Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-37/2021 03.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, ev 47 saylı fərdi yaşayış evinin 7/9 hissədə Cavabdeh2, 1/9 hissədə İddiaçı Ələkbər qızının, 1/9 hissədə Cavabdeh1 paylarına uyğun naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, ev 47 saylı fərdi yaşayış evi paylı mülkiyyət üzrə 7/9 hissədə Cavabdeh2, 1/9 hissədə İddiaçı Ələkbər qızının, 1/9 hissədə Cavabdeh1 mülkiyyətindədir. Həmin fərdi yaşayış evi 114.9 kv.m metr sahəsi olan tikilidən və 0,0901 ha torpaq sahəsindən ibarətdir. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin fərdi yaşayış evi tərəflərin paylarına uyğun şəkildə naturada bölünməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, həmin fərdi yaşayış evinin onların ata evidir. Həmin evdə iddiaçının 1/9 hissədə payı olduğuna, ev satılarkən onun payının verilməsinə etiraz etmir. Lakin hal-hazırda həmin fərdi yaşayış evi 2 otaqdan ibarətdir və idiaçının anası və qardaşı həmin mənzildə yaşayır. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında işirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının mübahisəli əmlakda 1/9 payı vardır. Lakin faktiki vəziyyətə uyğun iddiaçının payını ayırmaq mümkün deyildir. Həmin əmlak satılanda ona düşən paya görə ona pul verəcəklər. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, ev 47 xüsusi mülkiyyət hüququ üzrə 7/9 hissədə Cavabdeh2, 1/9 hissədə İddiaçı Ələkbər qızının, 1/9 hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 337 nömrəli reyestr kitabının 31473 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26.09.2019-cu il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26116 saylı, 01.06.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, ev 47 yaşayış evinin iddiaçı və cavabdehlərin paylarına uyğun naturada Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli 10/3826 nömrəli rəyindən aydın olur ki, ünvan 1 ünvanda yerləşən, tədqiqat obyekti olan torpaq sahəsinin faktiki istifadə vəziyyəti üzrə konfiqurasiyasının və ölçülərinin, “Texniki pasport”da qeyd olunan göstəricilər ilə uyğunsuzluq təşkil etdiyinə, həmçinin həmin torpaq sahəsində mövcud olan A və B flterli tikililər üzrə “Texniki Pasport”da qeyd olunmayan əlavə tikinti işlərinin aparıldığına görə, torpaq sahəsinin və fərdi yaşayış evinin 1/9 payının ümumi paydan naturada ayrılmasının mümkün olub olmaması ilə bağlı qərardadın suallarını cavablandırmaq mümkün olmadı. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, ev 47 saylı fərdi yaşayış evi paylı mülkiyyət üzrə 7/9 hissədə Cavabdeh2, 1/9 hissədə İddiaçı Ələkbər qızının, 1/9 hissədə Cavabdeh1 mülkiyyətindədir. Həmin fərdi yaşayış evi 114.9 kv.m metr sahəsi olan tikilidən və 0,0901 ha torpaq sahəsindən ibarətdir. İddia ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, iddiaçı və cavabdehlərin hər biri mübahisəli əmlakın müstəqil mülkiyyətçiləridir, yəni, onların payı məlumdur. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İş materiallarında olan ekspert rəylərindən də aydın olur ki, payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən səbəblərdən mübahisəli payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi təmin edilə bilməz. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə ekspertiza xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi rədd edildiyindən 100 (bir yüz) manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutulub X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəgörə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutulub X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-37/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-37/2021
03.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver