Məhkəmə qərarları › İş №2(003)-3919/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3919/2022

15.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3919/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh ** saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh ** saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 414-K Nli əmrinin ləğv edilməsi, onun ** nömrəli Birləşmiş şəhər xəstəxanasının X1 tibb bacısı vəzifəsinə işə bərpa edilməyi və məcburi buraxılmış iş günlərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2004-cü ildən ** saylı Birləşmiş Şəhər Xəstəxanasının X1 tibb bacısı vəzifəsində çalışır. O, 17 ilə yaxın müddətdə xidməti sahəsində qüsursuz işləmişdir. Lakin, cavabdeh ** saylı Birləşmiş Şəhər Xəstəxanası 21 avqust 2021-ci il tarixli 414-K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam vermişdir. Hesab edir ki, həmin əmr əmək qanunvericiliyinə zidd verilmişdir, odur ki, xx.xx.2021-ci il tarixli, 414-K nömrəli əmr ləğv edilməlidir. Həmin əmr iddiaçıya xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən mediasiyaya müraciət olunmuşdur. Mediasiya prosesi xx.xx.2022-ci il tarixdə tamamlanmışdır. Belə ki, ilk növbədə qeyd etmək istəyir ki, ** saylı Birləşmiş Şəhər Xəstəxanası əmri onunla əsaslandırmışdır ki, guya İddiaçı əmək fəaliyyəti zamanı kobud səhvlərə yol vermiş, hüquq pozuntuları törədərək işə götürənin və müəssisənin mənafeyinə ciddi xələl gətirmişdir. Lakin, verilmiş əmrdə İddiaçı konkret olaraq hansı əmək funksiyasını və əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirməməsi göstərilməmiş və əgər əmrdə göstərildiyi kimi əmək fəaliyyəti zamanı kobud səhflərə yol veribsə, hüquq pozuntuları törədibsə bu pozuntuların nədən ibarət olması qeyd olunmamışdır. Bildirir ki, İddiaçı heç vaxt hüquq pozuntularına yol verməmişdir əmrdə göstərilənlər həqiqətə uyğun deyildir. O, vəzifəsinin icrası zamanı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini daima tam yerinə yetirmiş, onun hərəkətlərində nəinki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad edilmə ilə bağlı, ümumiyyətlə heç bir hüquq pozuntusu yoxdur, cavabdeh təşkilat ona qarşı qanunsuz hərəkət edib, ona münasibətdə əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh İcbari ** saylı Birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan X2 Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər Baş Səhiyyə İdarəsi ** nömrəli Birləşmiş Şəhər Xəstəxanası 414-K saylı xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, həmin xəstəxananın Konsultativ poliklinika şöbəsinin tibb bacısı İddiaçı ilə bağlanmış xxxxxxx000301 nömrəli əmək müqaviləsinə sözügedən əmr əsasında xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə və 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının sürətindən görünür ki, İddiaçı Bakı şəhər Baş Səhiyyə İdarəsi ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasında xx.xx.2004-cü il tarixli 38 saylı əmrlə EKQ otağına tibb bacısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2021-ci itarixli 414 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə və 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə mediasiya sessiyasında iştirak etsə də, ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi mediasiya sessiyasında iştirak etmədiyindən, mediasiya sessiyasının davam etdirilməsi barədə qərar qəbul edilməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi, “a” bəndi). Əmək münasibətləri üzrə tərəflərdən biri qismində işəgötürən çıxış edir və İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları ƏM-nin 70-ci maddəsində nəzərdə tutulur. ƏM-nin 70-ci maddəsinin “ç” bəndi özündə 3 əsası ehtiva edir: a) İşçi özünün əmək funksiyasını yerinə yetirmədikdə; b) İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə; c) ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. ƏM-nin 71-ci maddəsinin 3-cü hissəsi işəgötürənin üzərinə vəzifə qoyur ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsini ləğv edərkən hansı əsasla ləğv etdiyini, hansı əmək vəzifələrinin pozulduğunu konkret göstərməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71, bənd 2, 3). İşçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, bənd “a”, “e”, “ə”). ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qanunun qeyd olunan maddəsindən göründüyü kimi, iddiaçı həmkarlar ittifaqının üzvü olduğuna görə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilən zaman müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. Bundan əlavə işəgötürən, iddiaçının əmək funksiyasını yerinə yetirməməsini, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasını məhkəmədə sübut edə bilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilən zamanı cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş imperativ normaların tələbləri pozulmuşdur. Əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84-cü maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84, hissə 1, 2). Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən,əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərindən göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin mülki işin məhkəmə baxışı zamanı buna dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yəni hazırkı mülki iş üzrə İddiaçı işdən azad edərkən əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə və bu Məcəllədə nəzərdə tutulmuş işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından hər hansı birinə, qanunla müəyyən edilmiş işçi işəgötürənin təşəbbüsü ilə işdən azad edilərkən nəzərə alınmalı olan hallara, qanunla müəyyən edilmiş qaydada həmkarlar təşkilatının razılığının alınmasına istinad edilməmişdir. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarmaqda haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin ediməli, cavabdeh İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər Baş Səhiyyə İdarəsi ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 414-K saylı xx.xx.2021-ci il tarixli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının X1 tibb bacısı vəzifəsinə bərpa edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər Baş Səhiyyə İdarəsi ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 414-K saylı xx.xx.2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının X1 tibb bacısı vəzifəsinə bərpa edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar