Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3668/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, No ******* saylı, xx.xx.2016-ci il tarixli Çıxarışa əsasən Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər Rayon, Buzovna qəsəbəsi, 5-1608 saylı yerin zəbt edilmiş 162 kv.m. torpaq sahəsindən çixarılması, həmin sahədə aparılmış özbaşına tikintinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu tərəfindən 21 may 2003-cü il tarixli, 28 saylı Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha hesabı ilə 5-1608 kodlu torpaq sahəsi ona ayrılmışdır. 5-1608 kodlu torpaq sahəsinin ölçüsü faktiki 0,1350 ha təşkil etmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı No ******* saylı, xx.xx.2016-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər Rayon, Buzovna qəsəbəsi, 5-1608 saylı sahə onun mülkiyyətinə verilmişdir. Həmin tarixdən göstərilən torpaq sahəsi onun mübahisəsiz qaydada sahiblik, istifadə və sərəncamımdadır. 02 mart 2024-cü il tartixdə ona məlum olmuşdur ki, RX seriyalı No ******* saylı, xx.xx.2016-ci il tarixli Çıxarışa əsasən ona məxsus Bakı şəhəri, Xəzər Rayon, Buzovna qəsəbəsi, 5-1608 saylı sahənin bir hissəsi, yəni 162 kv.m torpaq sahəsi, qonşu torpaq sahəsinə sahiblik edən şəxs, Cavabdeh tərəfindən zəbt edilmişdir. Ona məxsus sahənin daş hasarı onun tərəfindən sökülərək öz torpaq sahəsinə birləşdirilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, ona məxsus zəbt elədiyi torpaq sahəsini boşaltmaqdan imtina edir və hal-hazırda orada tikinti işləri aparır. Bu səbəbdən məhkəmə müdafiəsinə məcburiyyət yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, torpaq sahəsi hazırda onun sahibliyindədir. Torpaq sahəsi naturada ona ayrılmışdır. Əmlak mütəxəssisləri müayinə keçirmiş və çıxarış verilmişdir. O, torpaq sahəsinə illərdir getməmiş, qonşulara tapşırmışdır. Uzun müddətdən sonra torpaq sahəsinə gedərkən cavabdehin onun sahəsinə girdiyini görmüşdür. Mülkiyyətinin sərhədləri pozulmuşdur. Cavabdehin heç bir sənədi yoxdur. Onun tikdiyi tikili qanunsuz tikilidir. Cavabdehlə heç bir şəxsi qərəzi yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, torpaq sahəsini əmlak komitəsinin mütəxəssisləri ölçmüşdür. Aparılan təhqiqat zamanı rəy verilmişdir. Torpaq və onun ölçüləri yerindədir. Hasarın üzərində bir az fəsadlar olsa da, üst hissəsi bərpa olunmuşdur. İddiaçının həyətinə hər hansı bir müdaxilə olmamışdır. İddiaçının sadəcə onunla şəxsi qərəzi var. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, sahəsi 0,1 ha olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 5-1608 saylı sahə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2016-cı il tarixli 1276 saylı arayışından görünür ki, İddiaçı Buzovna Tərəvəzçilik- Südçülük Sovxozu tərəfindən xx.xx.2003-cü il tarixli 28 saylı əmrindən çıxarışa əsasən müəssisəsinin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesabı ilə 5-1608 kodlu torpaq sahəsi ayrılmışdır. 5-1608 kodlu torpaq sahəsinin ölçüsü faktiki 0,1350 ha təşkil edir. Məhkəmə mübahisəsi yoxdur. -ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli A seriyalı 086973 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 1608 saylı sahə İddiaçı məxsusdur. -xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK 1/737 saylı material üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Bakı şəhəri Xəzər RPİ-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ona məxsus qeydiyyata alınmış reyestr nömrəli **********25 olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 5-1608 saylı sahədə yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin sərhədləri düzgün şəkildədir, əlavə olaraq 0,0188 ha torpaq sahəsi istifadəsindədir. Qonşuluqda yaşayan Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsi müəyyən edilməmişdir. -ƏMDK DƏDKR publik hüquqi şəxsin Xəzər RPİ-nə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyinda "Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 4-038 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 5-1608 saylı sahədə yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 5-1606 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cavabdeh adına Bakı şəhərində yerləşən qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Sözügedən ərazinin yerində yoxlanması ilə əlaqədar 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mütəxəssis ayrılmış və tərtib olunan xx.xx.2024-cü il tarixli "Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı"na əsasən İddiaçı ona məxsus qeydiyyata alınmış reyestr nömrəsi **********29 olan (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 5-1608 saylı sahədə yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi) torpaq sahəsinin qonşusu Cavabdeh tərəfindən zəbt edilməsi ilə bağlı iddiası əsassızdır, sərhədlər düzgün şəkildədir. Əlavə 0,0188 ha torpaq sahəsi İddiaçı İstifadəsindədir. Cavabdeh faktiki hasardaxili istifadəsində olan 0,0485 ha torpaq sahəsinin yerləşməsinə dair cizgi sxemi təqdim edilməmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. İddiaçı onun istifadəsində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunduğunu bildirərək iddia qaldırmışdır. Lakin, məhkəmə araşdırması zamanı sübutları tədqiq etməklə iddiaçının torpaq sahəsinin cavabdehin tikili tikdiyi torpaq sahəsi ilə üst-üstə düşməyi sübut olunmamış, cavabdehin inşa etdiyi tikilinin onun hüquq və mənafeyinə hər-hansı qaydada toxunmadığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-49.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən “Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.” Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən “Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən “Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” Həmin Məcəlləsinin 65-ci maddəsinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-3668/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3668/2024
11.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver