Məhkəmə qərarları › İş №2(003)-3781/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3781/2025

12.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3781/2025 12.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fəzrəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “Əmək intizam tənbehlərinin: töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət əmrlərinin ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “Əmək intizam tənbehlərinin: töhmət vəsonuncu xəbərdarlıqla şiddətli töhmətin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin baş direktoru Çingiz Hacıyevin 11 iyun 2025-ci il tarixli əmri ilə ona verilmiş töhmət və 08 iyul 2025-ci il tarixli, 16-1- 29/K335/2025 saylı əmri ilə ona verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmətin ləğv olunması; Həmin intizam tənbehlərinin şəxsi işindən çıxarılması; Ona verilmiş intizam tənbehlərinin kollektivin iştirakı ilə elan olunmasının qanunsuz hesab edilməsi; Məhkəmə xərclərinin Cavabdeh QSC-nin üzərinə qoyulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı ildən “Şıx” sanatoriyasında kiçik tibb işçisi kimi fəaliyyət göstərmiş, işə daxil olan gündən vanna prosedur otaqlarında işləmiş, əmək fəaliyyəti dövründə vicdanla çalışmış, tapşırılan sahədə daim nizam-intizam və sanitariya tələblərinə maksimum diqqətlə yanaşmış, 2025-ci ilin yanvar ayınadək işdə heç bir problemi olmamış, rəhbərlik tərəfindən ona heç vaxt irad bildirilməmiş, heç vaxt intizam cəzası almamışdır. Lakin sanatoriyaya direktor vəzifəsinə Fuad Quliyev təyin olunandan sonra bir çox işçilər kimi onun da problemləri başlamış, yeni direktor gələndən sonra süni şəkildə qəsdən yaratdığı problemlər barədə şikayətlərində qeyd etmiş, həmçinin AİHİK-ə gələrək vəzifəli şəxslərin qəbulunda da söyləmiş, ilk olaraq vannalarda istifadə olunan suyun qoxusu pis, buxarlanma isə nəfəs darlığı və başgicəllənmə yaratdığı barədə rəhbərliyə və aidiyyəti tibb personalına dəfələrlə məlumat versə də, tədbir görən olmamış, nəticədə səhhətində ağırlaşma baş vermiş və həkimlərin rəyinə əsasən onda astma xəstəliyi aşkarlanmışdır. Sanatoriyanın direktoru Fuad Quliyev vəzifəyə təyin olunan kimi onu guya "vannaları pis təmizlədiyimə görə" şərləyərək əvvəlki vəzifəsindən 2025-ci ilin yanvarında uzaqlaşdırmış, onu “müalicə korpusunun xadiməçisi” kimi qeyri-rəsmi və aşağılayıcı formada işlətmişdir. xx.xx.2025-ci il tarixli, 16-1-29/K-335/2025 saylı əmrlə ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilib. Əmrin məzmunu ilə tanış olduqda aydın olur ki, sənəd tam qərəzli, hüquqi cəhətdən əsassız və faktoloji baxımdan absurddur. Əmr 2 bəndə əsaslanaraq onun guya sanitariya qaydalarına əməl etmədiyimi və işə səhlənkar yanaşdığını iddia edir. Halbuki nə konkret fakt göstərilib, nə xidmət üzrə yazılı əsaslandırma mövcuddur, nə də onun izahatı və hüququ nəzərə alınıb. Əmr bir növ “şablon ittihamlar toplusu”dur və məqsəd sadəcə ona psixoloji təzyiq göstərmək, rəhbərliyin cinayət xarakterli su istifadəsinə etiraz etdiyi üçün onu susdurmaqdır. Əgər o hansısa qaydanı pozmuşdusa, o zaman nəyə görə sanatoriyada hələ də işləyir? Əgər vannalar pis təmizlənirdisə, bu qədər illər rəhbərlik niyə susurdu? Əmr “bütün tədbirlər görülməsinə baxmayaraq, işçi fəaliyyətində dönüş yaratmayıb” kimi ifadələrlə manipulyasiya edir. Halbuki rəhbərlik tərəfindən onunla heç bir söhbət aparılmayıb, xəbərdarlıq edilməyib, hüququ pozulduğu üçün isə bu cür “dönüş” baş verməsi mümkün deyildi. Bu, açıq-aşkar böhtandır və hüquqi baxımdan da qüsurludur. Bundan başqa, əmrin mətnindən də göründüyü kimi, guya Şəfəq Hüseynova 02-03 iyun 2025-ci il tarixlərdə onun tərəfindən döyülübdür və bu barədə dərhal xidməti bildiriş yazıbdır. Belə olan halda nəyə görə sanatoriya direktoru Cavabdeh QSC-yə bu barədə uydurma xidməti məruzəni həmin vaxt deyil, 10 gün sonra, yəni 13 iyun 2025-ci il tarixdə göndəribdir? Cavabdeh QSC-nin rəhbərliyi isə bu uydurma hadisədən 35 gün keçdikdən sonra, yəni 08 iyul 2025ci il tarixdə mənə şiddətli töhmət veriblər. Hansı ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. Buradan da bu məsələnin qondarma olduğu bir daha görünür. Şəfəq Hüseynovanın 02-03 iyun 2025-ci il tarixlərdə xidməti otağında mənim tərəfimdən döyülməsi barədə göstərilənlər isə ümumiyyətlə gülməlidir. Belə çıxır ki, hər gün onun iş otağına gedərək onu döyürmüş. Əmrdə həmçinin Şəfəq Hüseynovanın uydurma xəsarətinə diaqnoz da qoyublar, guya onun sağ said (bilək) və mil-milək oynağı zədələnmişdir. Bu xəsarəti hansı ekspert və nəyə əsasən təyin etmişdir? Və əgər, o cinayət törədərək Şəfəq Hüseynovanı 2 gün ərzində döyərək ona bədən xəsarəti yetirmişəmsə, ona hədə-qorxu gəlmişəmsə, nəyə görə mənim barəmdə polis orqanlarına məlumat verilməmişdir? Əmrdə yazılır ki, guya kiçik tibb bacısı Nurxanım Nuriyevə şifahi izahat verərək hadisəni təsdiq edib. Bəs, şifahi izahat verən işçi nəyə görə yazılı izahat verməyibdir (hanı bu barədə imtina aktı)? Əmrdə həmçinin qeyd olunur ki, o daha əvvəl də intizam tənbehinə məruz qalmış və guya bu “tədbir” müsbət dəyişiklik yaratmayıb. Bu cümlə açıq-aşkar qərəzlidir və onun əməyinə, fəaliyyətimə hörmətsizlikdir. 11 iyun 2025-ci il tarixdə isə guya ona töhmət verilməsi yalandır. O, belə bir əmrin və töhmətin verilməsini ilk dəfədir eşidir. Bütün bunlarla yanaşı, Cavabdeh QSC-nin Nizamnaməsinin və Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad edilsə də, həmin maddələrin konkret hansı hissəsinə əsaslanıldığı, onun hansı hüquqi normanı pozduğum əsaslandırılmayıb. Belə yanaşma hüquqi deyil, qərəzli yanaşmadır.

3. Cavabdeh QSC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Cavabdeh QSC-nin “Şıx” Sanatoriyasının kiçik tibb bacısı İddiaçı müxtəlif vaxtlarda işdə yol verdiyi intizam pozuntularına görə qanuni əsaslarla intizam məsuliyyətinə cəlb olunmuşdur. Hazırki iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Etirazın dəlilləri və hüquqi məsələlər: xx.xx.2025ci il tarixli əmrlə bağlı: Bu əmrlə İddiaçı töhmət elan olunmuşdur. Belə ki, tibbi xidmət şöbəsinin kiçik tibb işçisi vəzifəsində çalışan İddiaçı xx.xx.2025-ci il tarixində (Əmək müqaviləsi üzrə işin bitmə saatı 17:00) saat 16:25 radələrində rəhbərliyi məlumatlandırmadan iş yerini tərk etmişdir. İş yerini saat 16:25 radələrində tərk etməsinə baxmayaraq işə giriş-çıxış jurnalına 17:00 qeyd etmiş və imza atmışdır. Bu hal aşkarlandıqdan sonra onunla telefon vasitəsilə əlaqə saxlanılaraq geri qayıtması tələb olunmuş, geri qayıtdıqdan sonra iş yerini işin bitmə saatından əvvəl tərk etməsi ilə bağlı yazılı izahat istənmişdir. İddiaçı yazılı izahat verməkdən imtina etmişdir. Növbəti gün (xx.xx.2025-ci il tarixində) səhər saatlarında İddiaçı “Şıx” Sanatoriyasının direktoru, Fuad Quliyevin otağının qarşısında ona yaxınlaşaraq əlindəki yazılı izahatını qəbul etməyini tələb etmişdir. Sanatoriyanın direktoru öz növbəsində izahatı insan resursları üzrə mütəxəssis Esmira Cabarovaya təqdim etməsini bildirmişdir. Bu sözdən sonra adıgedən işçi digər əməkdaşların qarşısında “Şıx” Sanatoriyasının direktoruna səsini yüksəldərək məhkəməyə verəcəyini bildirmişdir. İddiaçı sonradan izahatını insan resursları üzrə mütəxəssis Esmira Cabarovanın yanına gələrək masasının üstünə atmışdır. İzahatında halının pisləşməsini, dərman alması üçün müəssisəni tərk etməsini, sonradan geri qayıdacağını bildirməsinə baxmayaraq kamera görüntülərindən və jurnalda əvvəlcədən çıxış üçün apardığı qeydə əsasən İddiaçı iş yerini rəhbərliyi məlumatlandırmadan tərk etdiyi təsdiqini tapmışdır (müvafiq sənədlər əlavə olunur). xx.xx.2025-ci il tarixli “sonuncu xəbərdarlıqla şiddətli töhmət” əmri ilə bağlı: Bu əmrlə İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan olunmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixində saat 16:00-da və xx.xx.2025-ci il tarixində səhər saat 09:45 radələrində sanatoriyanın kiçik tibb işçisi İddiaçı, şöbə müdiri Hüseynova Şəfəqə qarşı subordinasiya (tabeçilik) qaydalarını pozaraq qapını döymədən onun otağına daxil olmuşdur və həkimə qarşı səbəbsiz səs tonunu ucaltmışdır. Bu hərəkətləri gördükdən sonra Hüseynova Şəfəq otağı tərk etmək istədikdə, İddiaçı qapını zərblə itələməsi nəticəsində Hüseynova Şəfəqin sağ said (bilək) və mil-milək oynağı zədələnmişdir. Hadisədən dərhal sonra İddiaçı, Hüseynova Şəfəqə hədə-qorxu gəlmiş və otağı tərk etmişdir. Keçirdiyi güclü əsəb və stress nəticəsində Hüseynova Şəfəqin arterial təzyiqi kəskin şəkildə yüksəlmiş, o, özünü pis hiss etmiş və ona ilkin tibbi yardım göstərilmişdir. Tibbi müdaxilədən sonra onun vəziyyəti nisbətən stabilləşmişdir. Baş vermiş bu hadisə əmək kollektivində ciddi narahatlığa səbəb olmuş və bu cür davranış sanatoriyada işgüzar ab-havaya mənfi təsir göstərmişdir. Şöbə müdiri Hüseynova Şəfəq təqdim etdiyi xidməti bildirişdə kiçik tibb işçisi İddiaçı tərəfindən təhqir olunduğunu və hədələndiyini bəyan etmişdir. Hadisənin şahidləri – tibb bacıları Məmmədova Tamilla, Muradova Gülnarə baş verənləri öz yazılı izahatları təsdiq etmiş, digər şahid - xadimə Nuriyeva Nurxanım isə həyat yoldaşının bu tipli məsələlərdən narahat olduğunu bildirdiyinə görə yazılı izahat verməkdən imtina etmişdir. İddiaçı bundan əvvəl əmək funksiyalarını pozduğuna görə verilmiş töhmət intizam tənbehindən nəticə çıxartmamış və yenidən oxşar neqativ hərəkətə yol vermişdir. Beləliklə İddiaçı intizam tənbehlərinin ləğv olunması, habelə guya heç bir əsas olmadan, qərəzli şəkildə ona intizam tənbehi verilməsi barədə iddia tələbində göstərdiyi halların heç bir hüquqi əsası yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması xahiş olunmuşdur.

Proses iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, həmçinin izahatında təxminən 9 il müddətdir Cavabdeh QSC-nin tabeliyində olan “Şıx” sanatoriyasında işlədiyini, özünün təxminən 2 ay əvvəl ərizə yazaraq könüllü şəkildə işdən çıxdığını, ona qarşı haqsızlıqlar olduğunu, onun barəsində töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət barədə əmrlər verildiyini, ilk töhmətinin xx.xx.2025-ci il tarixində tərtib olunduğunu, özünün xəstəliyinin olduğunu, 22 may 2025-ci il tarixində işdə olarkən təxminən iş saatının bitməsinə yarım saat qalmış iş yerini oğlundan dərman alıb, geri qayıtması üçün tərk etdiyini, iş yerini tərk edərəkən iş yerindən çıxma ilə bağlı vaxt qeyd olunan cədvəldə iş yerini saat 17:00-da tərk etməsi ilə bağlı qeyd yazaraq imza çəkdiyini, bunun ciddi problem olmayacağını düşündüyünü, əvvəlcədən iş yerinə qayıtmaq barədə niyyəti olduğundan bunu önəmsəmədiyini, yolda ona iş yeri əməkdaşlarından zəng gəldiyini, onun harada olmasının soruşulduğunu, cavab olaraq yolda olduğunu dediyini, daha sonra geri qayıtdığını ardınca ondan izahat tələb olunduğunu, izahatı xx.xx.2025-ci il tarixdə təqdim etdiyini, ümumən barəsində qəbul olunmuş hər iki əmrin ona digər əməkdaşların yanında iclasda elan olunduğunu və təqdim edildiyini, lakin xx.xx.2025-ci il tarixli töhmət ona təqdim edildikdən sonra həmin töhmət əmri ilə bağlı məhkəməyə müraciət etmədiyini, xx.xx.2025-ci il tarixli şiddətli töhmətin də tam qanunsuz olaraq tərtib olunduğunu, iclasda vannaların çirkli olması ilə bağlı söylədiyi fikirdən sonra şöbə müdiri Şəfəq xanımda ona qarşı narazılığın yarandığını, iclasdan sonra Şəfəq xanımın otağına getdiyini, onun deyil, Şəfəq xanımın ona səsini yüksəltdiyini, ancaq aralarında hər hansısa təmasın, dalaşığın olmadığını, ordan çıxıb öz işinə davam etdiyini, həmin vaxt orada heç kimin olmadığını, əmrdə qeyd olunan xəsarət alma hallarının və şahidlərin olması ilə bağlı məlumatların yalan və əsassız olduğunu bildirmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, həmçinin izahatında xx.xx.2025-ci il tarixli töhmət əmrinin əsaslı olduğunu, işçinin əmək intizamını pozaraq vaxtında əvvəl iş yerini tərk etdiyini, iddiaçının geri qayıtmaq niyyətində olması ilə bağlı fikirlərinin yalan olduğunu, iddiaçının iş yerinə qayıtmaq barədə fikri olduğu təqdirdə iş yerini tərk etmə vaxtı ilə bağlı cədvələ saat 17:00 qeyd edib imzalamamalı olduğunu, daha sonra yazılı izahat verməsi tələb olunsa da bundan imtina etdiyini, növbəti gün “Şıx” sanatoriyası filialının direktoru Fuad Quliyevə qarşı açıq şəkildə hörmətsizlik etdiyini, qeyd olunan faktları təsdiq edən iş materiallarında yazılı izahatların mövcud olduğunu, xx.xx.2025-ci il tarixli şiddətli töhmət əmrinə münasibətdə isə həmin faktın Cavabdeh QSC-nin rəhbərliyinə xx.xx.2025-ci il tarixdə məlum olduğunu, pozuntu ilə bağlı aktların xx.xx.2025-ci il tarixdə tərtib olunması və sanatoriya rəhbərliyinin məlumatı işəgötürənin də hadisə barədə həmin vaxt məlumatlı olması mənasına gəlmədiyi, əmrdə yalnız Nuriyeva Nurxanımın şifahi məlumat verməsi qeyd olunsa da, Muradova Gülnarə və Məmmədova Tamillanın da hadisənin şahidi olduğunu, Şəfəq xanımın xəsarət alması ilə bağlı iş materiallarına fotoşəkillər əlavə edildiyini, xəsarətlə bağlı başqa sübutlarının olmadığını qeyd etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

6. İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı kiçik tibb işçisi olaraq Cavabdeh QSC-də həftə ərzində 40 saatdan çox olmamaqla saat 09:00-dan 17:00-dək işləyir.

7. İddiaçı xx.xx.2025-ci il tarixli izahatında görünür ki, İddiaçı astma xəstələyinin olduğunu, həmin gün xəstəliyinin ağırlaşdığını, bu səbəbdən dərman almaq məqsədilə sanatoriyanın inzibati ərazisini tam tərk etməyərək, yalnız həyət ərazisindən kənara çıxaraq yaxın məsafəyə dərman alıb geri qayıtdığını bidlrimişdir.

8. X5 xx.xx.2025-ci il tarixli izahatında görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı Fuad Quliyevdən 10 dəqiqəlik qəbuluna keçmək üçün vaxt istəmiş, direktor isə ona hamının qarşısında sözünü deyə biləcəyini ifadə etmişdir. Bundan sonra İddiaçı səs tonunu yüksəldərək bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir.

9. Elnarə Əjdər qızının xx.xx.2025-ci il tarixli izahatında görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı Fuad Quliyevə izahatı təqdim etmək istəyərkən, direktor ona izahatl kadrlar şöbəsinə tqdim etməli olduğunu bidlrimişdir. Bundan sonra İddiaçı səs tonunu yüksəldərək bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir.

10. xx.xx.2025-ci il tarixli daxili intizam qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı işdən çıxış vaxtı 17:00 olduğu halda, rəhbərlikdən və ya müvafiq məsul şəxsdən icazə almadan saat 16:25-də iş yerini tərk etmişdir. İddiaçı çıxışa dair qeydiyyat kitabında 17:00 olaraq göstərmiş və bunu imzalamışdır. Bu isə qeyri-dəqiq və yanıldıcı xarakter daşıyır. X22, Hüseynova Şəfəq, Məmmədova Tamilla tərəfindən imzalanmışdır.

11. İş yerinə gəlib-getmə vaxtına dair cədvəlin surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə iş yerini saat 17:00-da tərk etdiyini qeyd etməklə onu imzalamışdır.

12. Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli, 16-1-29/K-298/2025 nömrəli “İntizam tənbehinin verilməsi barədə” əmrində qeyd olunur ki, Cavabdeh QSC-nin “Şıx” sanatoriyası filialından daxil olmuş sənədlər əsasında aparılmış araşdırma zamanı müyyən olunmuşdur ki, sanatoriyanın tibbi xidmət şöbəsinin kiçik tibb işçisi vəzifəsində çalışan İddiaçı xx.xx.2025-ci il tarixində (Əmək müqaviləsi üzrə işin bitmə saatı 17:00) saaat 16:25 radələrində rəhbərliyi məlumatlandırmadan iş yerini tərk etmişdir. İş yerini saat 16:25 radələrində tərk etməsinə baxmayaraq, işə giriş-çıxış jurnalına 17:00 qeyd etmiş və imza atmışdır. Bu hal aşkarlandıqdan sonra onunla telefon vasitəsilə əlaqə saxlanılaraq geri qayıtması tələb olunmuş, geri qayıtdıqdan sora iş yerini işin butmə saatından əvvəl tərk etməsi ilə bağlı yazılı izahat istənilmişdir. İddiaçı yazılı izahat verməkdən imtina etmişdir və bu hal aktlaşdırılmışdır. Növbəti gün (xx.xx.2025-ci il tarixində) səhər saatlarında İddiaçı “Şıx” Sanatoriyası Filialın direktoru, X11 otağının qarşısında yaxınlaşaraq əlindəki yazılı izahatını qəbul etməyini tələb etmişdir. Filialın direktoru öz növbəsində izahatı insan resursları üzrə mütəxəssis X8 təqdim etməsini bildirmişdir. Bu sözdən sonra adıgedən işçi digər əməkdaşların qarşısında “Şıx” Sanatoriyası Filialın direktoru, X2 yüksəldərək məhkəməyə verəcəyini bildirmişdir. İddiaçı sonradan izahatını insan resursları üzrə mütəxəssis X6 yanına gələrək masasının üstünə atmışdır. İzahatında halının pisləşməsini, dərman alması üçün müəssisəni tərk etməsini, sonradan geri qayıdacağını bildirməsinə baxmayaraq kamera görüntülərindən və jurnalda əvvəlcədən çıxış üçün apardığı qeydə əsasən İddiaçı iş yerini rəhbərliyi məlumatlandırmadan tərk etdiyi təsdiqini tapır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən “Şıx” Sanatoriyası Filialının tibbi xidmət şöbəsinin kiçik tibb işçisi İddiaçı töhmət elan edilməsi əmr edilmişdir. Əsas olaraq Cavabdeh QSC-nin “Şıx” Sanatoriyası-Filialının direktoru X12 xx.xx.2025-ci il tarixli 16-1-29-6/3-86/2025 nömrəli xidməti məruzəsi, xx.xx.2025-ci il tarixli akt, işçilərin izahatları, İddiaçı sonradan təqdim etdiyi izahat, işçilərin işə gəlib-getmə jurnalının xx.xx.2025-ci il tarixinə olan səhifəsinin surəti qeyd olunmuşdur.

13. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixində müalicə işi şöbəsinin şöbə müdiri X7 xidməti yazısına əsasən İddiaçı insan resurları şöbəsinə dəvət edilmiş, ondan xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində baş vermiş hadisə ilə bağlı yazılı izahat tələb olunmuş, lakin İddiaçı izahat verməkdən imtina etmişdir. X22, Salehli Süsən və Məmmədova Tamilla tərəfindən imzalanmışdır.

14. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə xadimə Nuriyeva Nurxanım insan resurları otağına dəvət olunmuş, onun həkim Şəfəq Hesynovaya qarşı kobu davranışına dair gördüyü hallarla bağlı izahat verməsi istənilmiş, lakin Nuriyeva Nurxanım izahat verməkdən imtina etmiş, səbəb olaraq ailə vəziyyəti və həyat yoldaşının bu tip məsələlərə görə narahat olmasını göstərmiş və izahat təqdim edə bilməyəcəyini, onu heç kimin narahat etməməsini xahiş etmişdir.

15. X7 xx.xx.2025-ci il tarixli yazılı izahatında qeyd olunur ki, İddiaçı ona qarşı xx.xx.20285-ci il tarixdə kobud və təhqiramiz ifadələr işlətmiş, xx.xx.2025-ci il tarixdə isə yenidən ona qarşı kobudluq etmiş və qapını sıxaraq onun əlini zədələmişdir.

16. X3 xx.xx.2025-ci il tarixli yazılı izhatında qeyd olunur ki, xx.xx.2025-ci il tarixində hesabat vermək üçün çöbə müdiri Şəfəq Hüseynovanın yanına getmiş, həmin vaxt İddiaçı Şəfəq xanıma yüksək səslə danışb hörmətsizlik edirmiş, Şəfəq xanım otaqdan çıxmaq istəyəndə ona imkan verməmiş və qapını sıxaraq onun əlini zədələmişdir.

17. X9 xx.xx.2025-ci il tarixli yazılı izahatında qeyd olunur ki, Hüseynova Şəfəqə tibbi yardım üçün gəldikdə onun halınının pisləşməsinə və qolunun xəsaət almasına səbəbin İddiaçı olduğunu eşitmişdir.

18. Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli, 16-1-29/K-335/2025 nömrəli “İntizam məsuliyyətinə cəlb edilmə barədə” əmrində qeyd olunur ki, “Şıx” Sanatoriyası Filialının direktoru Fuad Quliyevin xx.xx.2025-ci il tarixli, Cavabdeh QSC-nin rəhbərliyinə ünvanladığı xidməti məruzəsindən aydın olur ki, xx.xx.2025-ci il tarixində-saat 16:00-da və xx.xx.2025-ci il tarixində səhər saat 09:45 radələrində sanatoriyanın kiçik tibb işçisi İddiaçı, şöbə müdiri Flüseynova Şəfəqə qarşı subordinasiya (tabeçilik) qaydalarını pozaraq qapını döymədən onun otağına daxil olmuşdur və həkimə qarşı səbəbsiz səs tonunu ucaltmışdır. Bu hərəkətləri gördükdən sonra Hüseynova Şəfəq otağı tərk etmək istədikdə, İddiaçı qapını zərblə itələməsi nəticəsində Hüseynova Şəfəqin sağ said (bilək) və mil-milək oynağı zədələnmişdir. Baş vermiş bu hadisə əmək kollektivində ciddi narahatlığa səbəb olmuş və iş mühitinə mənfi təsir göstərmişdir. Oxşar halların əvvəllər də təkrarlandığını nəzərə alaraq, bu cür davranış sanatoriyada işgüzar ab-havaya mənfi təsir göstərmişdir. Şöbə müdiri Hüseynova Şəfəq təqdim etdiyi xidməti bildirişdə kiçik tibb işçisi İddiaçı tərəfindən təhqir olunduğunu və hədələndiyini bəyan etmişdir. Hadisənin təsadüfi şahidi olan kiçik tibb bacısı X10 bu barədə şifahi məlumat vermişdir. Bu fakt Hüseynova Şəfəqin təqdim etdiyi izahat məktubunda da öz əksini tapmış və təsdiq olunmuşdur. Kiçik tibb işçisi İddiaçı bundan əvvəl əmək funksiyalarını pozduğuna görə 11 iyun 2025-ci il tarixli əmrlə töhmət verilmişdir. Lakin, görünən odur ki, tətbiq edilmiş intizam tənbehi onun davranışında müsbət dəyişiklik yaratmamış və o, yenidən oxşar neqativ hərəkətə yol vermişdir. Bu səbəbdən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin “Şıx” Sanatoriyası- Filialının kiçik tibb bacısı İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi; “Şıx” Sanatoriyası Filialının direktoru X17 işçinin bu əmrlə tanış olmasını təmin etsin. Əmrin çıxarışı İddiaçı şəxsi işinə əlavə edilməsi; İddiaçı nəzərinə çatdırılsın ki, bir daha belə neqativ hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tədbirləri görülməsi əmr edilmişdir. Əsas olaraq xidməti araşdırma ilə bağlı izahatlar və digər sənədlər qeyd olunmuşdur.

19. İddiaçı xx.xx.2025-ci il tarixində əmrlə tanış olaraq, əmrdə qeyd olunanlarla razı olmadığını bildirmişdir.

20. İddiaçı Azərbaycan HİK sədri Sahib Məmmədova xx.xx.2025-ci il tarixli şikayət ərizəsindən görünür ki, 11 iyun 2025-ci il tarixli mənə töhmət verilməsi barədə əmr, həmçinin 08 iyul 2025- ci il tarixli, 16-1-29/K-335/2025 saylı əmrin tam ləğv edilməsinə dair hüquqi qərar verilməsi; Barəsində yalan və böhtan xarakterli materiallar hazırlayıb təqdim edən direktor Fuad Quliyevin inzibati məsuliyyətə cəlb olunmasının təmin olunması; Sanatoriyada istifadə olunan suyun mənşəyi və sanitar təhlükəsizlik standartların təcili və müstəqil ekspertiza ilə yoxlanılması; Onun səhhətinə və əmək hüquqlarıma vurulan ziyanın kompensasiya olunmasının təmin edilməsi; Vəzifə səlahiyyətlərini aşan, işçini şərləyən və təhlükəli vəziyyəti gizlədən rəhbər şəxslərin fəaliyyətinə qiymət verilməsi barədə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.

21. İddiaçı Səbail rayon prokurorluğuna xx.xx.2025-ci il tarixli müraciət məktubundan görünür ki, "xxxx" QSC və "Şıx" sanatoriyasının rəhbərliyi tərəfindən ona qarşı vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə, hüquqlarımın pozulması və sağlamlığıma zərər yetirilməsi ilə bağlı geniş araşdırma aparılmasını, töhmət əmrinə hüquqi qiymət verilməsini və sağlamlığına dəyən zərərin müəyyən olunaraq hüquqi tədbirlərin görülməsini xahiş etmişdir.

22. 027 nömrəli ambulator kitabça çıxarışından görünür ki, İddiaçı xx.xx.2025xx.xx.2025-ci illər aralığında qarışıq astma, piylənmə, essensial hipertenziya xəstəliklərindən Bakı Elmi-tədqiqat X1 ambulator müalicə olunmuşdur.

23. 257383 nömrəli ambulator kitabça çıxarışından görünür ki, İddiaçı qarışıq astma xəstəliyindən əziyyət çəkir. Ambulator kitabça çıxarışı Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuşdur.

24. 22.08.2025-ci il tarixli, MŞB/2-0729/25 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh QSC-yə xx.xx.2025-ci il tarixində mediasiya üçün ərizə göndərilmiş, Cavabdeh QSC-nin mediasiya sessiyasında iştirak etməməsi səbəbilə mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

25. 10-cu maddəsinin “b” bəndinə əsasən, əmək intizamına və daxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir.

26. 11-ci maddəsinin “d” bəndinə əsasən, işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işəgötürənin əsas hüquqlarından biridir.

27. 186-ci maddəsinə (1-ci hissə) əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

28. 186-ci maddəsinə (2-ci hissə) əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək ... .

29. 186-cü maddəsinə (3-cü hissə) əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

30. 186-cü maddəsinə (4-cü hissə) əsasən, işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

31. 187-ci maddəsinə (1-ci hissə) əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

32. 187-ci maddəsinə (2-ci hissə) əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.

33. 190-cı maddəsinə (3-cü hissə) əsasən, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

34. 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

35. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

Məhkəmənin mövqeyi:

40. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

41. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı işçi, Cavabdeh QSC isə işəgötürəndir və işəgötürən tərəfindən işçi barəsində xx.xx.2025-ci il tarixli “töhmət verilməsi” barədə əmr və xx.xx.2025-ci il tarixli “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi” barədə əmr qəbul edilmişdir.

42. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh QSC tərəfindən barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli töhmət verilməsi və xx.xx.2025ci il tarixli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrlərin cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq qəbuld edildiyini, bu səbəbdən onların ləğv edilməli olduğunu, həmin intizam tənbehlərinin şəxsi işindən çıxarılmasını, intizam tənbehlərinin kollektivin iştirakı ilə elan olunmasının qanunsuz hesab edilməsi və məhkəmə xərclərinin Cavabdeh QSC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə isə yazılı etirazında və izahatında İddiaçı tərəfindən intizam qaydalarının pozulduğunu, bu səbəbdən barəsində qəbul olunmuş həm töhmət, həm də sonuncu xəbərdarlıqla şiddətli töhmət əmrlərinin qanunvericiliyin tələblərinə uyğun olduğunu, ona görə iddia tələbinin əsaslı olmadığını qeyd etmişdir.

43. İddiaçı tərəfindən iki fərqli əmr mübahisələndirildiyindən məhkəmə hər bir əmrin əsaslılığı və qanuniliyinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir.

44. Məhkəmə əvvəlcə xx.xx.2025-ci il tarixli “töhmət verilməsi” barədə əmrlə bağlı qeyd edir ki, sözügedən əmr iddiaçının xx.xx.2025-ci il tarixində iş yerini vaxtından əvvəl tərk etməsi halı ilə bağlı qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı iş yerini vaxtıdnan əvvəl tərk etməsi faktı müəyyən edilmişdir. Həmçinin İddiaçı özü də xx.xx.2025-ci il tarixdə iş yerini vaxtından əvvəl tərk etdiyini öz ərizəsində və izahatında etiraf etmişdir. Belə ki, o, iş yerini bir neçə dəqiqəlik tərk etdiyini, özünü pis hiss etdiyi üçün oğlundan dərman almağa getdiyini və qayıtmaq niyyətində olduğunu bildirmişdir. Məhkəmə iddiaçının iş yerinə geri qayıtmaq niyyəti ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında iddiaçının iş yerini tərk edərkən imzaladığı sənədin surəti mövcuddur. Həmin cədvəldə iddiaçının adının qarşısında onun iş yerini 17:00 da, yəni əmək müqaviləsində qeyd olunan saatda tərk etməsini göstərən qeyd və iddiaçının imzası mövcuddur. İddiaçı özü də izahatında həmin saatın və imzanın onun tərəfindən icra edildiyini, ancaq iş yerini saat 17:00-da deyil, daha tez tərk edərkən qeyd etdiyini etiraf etmişdir. Habelə həmin müəssisənin işçiləri Əzizə Rəcəbova və Elnarə Qardaşxanovanın xx.xx.2025-ci il tarixli yazılı izahatları ilə də qeyd olunan fakt təsdiq edilmişdir. Qeyd olunan sübutlar, həmçinin iddiaçının iş yerini tərk edərkən hər hansı məsul şəxsə bu barədə xəbər verməməsi iddiaçının iş yerini müvəqqəti, yəni geri qayıtmaq üçün bir neçə dəqiqlik tərk etməsi ilə bağlı dəlillərinin əsassız olduğunu təsdiq edir. Mövcud qanunvericiliyə əsasən isə tələbi sübuta yeirmək hər bir tərəfin özünün öhdəliyidir. Habelə qeyd olunmaldır ki, xx.xx.2025-ci il tarixli əmr qanunvericiliklə məüyyən edilmiş bir aylıq müddət ərzində qəbul edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, İddiaçı töhmət verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixində qəbul edilən əmr qanunvericiliyin tələblərinə uyğundur və onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Bu səbəbədən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2025-ci il tarixli töhmət əmrinin ləğv edilməsi hissəsində əsassız olduğundan, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

45. Məhkəmə xx.xx.2025-ci il tarixli “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi” əmrinə münasibətdə qeyd edir ki, əmək qanunvericiliyinin imperativ tələbləri pozulmuşdur. Əvvəla, əmrdə işçi (iddiaçı) tərəfindən törədilən pozuntu hallarının xx.xx.2025-xx.xx.2025ci il tarixlərində baş verməsi qeyd olunmuş, qeyd edilən hal xx.xx.2025-ci il tarixində “Şıx” Sanatoriyasının İnsan resursları şöbəsi tərəfindən aktlaşdırılmış və elə xx.xx.2025-ci il tarixində iddiaçıdan və işçi Nuriyeva Nurxanımdan izahat verməsi istənilmiş, lakin onlar izahat verməkdən imtina etmiş və bu da həmin gün aktlaşdırılmışdır. Həmçinin aktda qeyd olunur ki, xx.xx.2025-ci il tarixində müalicə işi şöbəsinin şöbə müdiri Şəfəq Hüseynovanın xidməti yazısına əsasən İddiaçı insan resursları şöbəsinə dəvət olunmuşdur. İddia edilən pozuntu halının xx.xx.2025-ci il tarixində aktlaşdırılmasına və iddiaçıdan, habelə digər işçidən pozuntu ilə əlaqədar izahatın xx.xx.2025-ci il tarixində tələb edilməsinə baxmayaraq, iddiaçı barəsində intizam tənbehi pozuntunun aşkar olunduğu gündən 1 aydan artıq müddət keçdikdən sonra – xx.xx.2025-ci il tarixdə tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbinə əsasən, intizam tənbehi işçi tərəfindən əmək intizamının pozulduğunun aşkar edilməsi tarixindən bir ay ərzində verilməldir. Göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin qeyd edilən imperativ tələbi pozulmuşdur.

46. Digər tərəfdən, ümumiyyətlə, əmrin məzmunu və pozuntu halı ilə bağlı məsələ məhkəmə tərəfindən mübahisəli hesab edilir. Belə ki, əmrin təsviri hissəsində İddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində şöbə müdiri Şəfəq Hüeynovaya qarşı subordinasiya qaydalarını pozması, ona hədə-qorxu gəlməsi, Şəfəq Hüseynovanın sağ said və mil-milək oynağını zədələməsi qeyd olunmuşdur. Habelə əmrin təsviri hissəsində qeyd olunan pozuntu hallarına X10 tərəfindən təsadüfi şahidlik edildiyi, onun bu barədə şifahi məlumat verdiyi qeyd olunmuşdur.

47. Əvvəla əmrdə qeyd edilən “İddiaçı qapını zərblə itələməsi nəticəsində Hüseynova Şəfəqin sağ said (bilək) və mil-milək oynağının zədələnməsi” halının baş verdiyi (törədildiyi) iddiaçı tərəfindən etiraf edilmir və iddiaçı ümumiyyətlə belə bir halın baş vermədiyini bildirir. Əmri qəbul etmiş cavabdeh qurum isə əmrdə qeyd olunan halı təsdiq edən mümkün və mötəbər sübutlar təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş foto-şəkillərlə bağlı qeyd olunmaldır ki, foto-şəkillərin hansı zamanda, hansı şəraitdə çəkilməsini, həmin hadisə ilə əlaqəsini və onun iddiaçı tərəfindən törədildiyini müəyyən etmək mümkün deyildir. Həmçinin həmin foto-şəkil bədən xəsarətinin alınmasının sübuta yetirən mümkün və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır

48. Əmrin əsası hissəsində ümumi bir cümlə - “xidməti araşdırma ilə bağlı izahatlar və digər sənədlər” qeyd edilib, izahat və sənədlərlə bağlı isə hər hansı açıqlama verilməmiş və sənədlər əlavə edilməmişdir. Əmrin mətnində də pozuntu faktının təsdiqi ilə bağlı sadəcə “hadisənin təsadüfi şahidi olan kiçik tibb bacısı X4 şifahi məlumat verməsi” qeyd edilib. Halbuki, xx.xx.2025-ci il tarixli aktda qeyd olunur ki, xx.xx.2025-ci il tarixdə xadimə Nuriyeva Nurxanım insan resurları otağına dəvət olunmuş, onun həkim Şəfəq Hüseynovaya qarşı kobu davranışına dair gördüyü hallarla bağlı izahat verməsi istənilmiş, lakin Nuriyeva Nurxanım izahat verməkdən imtina etmiş, səbəb olaraq ailə vəziyyəti və həyat yoldaşının bu tip məsələlərə görə narahat olmasını göstərmiş və izahat təqdim edə bilməyəcəyini, onu heç kimin narahat etməməsini xahiş etmişdir.

49. Digər tərəfdən cavabdeh tərəfindən sonradan məhkəməyə daha başqa iki işçinin (Tamilla Məmmədova və Gülnarə Muradova) hadisənin şahidi olması ilə bağlı xx.xx.2025ci il tarixli yazılı izahatı təqdim edilmişdir. Halbuki, başqa şahidlər olduğu və onlar tərəfindən yazılı izahat verildiyi halda cavabdeh tərəfindən əmrdə onların adı əvəzinə sadəcə “hadisənin təsadüfi şahid olan bir şəxsin şifahi məlumatı”na istinad etməsi və əmrin əsasında onlara istinad etməməsi inandırıcı deyil. Ona görə məhkəmə cavabdeh tərəfindən sübut kimi təqdim edilmiş Tamilla Məmmədovanın və Gülnarə Muradovanın yazılı izahatlarının pozuntu halının baş verməsini təsdiq edən şübhədənkənar və təkzibedilməz sübut meyarına uyğun olmadığını hesab edir.

50. Habelə, işəgötürən tərəfindən daha ağır intizam tənbehinin verilməsinin zəruriliyi əsaslandırılmayıb. Belə ki, əmrdə “oxşar halların əvvəllər də təkrarlandığı və daha əvvəl oxşar neqativ hərəkətə görə töhmət verildiyi” qeyd edilsə də, iddiaçı tərəfindən oxşar halların daha əvvəlllər də törədildiyini təsdiq edən heç bir sübut təqdim edilməyib. Əmrdə istinad edilən xx.xx.2025-ci il tarixli töhmət əmri isə iddiaçının oxşar əməlinə görə deyil, işdən yarım saat tez getdiyinə görə verilmişdir.

51. Beləliklə, qeyd olunan səbəblərdən məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli əmrlə iddiaçı barəsində “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi əsaslı tətbiq edilməmişdir. Ona görə də, iddia tələbi xx.xx.2025-ci il tarixli sonuncu xəbərdarlıqla şiddətli töhmət əmrinin ləğv edilməsi hissəsində əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir.

52. Məhkəmə intizam tənbehlərinin şəxsi işdən çıxarılması və intizam tənbehlərinin kollektivin iştirakı ilə elan olunmasının qanunsuz hesab edilməsi tələbləri ilə bağlı qeyd edir ki, əvvəla iddia tələbi xx.xx.2025-ci il tarixli töhmət əmrinin ləğv edilməsi hissəsində təmin edilmədiyindən, həmin əmrə münasibətdə digər tələblər də təmin edilə bilməz. Məhkəmə tərəfindən ləğv edilən xx.xx.2025-ci il tarixli əmrdə isə, “Şıx” Sanatoriyası Filialının direktoru X11 işçinin bu əmrlə tanış olmasını təmin etməsi; əmrin çıxarışının İddiaçı şəxsi işinə əlavə edilməsi öz əksini tapmışdır. Həmin əmr qanunsuz sayılıb ləğv edilməklə qeyd edilən tədbirlər də artıq öz hüquqi qüvvəsini itirmiş olduğundan, həmin tələblər təmin edilməməlidir.

53. Məhkəmə həmçinin ödənilməmiş dövlət rüsumu ilə bağlı qeyd edir ki, “Dövlət rüsmu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırkı mülki iş əmək fəaliyyəti ilə əlaqədar olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddia tələbi rədd edilmədiyindən məhkəməyə iddia ərizəsinin təqdim olunmasına görə ödənilməmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

54. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16-1-29/K-335/2025 nömrəli “İntizam məsuliyyətinə cəlb edilmə” barədə əmri ləğv edilməli və iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16-1-29/K-335/2025 nömrəli “İntizam məsuliyyətinə cəlb edilmə” barədə əmr ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi görə ödənilməmiş 100 (bir yüz) manat dövlət rüsumunun məbləği Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar