Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3886/2021 26.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Cavabdehnun iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun bərpası və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1-1663A saylı sahədə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikililərin sökülməsi və mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, 04 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1-1663A saylı sahədə yerləşən torpaq sahəsini cavabdehdən almışdır. Həmin torpaq sahəsi onun tərəfindən rəsmiləşdirilmiş və ********** saylı qeydiyyat nömrəsi və 05.08.2021-ci il tarixdə qeydiyyata alınaraq çıxarış alınmışdır. Hazırda həmin torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindədir və cavabdeh orada özbaşına tikili tikərək mülkiyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1-1663A saylı sahədə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikililərin sökülməsi və mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1-1663A saylı sahədə yerləşən torpaq sahəsi onun mülkiyyətində olmuşdur. Onun iddiaçıya borcu olmuş, borcun qarşılığında həmin torpaq sahəsini formal olaraq iddiaçıya satmışdır. Lakin torpaq onundur. O, hazırda həmin torpaq sahəsində yaşayır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 04.12.2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1-1663A saylı sahədə yerləşən 0.02 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən 05.08.2021ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1- 1663A saylı sahədə yerləşən 0.02 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, cavabdehin, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə iddiaçının torpaq sahəsindən istifadəsinə maneə yaradır. Bununla da iddiaçı öz torpaq sahəsindən sərbəst istifadə imkanından məhrum olmuşdur. Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçı ilə arasında bağlanmış alqı-satqı müqaviləsinin formal xarakter daşıdığını, torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də, öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qanuni mülkiyyətindədir, həmin torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdeh torpaq sahəsindən çıxarılmalıdır. İddia tələbinin torpaq sahəsində yerləşən tikilinin sökülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tikilinin mövcud olması və cavabdeh tərəfindən inşa olunması məhkəmə araşdırılması zamanı müəyyən olunmamış, iddiaçı həmin hissədə öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyindən, rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 93-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1-1663A saylı sahədə yerləşən 0.02 ha torpaq sahəsindən çıxarılaraq, torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1-1663A saylı sahədə yerləşən 0.02 ha torpaq sahəsinindən çıxarılaraq, həmin torpaq sahəsi İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3886/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3886/2021
26.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver