Məhkəmə qərarları › İş №2(003)-3625/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3625/2021

07.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3625/2021 07.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, 4 saylı evin, 9 saylı mənzilindən istifadə hüququnun itirilməsi, onların həmin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, 4 saylı evin, 9 saylı mənzili onun mülkiyyətindədir. Cavabdehlər onun xüsusi mülkiyyətində olan mənzildə yaşamırlar. Onları tanımır, harada yaşadıqları barədə məlumatı yoxdur. Hazırda onun mülkiyyətində olan mənzilə dair sahiblik, istifadə və sərəncam hüquqları pozulmuşdur. Məhkəmə iclasında iddiaçı iddia təlbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, 4 saylı evin, 9 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materillarından görünür ki, cavabdehlər Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, 4 saylı evin, 9 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, cavabdehlərin ümumiyyətlə iddiaçının mənzilində yaşamaqları müəyyən edilmir. Yəni iddiaçı tərəfindən mənzil alındığı zaman belə bir şəxslərin məhz həmin mənzildə qeydiyyatda olmamaları iş materialları ilə təsdiqini tapır. İddiaçı cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb etsə də, cavabdehlərin iddiaçının mənzilindən istifadə hüququ yaranması müəyyən edilmir. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi üçün əvvəlcə onun yaranması müəyyən edilməlidir. Cavabdehlərin mənzilə istifadə hüququ yaranması müəyyən edilmədiyindən istifadə hüququna xitam verilməsi barədə tələb təmin edilə bilməz. Cavabdehlərin mənzildə formal olaraq qeydiyyatda olması isə mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Ona görə də cavabdehlərin mənzildən istifadə hüququnun olmadığı müəyyən edildiyindən iddiaçının istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilə bilməz. Lakin hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququ olmayan cavabdehlərin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, 4 saylı evin, 9 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi təmin edilməsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsi, 4 saylı evin, 9 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar