Məhkəmə qərarları › İş №2(003)-3633/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3633/2021

12.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3633/2021 12.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh Sərhəd oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Sərhəd oğluna qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları - 17 avqust 2010-cu il təvəllüdlü X1 və 22 aprel 2014-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən 2 mərtəbədən ibarət və cehiz əşyalarının yerləşdiyi özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sərhəd oğlu ilə 12 oktyabr 2009cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar, nikahları isə 30 iyul 2011-ci ildə rəsmiləşdirmişdir. Birgə nikahdan 17 avqust 2010-cu il təvəllüdlü X1 və 22 aprel 2014-cü il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra özbaşına tikili olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən iki mərtəbədən ibarət hər mərtəbədə 2 otaq və 1 zal olan evə gəlin köçmüş və ona məxsus cehiz əşyalar həmin evə yerləşdirilmişdir. Cavabdehlə ailə qurduqdan sonra ailədə normal şəraitdə yaşamışlar. Lakin, sonradan cavabdehin ailəyə laqeyd münasibəti nəticəsində vəziyyət dəyişmiş, ailədə tez-tez söz-söhbətlər və narazıçılıqlar olmuş, bunun nəticəsi olaraq münasibətləri pozulmuşdur. Bir aydan artıqdır k, cavabdeh onu döyərək uşaqlarında birlikdə yaşadıqları evdən qovmuşdur. Artıq ayrı-ayrılıqda yaşayırlar. Cavabdeh onun mübahisəli evdə yaşamasına icazə vermir. Hal-hazırda o, uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Lakin, ona məxsus cehiz əşyaları həmin evdə yerləşir. Hazırda başqa yaşayış yeri yoxdur. Ona görə də hesab etmişdir ki, onun mübahisəli evə yaşayış hüququ bərpa olunmalı və o, azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək onun övladları 17 avqust 2010-cu il təvəllüdlü X1 və 22 aprel 2014-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 57 saylı evə (2 mərtəbəli, 1-ci mərtəbəsi 2 otaq və sanitar qovşaq, 2-ci mərtəbəsi isə 3 otaq 1 mətbəxdən ibarət olan evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Sərhəd oğlu iddia tələbini etiraf edərək iddiaçının onun övladları 17 avqust 2010-cu il təvəllüdlü X1 və 22 aprel 2014-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 57 saylı evə (2 mərtəbəli, 1-ci mərtəbəsi 2 otaq və sanitar qovşaq, 2-ci mərtəbəsi isə 3 otaq 1 mətbəxdən ibarət olan evə köçürülməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialarından görünür ki, tərəflərin nikah münasibətlərindən 17 avqust 2010-cu il təvəllüdlü X1 və 22 aprel 2014-cü il təvəllüdlü X2 doğulmuşdur. Mübahisənin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı 2011-ci ildə cavabdehlə ailə qurduqdan sonra mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 57 saylı evə özünə məxsus əşyaları ilə birlikdə köçərək orada daimi və birgə təsərrüfat aparmaqla yaşamışdır. Aralarında baş vermiş mübahisə nəticəsində evdən çıxmışdır. İddiaçıya aid əşyalar da hazırda həmin evdədir. iddiaçı cavabdehlə ailə qurduqdan sonra sözügedən özbaşına tikilidə yaşamaqla birgə təsərrüfat aparmışlar. Həmin evdə tərəflərin birgə nikahlarından 17 avqust 2010-cu il təvəllüdlü X1 və 22 aprel 2014-cü il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. İddiaçının köçürülməsini tələb etdiyi ev dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Lakin məhkəmə qeyd edir ki, həmin tikilinin özbaşına tikili olmasına istinad etməklə iddiaçının ora köçürülməsindən imtina edilməsi, Azərbaycan Respublikası Konstitusiyasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilən mövqeyə uyğun deyil. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçının özbaşına inşa edilmiş həmin tikiliyə köçürülməsi üçün qanuni maneə yoxdur. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində əvvəllər yaşadığı özbaşına tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin hissəyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Bundan başqa, cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddiaçının uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsinə etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı 17 avqust 2010-cu il təvəllüdlü X1 və 22 aprel 2014-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 57 saylı evə (2 mərtəbəli, 1-ci mərtəbəsi 2 otaq və sanitar qovşaq, 2-ci mərtəbəsi isə 3 otaq 1 mətbəxdən ibarət olan evə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı 17 avqust 2010-cu il təvəllüdlü X1 və 22 aprel 2014-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsində yerləşən 57 saylı evə (2 mərtəbəli, 1-ci mərtəbəsi 2 otaq və sanitar qovşaq, 2-ci mərtəbəsi isə 3 otaq 1 mətbəxdən ibarət olan evə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar