Məhkəmə qərarları › İş №2(003)-3752/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3752/2024

22.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3752/2024 22.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı1, Cavabdeh2 Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "torpaq sahəsinin boşaldılması,tikilmiş qanunsuz fərdi yaşayış evlərinin sökülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 835 və 835 A saylı bağ sahələrinin boşaldılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 qız bildirdi ki, Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə arasında 835A 0,12 hektarlıq bağ sahəsi və İddiaçı2 ilə Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi arasında 835A 0,12 hektarlıq bağ sahəsinin onlara verilməsinə dair “Bağın icarəyə verilməsi haqqında” müqavilələr bağlanmışdır. (13 iyun 1990-cı il tarixində İddiaçı2 ilə 6024, 09 aprel 2001-ci il tarixdə isə onun qızı İddiaçı1 ilə 27933 nömrəli müqavilələr bağlanmışdır). DƏDRX tərəfindən təqdim edilmiş 29 mart 2015-ci il tarixli **********21 və **********20 saylı məktublara əsasən 835A və 835 saylı bağ sahələri hüquqmüəyyənedici sənədlər əsasında özlərinə məxsusdur. Lakin bu bağ sahələrinin üzərindən yüksək gərginlikli elektrik xətləri keçdiyindən bu günə kimi bu sahələri öz mülkiyyətlərinə rəsmiləşdirməkləri və müvafiq çıxarışlar almaqları mümkün olmamışdır. Qonşuluqda yaşayan Sultanov İlkin saxta sənədlər əsasında onlara məxsus torpaq sahəsini İlqara, Cəlala, Xasaya satmışdır. Keçən müddət ərzində cavabdehlər tərəfindən torpaq sahəsində 3 yaşayış evi tikilmişdir. Hüquqmüəyyənedici sənədlər əsasında onlara aid olan torpaq sahələri hal-hazırda qanunsuz olaraq başqa şəxslərin istifadəsindədir. Əlavə olaraq qeyd etdi ki, 835N bağ sahəsi ona anası tərəfindən verilib. Sultanov İlkin həmin torpağı qanunsuz olaraq zəbt edib və cavabdehlərə satıb. Hal-hazırda Sultanov İlkin törətdiyi əmələ görə məhkum olunmuşdur. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştrak etmiş Cavabdeh2 iddia ərizəsini qəbul etməmiş və bildirmişdir ki, sözügedən torpağı 2021-ci ildə Sultanov İlkindən almışdır. O, 4,5 sot torpaq üçün 21.000 manat məbləğində pul ödəmişdir. Həmin torpaqda 1 mərtəbəli ev tikmiş, lakin orada yaşamır. Məhkəmə iclasında iştrak etmiş Cavabdeh3 iddianı qəbul etməmiş və bildirmişdir ki, sözügedən torpağı 2020-ci ildə Sultanov İlkindən almışdır. O, 2,5 sot torpaq üçün 7.500 manat məbləğində ödəniş etmişdir. Həmin torpaqda 1 mərtəbəli tikilidə yaşayır, kommunal ödənişlər edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 6024 saylı xx.xx.1990-cı il tarixli bağın icrarəyə verilməsi haqqında müqavilədən görünür ki, İddiaçı2 Şüvəlan qəsəbəsində 835 saylı 0,10 hektarlıq hektarlıq bağ sahəsi verilmişdir. İş materiallarında olan 27933 saylı xx.xx.2000-ci il tarixli bağın icrarəyə verilməsi haqqında müqavilədən görünür ki, İddiaçı1 Şüvəlan qəsəbəsində 835A 0,12 hektarlıq bağ sahəsi verilmişdir. İş materiallarında olan 1(003)-32/2024 nömrəli xx.xx.2024-cü il tarixli Bakı Şəhər Xəzər rayon məhkəməsinin hökmündən görünür ki, X1 İlqar Bulud oğluna, Cavabdeh2, Cavabdeh3 xeyli miqdarda ziyan vurmaqla onlara qarşı dələduzluq etmiş və nəticədə 178.2.2, 178.2.4, 188.1 və 320.1-ci maddələrində nəzərə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdir. Sultanov İlkin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 835 nömrəli bağ sahəsi İddiaçı2 və 835 A bağ sahəsi İddiaçı1 məxsusdur. Sultanov İlkin qanunsuz olaraq həmin torpağı zəbt etmiş və cavabdehlərə satmışdır. Halhazırda İ.Sultanov bu əməlinə görə cəzaçəkmə müəssisəsindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 sözügedən torpaq sahələrinin özlərinə məxsus olması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etmədilər. Bu səbəblərdən, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 835 və 835 A saylı bağ sahələrinin boşaldılmalı, cavabdehlər tərəfindən həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 835 və 835 A saylı bağ sahələrindən çıxarılsın. Cavabdehlər tərəfindən həmin torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülsün və torpaq iddiaçılara təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar