yolunda Qoşa Qala restoranının yaxınlığında yerləşən 2 otaqdan ibarət evdə yaşamışdır. İİ Qarabağ döyüşlərində iştirak etdiyi müddətdə atası ona məxsus əşyaları evdən çıxarmışdır. Digər Binə qəsəbəsində yerləşən evi isə cavabdeh sataraq pulunu özünə götürmüşdür. Hazırda cavabdeh mübahisəli evi bağlayaraq özü Binə qəsəbəsində yaşayır və onu 2021-ci ilin aprel ayından evdən çıxardaraq həmin evə buraxmır. Hal-hazırda həmin evdən başqa yaşayış yeri yoxdur. Ona görə də, kirayədə yaşamaq məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X14 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X7 iddia tələbini etiraf etməyərək, izahatında bildirdi ki, o, həmin evdə heç vaxt yaşamamışdır. O, anası ilə Binə qəsəbəsində yerləşən evdə yaşamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, Buzovnada Ələskərin torpaq sahəsinin qonşuluğunda yaşayır. Ələskəri 2017-ci il tarixindən həmin torpaq sahəsində ev tikdikdən sonra tanımışdır. Həmin ev Ələskər tərəfindən Nicat adlı şəxsə kirayəyə verilmişdir. Hazırda isə həmin evdə Ələskər özü yaşayır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 bildirmişdir ki, Ələskərə məxsus bağda fəhlə kimi işləmişdir. Sonradan evləndikdən sonra Buzovnada Ələskərə məxsus evdə kirayədə yaşamışdır. Ələskər evi təxminən 2017-2018-ci il tarixlərdə tikmişdir. Həmin vaxt o qonşuluqda qaldığından bunun şahidi olmuşdur. Həmin evdə başqa şəxslər yaşamamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında işin mübahisələndirilməyən halları ilə müəyyən olundu ki, evin heç bir hüquq müəyyən edici sənədi mövcud deyildir. İşin mübahisəli halları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı tərəf Buzovna-Mərdəkan yolunda Qoşa Qala restoranının yaxınlığında yerləşən 2 otaqdan ibarət evdə yaşadığını bildirsə də, işin bu halına dair hər hansı sübut məhkəmə iclasında təqdim edilməmişdir. Eyni zamanda həmin torpaq sahəsi və oradakı tikili hər hansı bir hüquqmüəyyənedici sənədə də malik olmamaqla özbaşına tikili sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bununla yanaşı, sadalanan qanunvericilik normasına əsasən də məhkəmə hesab edir ki, özbaşına inşa edilmə nəticəsində yaranmış olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlmədiyindən, o, həmin evə köçürülməsini tələb etməkdə haqlı deyildir. Eyni zamanda iddiaçının ümumuyyətlə həmin tikilidə yaşamaması işin araşdırılmış halları ilə də təsdiqini tapır. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30.11.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən, həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda Qoşa Qala restoranının yaxınlığında yerləşən 2 otaqdan ibarət özbaşına tikiliyə köçürülməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X4 qarşı evə köçürülmə barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3587/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3587/2021
27.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver