Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3588/2021 27.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahə köhnə sürücülük məktəbinin arxasında yerləşən 2 otaq və 2 zaldan ibarət özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə 1989-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 27 dekabr 1991-ci il təvəllüdlü X6 və 16 iyun 1990cı il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Cavabdehlə 2021-ci ilin aprel ayınadək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahə köhnə sürücülük məktəbinin arxasında yerləşən 2 otaq və 2 zaldan ibarət evdə yaşamışdır. Ona məxsus bütün əşyalar həmin evdə yerləşir. Bundan başqa iki fərdi yaşayış evləri olmuşdur. Evlərdən biri Binə qəsəbəsində, digəri isə Buzovna qəsəbəsində yerləşir. Buzovna qəsəbəsində yerləşən evdə oğlu Vüsal Abdullayev yaşamışdır. Lakin oğlu İİ Qarabağ döyüşlərində iştirak etdiyi müddətdə cavabdeh ona məxsus əşyaları evdən çıxarmışdır. Digər Binə qəsəbəsində yerləşən evi isə cavabdeh sataraq pulunu özünə götürmüşdür. Hazırda cavabdeh mübahisəli evdə yaşayır və onu 2021-ci ilin aprel ayından evdən çıxardaraq həmin evə buraxmır. Hal-hazırda həmin evdən başqa yaşayış yeri yoxdur. Ona görə də hesab etmişdir ki, mübahisəli evə yaşayış hüququ bərpa olunmalı və həmin evə köçürülməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçı və onun oğlu heç bir vaxt Buzovna qəsəbəsində yaşamamışlar. Onlar hər zaman Binə qəsəbəsində yaşamışlar. Məhkəmə işdə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 228.1 və 228.2-ci maddələrini tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikintiyə əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkün olduğundan, cavabdehin də evə dair sərəncam vermək hüququ olmadığından, iddiaçı mübahisəli evə köçürülməlidir. Bundan başqa, cavabdehin iddiaya etirazının dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçının özbaşına inşa edilmiş həmin tikililərə köçürülməsi üçün qanuni maneə yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində əvvəllər yaşadığı özbaşına tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin hissəyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahə köhnə sürücülük məktəbinin arxasında yerləşən 2 otaq və 2 zaldan ibarət özbaşına tikiliyə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahə köhnə sürücülük məktəbinin arxasında yerləşən 2 otaq və 2 zaldan ibarət özbaşına tikiliyə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3588/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3588/2021
27.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver