Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3860/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti olmaqla Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, 2019-cu ilin may ayından Cavabdeh MMC-də aşpaz vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müqavilə ilk olaraq 1 illik bağlanmış, lakin müddəti uzadılmışdır. Sonradan müəssisəsinin bağlandığı bildirilmiş və həmin tarixdən işə çıxmamış və əmək haqqı almamışdır. Ona görə də o, hesab etmişdir ki, əmək müqaviləsinə artıq xitam verilmişdir. Hazırda başqa müəssisədə işə düzəlmək istədikdə məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməmişdir. Bu səbəbdən də nə yeni işə düzələ bilir, nə də işsiz kimi qeydiyyata alınır. Yaranmış problemlə bağlı ƏƏSMN yanında X1 Xidmətinə müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, Cavabdeh MMC-yə rəsmi məktub göndərilmiş, lakin məktuba cavab verilməmişdir. İşəgötürən müəssisənin direktoru İraq vətəndaşı olmuşdur. Ona rəsmi qaydada əmək haqqı verilməmişdir, yalnız qeyri-rəsmi formada əlbəəl almışdır. Müəssisənin direktoru uzun müddət öncə çıxıb getmiş və müəssisə öz fəaliyyətini dayandırmışdır. Bu səbəbdən də elektron sistemdə adı qalmaqdadır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Kommersiya qurumlarının dövlət reyestrndən (elektron) çıxarışdan görünür ki, AL RAND” MMC hüquqi ünvanı ünvan 1 - Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Başçısının İ müavininin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC ünvan 3 ünvanında faktiki olaraq fəaliyyət göstərmir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-38-33/2-4690/23 saylı məktubdan görünür ki, İraq vətəndaşı xx.xx.1967-ci il təvəllüdlü X2 Hamzah Habeeb sonuncu dəfə xx.xx.2019-cu il tarixdə ölkədən çıxmış və geri qayıtmamışdır. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-də aşpaz vəzifəsində işə başlamışdır. Müddətli müqavilə xx.xx.2020-ci il tarixədək nəzərdə tutulmuşdur. Aylıq əmək haqqı 250 manat müəyyən edilmişdir. Bildirişdən çıxarış xx.xx.2023-cü il tarixdə edilmişdir və həmin tarixdə əmək müqaviləsinin qüvvədə olduğu görsənir. - Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin xx.xx.2023-cü il tarixli 317-5/2-Ə-35711/2023 nömrəli məktubundan aydın olur ki, İddiaçı müraciətinə əsasən Cavabdeh MMC-yə rəsmi məktub göndərilmiş, lakin cavab alınmamışdır. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - 11 oktyabr 2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh MMC xx.xx.2023-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasia sessiyası üçün mediasiya xərcini ödəmişdir. (Mediator: M.Ə.Əhməd). Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.6-cı maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə-Əmək Məcəlləsi) 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək münasibətləri sahəsində işçinin əsas hüquqlarındandır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilə bilər. Göründüyü kimi, iddianın qaldırılmasına səbəb şirkətin fəaliyyətinin dayandırılmasına baxmayaraq onunla olan əmək müqaviləsinə xitam verilməməsi, bununla da iddiaçının başqa yerdə işə qəbul oluna bilməməsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə hesab edir ki, hazırda işəgötürən öz fəaliyyətini dayandırdığından, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməklə, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə yerləşdirilməsi hüququ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-3860/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3860/2023
22.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver