Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3612/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-nin GHC filialına qarşı əmrin ləğvi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin GHC filialının xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə təlimatçısürücü vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-nin GHC filialında sürücü kimi işə qəbul olmuş, daha sonra təlimatçı vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddəti bitməsi əsası ilə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə xəstlik bülletenindən qayıtmış, xx.xx.2023-cü il tarixdə isə işdə olaola əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı tərəfindən əmk müfəttişliyinə müraciət edilmiş, şikayəti üzrə araşdırma aparılmış, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla işəgötürən X3 İXM-nin 192.4-cü maddəsində təqsirli bilinərək 800 manat məbləğində cərimə olunmuşdur. İşə götürən tərəfindən əmək qanunvericiliyi kobud şəkildə pozulmuş, əmək müqaviləsinin surəti ona verilməmiş, əmk müqaviləsinin hansı müddətdə bağlanmağından hər hansı məlumatı olmamışdır. Əmrin surəti və əmək kitabçası və son haqq-hesabı düzgün hesablanaraq sonuncu iş günü ona verilməmişdir. İşə götürənin məktubundan görünür ki, əmək müqaviləsinə xitam veriləndən 1 ay sonra, yəni xx.xx.2023-cü il tarixdə ona müraciət edərək əmək kitabçasını təhvil alması göstərilmişdir. Daha sonra iddiaçının razılığı ilə iş üzrə cavabdeh "xxxx" MMC-nin GHC filialı əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İzahatında bildirdi ki, o, 14 ildir ki, "xxxx" MMC-də işləyir. Heç bir nöqsanı olmamışdır. Xüsusi nəqliyyatlarda sürücü olmuş, bütün texnikaları sürmüş və onların öyrədilməsində də iştirak etmişdir. O büllütendə olmuş və xx.xx.2023-cü il tarixdə işə çıxmış, həmin günü saat 15:00-dək işləmişdir. Sonra isə onu sənədə imza etmək üçün çağırmışlar. O, rəisin yanına getmiş, müqavilənin müddəti bitdiyi üçün onun işdən çıxarıldığını bildirmişlər. Səbəbini soruşanda isə rəis bildirmişdir ki, o tez-tez bülletendə olur. Ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əvvəlcədən də xəbərdarlıq edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş və müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə isə iddiaçının büllütendə olması barədə hər hansı bir qeyd yoxdur. Əmək müqaviləsinə xitam veriləcəyi barədə isə iddiaçı əvvəlcədən məlumatlandırılmışdır. Odur ki, iddianı əsassız hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -işəgötürən “X7 Aviation” MMC-nin (Cavabdeh MMC-nin) “GHC” filialı və işçi İddiaçı arasında bağlanmış 755 nömrəli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən işəgötürən işçiyə xüsusi texnika və yerüstü xidmət avadanlığı üzrə departamentinin xüsusi texnika və nəqliyyatın istismarı xidmətinin yük hava gəmiləri üzrə xüsusi texnika və avadanlığın istismarı sahəsinin təlimatçı-sürücüsü vəzifəsi üzrə əsas iş yeri olaraq əmək funksiyalarının yerin yetirilməsi tapşırılmışdır. Müqavilə müddətli olmaqla, xx.xx.2019-cu il tarixədək bağlanmışdır. -"xxxx" MMC-nin GHC filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsin xitam verilməsi barədə məktubundan görünür ki, həmin məktubda onunla bağlanmış xx.xx.2019-cu il tarixli 755 nömrəli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam veriləcəyi bildirilmişdir. -xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə baölanmış xx.xx.2019cu il tarixli 755 saylı müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi, ona istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə xx.xx.2022xx.xx.2023-cü iş ili üçün 4 təqvim günü pul əvəzi və xx.xx.2023-cü il tarixindən xx.xx.2023cü il tarixinədək işlədiyi müddət üçün əmək haqqının ödənilməsinin təmin edilməsi əmr edilmişdir. -"xxxx" MMC-nin GHC filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin məktubda dövriyyə vərəqəsini tam formada rəsmiləşdirmək və əmək kitabçasını təhvil almaq üçün filialın əmək münasibətlərinin idarə edilməsi şöbəsinə yaxınlaşmasının zəruri olduğu bildirilmişdir. -İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın surətindən görünür ki, İddiaçı son haqq hesabı üzrə orta əmək haqqı hesablanarkən məzuniyyət vaxtı hesablanmış haqq AR N.K-nin xx.xx.1999-cu il tarixli, 137 saylı qərarına əsasən əmək məzuniyyəti dövrü üçün hesablamada nəzərə alınmamış və nəticədə AR ƏM-nin 172.4-cü maddəsinin tələbləri pozularaq son haqq hesabı düzgün ödənilməmişdir. Nəticədə "xxxx" MMC-nin GHC filialının direktoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək barəsində 800 manat inzibati crimə tənbeh növü tətbiq edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin GHC filialının direktoru X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməsi, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilmsi və "xxxx" MMC-nin GHC filialının direktoru X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. -ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 14 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.” Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.” Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin (bundan sonra Müqavilənin) 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən əmək müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 1 ay müddətinə bağlanmışdır. Müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Müqavilənin 10.2-ci bəndinə əsasən işəgötürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən “Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasdır.” Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İşin araşdırılmış hallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmaqla həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyindən və bu tarixdə iddiaçının özünün bildirdiyinə görə də büllütendə olması səbəbindən xx.xx.2023-cü il tarixdə işə çıxdıqdan sonra bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən bir təqvim həftəsi keçmədən xitam verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə məktubdan, eyni zamanda iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə işəgötürən tərəfindən aralarında bağlanmış müqavilənin müddətinin qurtarması səbəbindən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyin tələblərinə riayət olunmaqla xitam verildiyindən iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3612/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3612/2023
07.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver