Məhkəmə qərarları › İş №2(003)-3874/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-3874/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3874/2021 21.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı“pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, dostu Cavabdeh 10 noyabr 2010-cu il tarixdə biznes məqsədilə evində 700000,0 (yeddi yüz min) manat məbləğində pul vəsaitini borc verib. Həmin pul vəsaiti cavabdeh bir il ərzində qaytaracağını bildirmişdir. Bir ildən sonra Cavabdeh tapa bilmədi. 25.02.2015-ci il tarixdə cavabdehlə görüşdülər və həmin tarixdə cavabdeh ondan borc aldığı pul vəsaitinin qaytarılması barədə yazılı qəbz yazaraq, imza edərək ona təqdim etmişdir. Həmin qəbzin tərtib edilməsində iddiaçı, onun arvadı X4, oğlu X5 və vəkili olmuş X1 iştirak etmişik və qəbzi imza edərək təsdiq etmişdirlər. Həmin qəbzdə cavabdeh 400000,0 (dörd yüz min) manatı 10 mart 2015-ci il tarixdə, yerdə qalan 300000 (üç yüz min) manatı isə 10 aprel 2010-cu il tarixdə qaytaracağını öhdəsinə götürmüşdür. Bununla əlaqədar ona yazılı qəbz yazaraq təqdim etmişdir. Lakin bundan sonra cavabdehi tapa bilməmişdi. Təxmini dörd ildir ki, cavabdeh Türkiyə Respubliksında iddiaçıya məlum olmayan şəhərdə yaşayır. Cavabdeh dəfələrlə onun mobil telefonuma zəng etmiş və bildirmişdir ki, Bakı şəhərinə gələcək və borcu qaytaracaqdır. Bu günə kimi cavabdeh borcunu qaytarmamışdır. İddiaçı aldatma və etibarından sui-istifadə halına görə Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin idarədən onun ünvanına göndərilən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh onun xeyrinə 700000,0 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə əlaqəsi saxlayır, cavabdeh isə hər dəfə onunla danışanda pulunu geri qaytaracağına söz verir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında bildirdi ki, o, iddiaçının arvadıdır. Cavabdeh onlara gəldi 200000 manat pul aldı daha sonra isə bankdan 200000,0 manat pul çıxarıb ona verdilər, bundan sonra əlavə olaraq 300.000,0 manat pul vəsaitidə İddiaçı tərəfinfən cavabdehə verilmişdir. İddiaçının nümayəndəsi və vəkili cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş, məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, iddiaçının izahatını və şahidin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevin iddiaçıya ünvanladığı məktubdab görünür ki, iddiaçı Cavabdeh tərəfindən pulununun ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı ərizəsində göstərilən məsələnin mülki xarakterli olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxıldığını və həlli polis orqanlarının səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən borcunun olmasını təstiq edən qəbzin sürətindən görünür ki, cavabdeh borc aldığı məbləğin 400000,0 manatını 10.03.2015-ci il tarixədək, 300000,0 manatını isə 10.04.2015-ci il tarixədək qaytaracağını bildirib və öz imzası ilə qəbzi təsdiqləyib. İş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 30,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 700000,0 manat məbləğində pul vəsaiti də almış, lakin həmin məbləği də iddiaçıya qaytarmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilən Məcəllənin 1093-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh 700000,0 manat məbləğində pul vəsaitini hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan iddiaçıdan aldığından, bununla da cavabdeh əsassız varlandığından, iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi bu hissədə təmin edilərək, göstərilən məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 238-253 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 700000,0 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar