Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-374/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanda tikilmiş evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2003-cü il tarixdə faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X2 xx.xx.2007-ci il təvəllüdlü X3 doğulmuşlar. ünvan 1 ünvanda inşa edilmiş özbaşına tikili olan ev 2000-ci il tarixdə onun tərəfindən tikilib təmir olunmuşdur. Cavabdeh ona xəyanət etdiyinə görə ailə münasibətləri pozulmuş və cavabdeh evi tərk etmişdir. Daha sonra isə yenidən evə girərək evi zəbt etmişdir. Məhkəmədə iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbin etiraf etməyərək, izahatında bildirmişdir ki, həmin evə gələndə tam hazır deyiıdi. 15 ildən artıq nikahda olduqları dövrdə evi tamamlamışlar hətta əlavələr də etmişlər. Evin və torpaq sahəsinin hər hansı bir sənədi yoxdur. Daimi olaraq orada yaşamışlar övladlarıd orada doğulmuşdur. Hazırda da həmin evdən başqa yaşayılş sahəsi yoxdur və oradan çıxarılması üçşün heç bir əsas yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehlərin adına qeydə alınmadığından, iddiaçının mübahisəli evə və həmin ünvanda yerləşən torpaq sahəsinə hər hansı hüququ əmələ gəlməmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdeh Gülnarə Məmmədovanın həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedənin (hazırki halda məhrumetmə barədə tələblə çıxış edən) mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ (mülkiyyət, icarə və s.) yoxdursa məhrumetmə qanunsuz sayılmalıdır. Bununla yanaşı, tərəflərin evin tikintisinin tamalanması və əlavələrin edilməsi iddiaçı və cavabdeh birgə nikah dövründə aparılmaqla a hər iki tərəfin iştirak etməsi məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir. Eyni zamanda işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı cavabdehlə 17 ilə yaxın müddətdə orada yaşamaqla birgə təsərrüfat aparmışlar. Bələ ki, yuxarda da qeyd olunduğu kimi, həmin özbaşına tikili rəsmi olaraq reyestrdə mülkiyyət kimi qeydə alınmamaqla cavabdehin həmin tikiliyə dair hər hansı sərəncam vermək hüqüqlarının olmadığı kimi, iddiaçının da belə bir tələblə çıxış etməsi üçün hər hansı qanuni əsas olmamaqla bu tələbin irəli sürülməsində subyektiv hüquqa malik deyil. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi evə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünkü, subyektiv hüququnun olduğu müəyyən edilməmişdir, belə halda hazırki tələbin tələbinin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-374/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-374/2021
04.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver