Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3591/2025 12.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi, Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi, İddiaçı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin cavabdehlər X1 və X3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi cəlb olunmaqla) “mənzildən çıxarılma” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti cavabdehlər X1 və X3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdehlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Ə.Sabir küçəsi, dalan 3 ünvanında yerləşən keçmiş “Spartak” düşərgəsində yerləşən binaların (tikililərin) qəzalı və həyat üçün təhlükəli olması səbəbindən cavabdehlərin və orda yaşayan digər şəxslərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Spartak” düşərgəsi 1950-55-ci illərdə Şüvəlan qəsəbəsində 2 ha ərazidə inşa olunmuş, düşərgəyə məxsus binalardan bir ədədi iki mərtəbəli, digərləri bir mərtəbəli, biri isə zirzəmili bir mərtəbəli olmaqla, su hovuzu və transformator yarımstansiya binalarından ibarətdir. 1992-ci ildən Cəbrayıl rayonundan olan məcburi köçkün ailələri (39 ailə) düşərgənin inzibati bina, yataqxana, yeməkxana və ona məxsus olan digər köməkçi binalarında məskunlaşmış, ərazidə düşərgəyə məxsus on ədəd mövcud tikililərlə yanaşı, sakinlər tərəfindən əlavə olaraq inşaat norma və qaydalarının tələblərinə əməl edilmədən müvəqqəti yaşamaq üçün bir mərtəbəli fərdi evlər və yardımçı tikililər inşa edilmiş, onlar tərəfindən əlavə olaraq elektrik və kommunikasiya xətləri primitiv üsullarla yerinə yetirilmiş və təhlükəsizlik qaydalarının tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərkommunallayihə” Kommunal Layihə İnstitutunun mütəxəssisləri tərəfindən düşərgənin binalarına (tikililərə) texniki baxış keçirilmiş və xx.xx.2025-ci il tarixli rəyə əsasən, məcburi köçkünlərin yerləşdiyi tikililərdə uzun illərdir təmir işləri aparılmadığından dam örtüklərinin atmosfer yağıntılarının sızmaları nəticəsində otaqların tavanlarında və divarlarında nəmlik və aşınmalar müşahidə olunduğu, binaların fasad hissələrində suvaq aşınmaları, betonun mühafizə qatlarının qopması və bəzi yerlərdə armaturların korroziyaya uğraması, qapı və pəncərələrin fiziki köhnəlməsinə rast gəlindiyi, düşərgənin ərazisində su hovuzunun üzlük daşları tökülmüş divarlarında aşınmaların müşahidə edildiyi, ətrafda antisanitariya şəraiti mövcud olduğu, qeyd olunan tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermədiyi müəyyən edilmiş və bununla əlaqədar olaraq mütəxəssislər tərəfindən “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”na əsasən hal-hazırda insanların yaşaması üçün təhlükənin mövcud olduğu, tikililərin tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətinin və istismar göstəricililərinin zəifləməsi səbəbindən texniki cəhətdən yolverilməz olduğu qiymətləndirilmişdir. Yaranmış zərurəti və orada faktiki yaşayan məcburi köçkünlərin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza hadisəsinin qarşısının öncədən alınması məqsədilə düşərgədə məskunlaşmış Cəbrayıl rayonundan olan 142 nəfərdən ibarət 39 məcburi köçkün ailəsi üçün Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaşayış sahəsi ayrılmışdır. Lakin cavabdehlər köçürülmə təklifi ilə razılaşmadıqlarına görə yaşadıqları evi boşaltmaqdan imtina etmişlər. Ona görə, təhlükəsizliyin təmin edilməsi məqsədilə onların oradan çıxarılması üçün məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehlərin çıxarılması iddia edilən daşınmaz əmlakın (düşərgənin) dövlət mülkiyyətində olmasını, onun Bakı şəhəri Xəzər rayon ərazisində yerləşməsini və bu səbəbdən məhz onların hazırki iddia tələbini irəli sürmək hüquqlarının olduğunu, ona görə əsl iddiaçının Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti olduğunu, bu səbəbdən tələblərini müdafiə etdiklərini bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi əsl iddiaçı məsələsinə qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Bakı şəhəri Xəzər RİH-nin cavabdehlər X1 və X3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan (məhkəmənin sorğusuna əsasən verilmiş) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 06/2-629/2025 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən “İnşaatçı” (“Spartak”) düşərgəsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən dövlət müəssisə və obyektlər qrupuna aiddir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin balansındadır. Məhkəmə qeyd edir ki, hər bir idda tələbi üzrə ilk növbədə iddiaçının belə bir tələbi irəli sürməyə subyektiv hüququn olub-olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmənin ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib, subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. (maddə 13) Hamı qanun və məhkəmə qarşısında bərabərdir. (madə 25) Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. (maddə 26) Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. (maddə 60) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. (maddə 43.3) Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir. (maddə 54.5) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (maddə 4.1) Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. (maddə 50.) İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. (151.1) İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. (maddə 149.1) İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. (maddə 152.1.2) Ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. (maddə 259.0.3) Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. (maddə 259.0.12) Hazırkı işdən görünür ki, irəli sürülmüş tələb hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinə (bundan sonra “Mərkəz”) məxsusdur. Çünki mübahisəli olan daşınmaz əmlak hər nə qədər Bakı şəhəri Xəzər rayonunun ərazisində yeləşsə də, o dövlət mülkiyyətində olmaqla, Mərkəzin balansındadır. İddianı isə Bakı şəhəri Xəzər RİH qaldırmış və həmin daşınmaz əmlakda yaşayan şəxslərin ordan çıxarılmasını xahiş etmişdir. Belə olan halda, Bakı şəhəri Xəzər RİH məhkəmədə dövlətin adından hərəkət edən qurumu (nümayəndəsi) kimi çıxış etmək istəmişdir. Keçirilən məhkəmə iclasları zamanı iddiaçıya subyektiv hüququnu təsdiq edən sənədləri təqdim etməsi təklif edilməsinə baxmayaraq, onun tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmənin sorğusuna əsasən verilmiş cavabda isə, mübahisə olunan daşınmaz əmlakın Mərkəzin balansında olduğu qeyd edilmişdir. Ona görə də həmin daşınmaz əmlakla bağlı dövlətin adından iddia etmək hüququ məhz həmin Mərkəzə məxsusdur. Mülki prosessual qanunvericiliyin sadalanan tələblərinə əsasən, iddiaçı Bakı şəhəri Xəzər RİH mübahisə olunan daşınmaz əmlakla bağlı dövləti hazırki iş üzrə təmsil etmək səlahiyyətinə malik deyildir. Belə olduğu halda, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin cavabdehlər X1 və X3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.3, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin cavabdehlər X1 və X3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-3591/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3591/2025
12.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver