Məhkəmə qərarları › İş №2(003)-373/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-373/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-373/2024 30.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 25000 manat məbləğində, əlavə təmir xərclərinə görə 3000 manat məbləğində və ödənilmiş dövlət rüsumu olan 174 manat məbləğdə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Cavabdeh istifadəsi və sahibliyində olmuş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X3 fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə 25 000 (iyirmi beş min) manat ödəməklə almışdır. Sözügedən ev Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmadığından aralarında şifahi “alqısatqı” müqaviləsi bağlanmış, pulun verilməsinə dair yazılı “iltizam” tərtib edilmişdir. Daha sonra cavabdeh ona evə dair inventarlaşdırmaya dair hesabat cədvəlini vermiş, evin kommunal xidmətlərini adına keçirilməsi üçün etibarnamə vermiş, sənədləşmənin adına olmasına etiraz etməməsinə dair ərizə vermişdir. Daha sonra o, həmin etibarnamə və ərizə əsasında kommunal xidmətləri öz adına sənədləşdirmişdir. Pulu ödədikdən sonra cavabdeh evindəki əşyaların çıxarılması və özünün də evdən çıxması üçün 15 gün vaxt verməsini xahiş etmişdir. Daha sonra evdə rütubət olduğundan o, evə ustalar gətirərək bəzi təmir işlərini görmüşdür. 2022-ci ilin sentyabr ayının sonlarında evin dam örtüyünün təmiri zamanı cavabdehin anası fərdi yaşayış evinə gələrək səs-küy salmış, onları evi tərk etməklərini bildirmiş, ona orada şər-böhtan atmışdır. Həmin təmirlərə onun 3000 manat xərci çıxmışdır. Daha sonra cavabdehin anası onu polisə vermişdir. Bütün olanlardan sonra cavabdeh Nur da evdən çıxmamış və verdiyi etibarnaməni ləğv etdirmiş, bəzi kommunal abonent adlarını yenidən öz adına keçirmişdir. Bu günə qədər ya evin tərk edilməsini, ya da pulunu geri qaytarılmasını təklif etsə də bundan imtina etmişdir. Həmçinin, həmin evdə onun bəzi aşyaları qalmışdır. Evi almazdan əvvəl ayın 28-də 100 manat behi cavabdehin kartına atmışdır. Daha sonra notariat orqanına gedərək 25000 manatı ödəmiş və iltizama hər ikisi qol çəkmişdir. Notariat orqanına Nur və onun əri İlkin gəlmişlər. Həmin vaxt o, 25000 manatı Nura vermiş və sonuncu da pulu çantasına qoymuşdur. Ev orta təmirli olduğundan təmirə ehtiyacı olmuşdur. Cavabdeh ona digər evini təklif etmiş, lakin o, razılaşmamışdır. Daha sonra cavabdeh öz anası ilə birlikdə onun aldığı evə köçmüşdür. Köçdükdən sonra cavabdeh ona pul vermədiyini bildirmişdir. Həmin evdə onun tikinti materialları qalmışdır. Cavabdeh hələ də onun əşyalarını qaytarmaqdan imtina edərək evdə yaşamağa davam edir. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı X1 iddiası əsassızdır, şər və böhtandır. Buna sübut olaraq Xəzər Rayon Pİ-nin 1-ci Polis şöbəsindən olan qərarları təqdim edir. İddiaçı tək onun barəsində iddia qaldırıb, çünki qarşı tərəfin öz dələduz qrupunun üzvüdür. İddiaçının həyat yoldaşı Kazımova Rahidə səs yazısındada bildirir ki, pulu Məmmədov İlkinə veriblər. İddiaçı da Prokurorluqda bildirmişdir ki, pulu İlkinə verib. Hətta İlkinin əmisi Məmmədov Ədalətin də səs yazısında aydın açıq eşidilir ki, M.Ədalət deyir ki “Vuqarın pulunu qaytaracayıq bizə haram pul lazım deyil”. İlkinin atası polisin yanında bildirmişdir ki, ona 2023-cü il yanvar ayına kimi vaxt versinlər, o, Vuqarın pulunu qaytaracaqdır. Bu dələduz qrupun onu aldadaraq yazdırdıqları ərizə də saxtadır, çünki tarixlər fərqli yazılmışdır. Ona pulu bank vasitəsilə verməli idilər lakin, onu aldadaraq vermədilər. Vuqarın özünün yazdığı polisə olan ərizəsində də qeyd edir ki, Nurun anası Abasəliyeva Səidə onları evə buraxmır köçməklərinə maneə yaradır. Bu da onu sübut edir ki, onlar heç vaxt sözügedən evdə yaşamayıblar. Qonşuları da buna sübut olaraq notarial qaydada bunu təsdiqləyiblər. Vuqar onun kartına cəmi 100 manat pul göndərmişdir. O, iltizamı ayın 22-i yazmışdır. İddiaçı 100 manat məbləğində behi ayın 28də ona göndərmişdir. O, pulu soruşduqda Vuqarın arvadı pulu İlkinə verdiklərini bildirmişdir. İlkin onu aldadaraq etibarnamə verdirtmişdir. Lakin, ona pul verilməmişdir. İddia tələbini qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sadə yazılı qaydada olan iltizamdan görünür ki, Cavabdeh ona məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satdığını, İddiaçı isə 25000 manat məbləğində pul aldığını təsdiq etmişdir. İltizama Cavabdeh, İddiaçı, şahid qismində X4 və X2 imza etmişlər. - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, həmin tarixdə 100 manat məbləğində pul Cavabdeh məxsus bank kartına köçürülmüşdür. - Məhkəmə iclasında tədqiq olunmuş iddiaçının arvadı ilə cavabdeh arasında aparılan telefon danışıqlarına dair səs yazısında iş üzrə cavabdeh telefon danışıqları zamanı iddiaçıdan 25000 manat aldığını, həmin pulun üzərinə də müəyyən məbləğ qoyaraq digər evi təmir etdirdiyini bildirərək onlara həmin evi təklif etmişdir. Cavabdeh etirazında ümumiyyətlə iddiaçının ona heç bir məbləğdə pul verməməsini, pulun İlkin adlı şəxsə verildiyini, İlkinin isə ona qarşı dələduzluq etdiyini qeyd etməklə iddianın rədd edilməsi barədə etiraz etsə də, məhkəmə araşdırması zamanı iş üzrə iddiaçının izahatından, iş materiallarında olan iltizamdan, o cümlədən aparılmış telefon danışıqlarından (disk səs yazısından) iddiaçı tərəfindən cavabdehə iddiada qeyd edilən pulun verilməsi halının mövcud olması və həmin pulun qaytarılmaması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş onun yaxın qohumu ilə cavabdeh arasında aparılmış telefon səs yazıları qanuna uyğun qaydada əldə edilmiş hesab edilməklə sübut kimi qiymətləndirilməlidir. İşin bütün araşdırılmış hallarından müəyyən edilir ki, 2022-ci il tarixdə iddiaçı cavabdehə məxsus evi almaq üçün ona 25000 manat məbləğində pul vermiş, lakin cavabdeh evi ona təhvil verməyərək özü yaşamağa başlamış, ödənilən pul məbləğini isə geri qaytarmayaraq əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, yazılı müqavilələrin bağlanma üsullarından biri tərəflərin onu imzalamasıdır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Eyni zamanda məhkəmə qeyd edir, tərəflər arasında mümkün alqı-satqı müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 25000 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Məhkəmə, iddia tələbinin evin təmiri üçün 3000 manat xərc qoyularaq yaxşılaşdırma edilməsi ilə bağlı həmin pulun cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir. İddiaçının tələbinin hüquqi əsası kimi evi təmir etdirərək pul xərcləməsi ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən evin təmiri ilə bağlı pul xərcləməsi ilə bağlı iddiaçı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Həmçinin, iddiaçının özü tərəfindən izahatında qeyd olunur ki, cavabdeh tərəfindən ev ona təhvil verilməmiş, cavabdeh orada yaşamağa davam etmişdir. Belə olan halda, iddiaçı tərəfindən həmin daşınmaz əmlakın təmirinə pul xərclənərək yaxşılaşdırma edilməsi real görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin 175 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməli və 165 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 25000 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 165 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 25000 manat və ödənilmiş dövlət rüsumuna görə 165 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 9 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar