Məhkəmə qərarları › İş №2(003)-3605/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3605/2024

23.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3605/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”-nə dair ərizə ilə müraciət edərək, onun Ərizəçi 1997-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda yerləşən R.Orucov adına 109 saylı orta məktəbi bitirməyi faktının müəyyən edilməsi və ona təkrar attestatın verilməsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmənin hansı “xüsusi icraat qaydasında işlər”ə baxması MPM-nin 305-ci maddəsində, hansı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər”ə baxması isə MPM-nin 307-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin hal-hazırki tələbi xüsusi icraat qaydasında baxılan işlərə aid deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə təcrübəsi haqqında” 2019-cu il 12 aprel 03 nömrəli qərarının 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərarın 14-cü bəndində qeyd olunur ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. İddiaçıya müvafiq inzibati orqana müraciət etmək, narazı qaldığı halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığına görə iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”-nə dair ərizəsi, yolverilməzliyə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq inzibati orqana müraciət etmək, əks halda həmin orqanın hərəkətlərindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul (xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzi) Ərizəçi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar